Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dəmir barmaqlıqlar arxasından: Cənubi Koreya prezidenti təcridxanadakı həyatı haqqında məktub yazdı
Koreya Respublikasının həbsdə olan prezidenti Yun Sok Yol həbsxanadan məktub yazıb.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, məktubun məzmununu vəkil Yun Qap Qın açıqlayıb.
Onun sözlərinə görə, məktub həbsxanadan vəkillər vasitəsilə göndərilib.
"Həbsxanada bəzi kiçik narahatlıqlar olsa da, ümumilikdə hər şey qaydasındadır", - deyə Yun Sok Yol bildirib.
O, milli bayramlar münasibətilə həmvətənlərinə keçmiş müraciətlərini yenidən oxuyaraq özünü ələ aldığını və dövlət işlərini necə apardığını retrospektiv şəkildə qiymətləndirdiyini izah edib.
Yun Sok Yol ölkəni dəstəkləmək üçün "soyuq küçələrə çıxan insanların qızğın vətənpərvərliyinə görə" təşəkkür edib.
Bundan əvvəl bildirilmişdi ki, prezident həbsinin ilk günündə təcridxananın 10 kvadratmetrlik otağında yerləşdirilib. Otaqda yazı masası, ayrıca tualet, yataq ləvazimatları və televizor var.
Xatırladaq ki, 2024-cü il dekabrın 3-də prezident Yun Sok Yol müxalifəti Şimali Koreyaya casusluqda günahlandıraraq respublikada hərbi vəziyyət elan edib. Bir neçə saat sonra hərbi vəziyyət ləğv olunub. Dekabrın 14-də parlament ölkə başçısına impiçment elan edib. Yanvarın 3-də müstəntiqlər dövlət başçısını həbs etmək üçün iqamətgaha getsələr də, mühafizə xidməti buna imkan verməyib. Onlarla beş saat yarımlıq qarşıdurmadan sonra müstəntiqlər kompleksi tərk ediblər. Yanvarın 15-də prezident Yun Sok Yol saxlanılıb.
Rəylər