Parlamentin bu gün keçirilən plenar iclasında kitab satışı məsələsi müzakirə edilib.
Oxu.Az xəbər verir ki, deputat Fazil Mustafa metrolarda kitab satışının yenidən bərpa olunmasını təklif edib:
“Metrolarda kitab satışı kimə mane olur ki? Axı bu, siqaret, ya içki deyil?!”
Deputata cavabında birinci vitse-spiker Ziyafət Əsgərov qeyd edib ki, bu gün Bakıda çoxlu sayda kitab evi var:
“Təki oxumaq istəyən olsun. Mən şəxsən şəxsi kitabxanamdan 200-300 kitab verməyə hazıram ki, oxusunlar. Özü də pulsuz-parasız”.
Deputat Aqil Abbas öz növbəsində bildirib ki, bu gün məktəbə gedən uşaqların çantalarını götürməyə ata-anaların gücü çatmır:
“Həm onların, həm də uşaqlarımızın beli əyilib. Bir azdan bizim uşaqların hamısının onurğası xarab olacaq. Axı biz uşaqlarımızı, gələcəyimizi şikəst edirik?! Mənim nəvələrim məktəbə gedir, mən heç onların kitabını götürə bilmirəm, onlar necə götürsün?! Bu məsələni Təhsil Nazirliyi ilə birgə həll edin”.
Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə bildirib ki, bu məsələ Təhsil Nazirliyinin gündəmindədir.
Kamil HƏMZƏOĞLU
Rəylər