Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Deputat: Bu uşaqlardan nə hərbçi, nə əsgər çıxacaq
Düşünürəm ki, orta təhsil sistemi bir qədər sadələşdirilməlidir. Şagirdi bu qədər yükləmək olmaz. Bir gün gedib orta məktəblərin qarşısında duraq və oradan çıxan uşaqların vəziyyətinə tamaşa edək. O uşaqlardan gələcəkdə nə hərbçi, nə əsgər, nə də digər hüquq-mühafizə orqanlarına adam seçib götürmək çətin olacaq.
Oxu.Az xəbər verir ki, bunu YAP-çı deputat Siyavuş Novruzov parlamentdə “Ümumi təhsil haqqında” qanun layihəsinin birinci oxunuşunun müzakirəsində deyib.
Onun sözlərinə görə, vaxtilə idmana, əyləncəyə və təhsilə vaxt ayrılırdı:
“Uşaq hərtərəfli inkişaf edirdi. Az qala, Cənubi Koreyanı keçmişik. Uşaq səhər saat 08:00-dan axşam saat 10:00-a qədər ancaq təhsil almaqla məşğuldur. Cənubi Koreyada bu 12-13 saat çəkir. Düşünürəm ki, burada hansısa sadələşdirmə üsulu tətbiq etməliyik.
Valideynlər repetitorlar tutur. Elə valideyn var ki, bu gün nəinki repetitor tutur, hətta “çantadaşıyan” da tutur.
Çantaların çəkisi 12 kiloqrama çatır. 2-5-ci siniflərdə oxuyan uşaqlar onu özləri apara bilmirlər. Bununla bağlı hansısa qərar qəbul etmək lazımdır. Həmişə bu məsələ ciddi şəkildə müzakirə olunur.
Dərsliklərlə bağlı elan vermək lazımdır ki, kim dərslik yaza bilər və kimlər orada ola bilər?
Həmçinin yeni məktəblərin tikilməsinin tərəfdarıyam. Amma bu məktəblər harada tikilməlidir? Elə rayonlar var ki, 153 məktəbi var. Onun 50-də üç uşaq oxuyur. Ancaq həmin məktəblərin direktoru, müəllimləri və digər texniki işçiləri var.
Bunun dünyada tətbiq forması var. Beş kəndin uşaqlarını yığıb avtobusla mərkəzə gətirmək olar. İndi biz ABŞ-dan o tərəfə keçməyəcəyik ki? İnkişaf etmiş dövlətlərdə də bu var. Belə etsək, nə qədər vəsaitə qənaət etmiş olarıq”.
Deputat Qüdrət Həsənquliyev də repetitor məsələsinin problemə çevrilməsinə və məsələnin qanunla tənzimlənməsinin vacibliyinə toxunub:
“Bu məsələ neçə illərdir ki, aktualdır. Gedib orta məktəbdə sorğu keçirsən, bəlkə, iki-üç uşağın repetitor yanına getmədiyini görəcəksiniz. Ona görə də məsələni sözügedən qanunla tənzimləməyə ehtiyac var.
Həmçinin qeyd edim ki, Dünya Bankının bu yaxınlarda açıqladığı hesabata görə, Azərbaycan region ölkələrinə nisbətən alimlərin və ümumi təhsil müəssislərinin sayına görə geridə qalır. Bu hesabatdan yola çıxaraq “Ümumi təhsil haqqında” qanuna bir sıra ciddi məsələləri salmalıyıq. Həmçinin ikinövbəli tədrisi də ləğv etməliyik. Bu, dünyada çoxdan ləğv edilib”.
Millət vəkili İlham Əliyev təhsil haqlarının çoxluğundan şikayətlənib və bildirib ki, bu məsələ ətrafında söz-söhbətlərə, narazılıqlara son qoyulmalıdır.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Koreyalı nazir: "İqlim dəyişikliyinin fəsadlarından ən çox gənclər zərər görəcəklər"
- Kim Çen In orduya tam döyüş hazırlığında olmağı tapşırıb
- ABŞ-də seçki ərəfəsində KXDR hərbi gücünü göstərir: Bir həftədə ikinci dəfə raket sınaqları keçirdi
- Şimali Koreya ABŞ-də seçki günü nüvə raketini sınaqdan keçirə bilər
- Cənubi Koreya kəşfiyyatı: "Kim Çen Ina sui-qəsd təşkil edilə bilər"
Rəylər