Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ramazanı biznesə çevirən işbazlar - Müqəddəs aydan da sui-istifadə edirlər
Müsəlman aləminin müqəddəs ayı Ramazanda əksər insanlar oruc tutur və çalışırlar ki, imsak və iftar vaxtında süfrə həmişəkindən daha gözəl olsun, naz-nemət süfrədən əskik olmasın. Amma bəzi işbazlar müqəddəs ayda belə öz işlərindən geri qalmır, sui-istifadə edərək, Ramazanın əsas qida məhsullarının qiymətini artırıblar.
“Əl yandıran qiymətlər”
Oxu.Az-ın əməkdaşları qida məhsullarının qiymətinin nə qədər dəyişdiyini müşahidə etmək üçün bir neçə marketə baş çəkiblər.
Olduğumuz marketlərdə xurma, şirniyyat məhsullarının qiymətinin nəzərəçarpacaq dərəcədə artdığını müşahidə etdik. Marketlərdə xurmanın qiyməti “əl yandırır” desək, yerinə düşər.
500 qramlıq paketdə satılan İran xurması 3 manat, 500 qramlıq Tunis xurması 3,30, 300 qramlıq isə 2,50 manata təklif edilir. Ötən il Ramazan ayında kilosu 20 manata satılan xurmanın qiyməti 27 manat və daha yüksəkdir.
Satıcılar qiymətin tələbata görə artdığını bildirir:
“Qiymətlərin qalxması topdansatış yerlərinə uyğundur. Xurmanın, şirniyyatın qiyməti artdığı üçün məcburən məhsulları əhaliyə daha baha qiymətə təqdim edirik”.
Təbii ki, Ramazan ayı başlayanda xurmanın qiymətində cüzi artım müşahidə olunur. Amma bu il süni artım daha çoxdur.
Xurmada hepatit A virusu
Bəzi ekspertlərin sözlərinə görə, bunun səbəblərindən biri Azərbaycana daha çox İrandan xurma idxal olunmasıdır ki, bu da dayandırılıb. Hətta bir neçə gün əvvəl İsveçrənin Səhiyyə Nazirliyi Azərbaycanda da satışı həyata keçirilən İran istehsalı paket qablarda olan xurmalarda Hepatit A virusu tapılması barədə məlumat yayıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:
“Məhsullar gömrük ərazisinə daxil olduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən xurma məhsullarından da Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir.
Ekspertizanın nəticələri uyğun olduqda məhsullara qida təhlükəsizliyi sertifikatı verilir. Həmin sertifikatla sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər. İndiyədək qeyd etdiyiniz məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hər hansı fakt qeydə alınmayıb”.
Süni qiymət artımının qarşısını necə alaq?
Millət vəkil Vahid Əhmədov sahibkarların mağazalarda qiymətləri süni artırmasından narazıdır.
Onun sözlərinə görə, hər bayramqabağı marketlərdə məhsulların qiyməti qaldırılır:
“Bu müddət bitdikdən sonra qiymət aşağı salınır. Bu, obyektiv artım olsa, adam heç nə deməz. Amma qiymət artımı sünidir və həddən artıq çoxdur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin birinci rübü ilə bağlı keçirilən iclasında da süni qiymət artımının qarşısını almağın vacibliyini qeyd edib. Qiymətlərin süni artırılması ilə bağlı şikayətlər çoxdur.
Sahibkarlar başa düşməlidir ki, Ramazan ayında belə şey etmək olmaz. İnsanlar oruc tuturlar, namaz qılırlar, Allaha dua edirlər. Heç olmasa bayramda qiymətlər aşağı salınmalıdır ki, problemlər az olsun”.
“Bir müddət əvvəl kartofun, soğanın və digər məhsulların qiymət artımı da müşahidə olundu. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinq aparmalıdır. Qiymət siyasəti çox ciddidir. Bunu başlı-başına buraxmaq olmaz”, - deyə millət vəkili qeyd edib.
Vətəndaşların şikayəti var
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də məsələyə münasibət bildirib. Qurumun açıqlamasına görə, ayrı-ayrı bazarlarda inhisarçı mövqeyə malik bir və ya bir neçə təsərrüfat subyektlərinin mal qıtlığı yaratması, malların qiymətini süni şəkildə artırması, qanunla qadağan olunmuş hərəkətlərə yol verməsinin vaxtında aşkar edilib qarşını almaq üçün mütəmadi olaraq monitorinqlər keçirilir:
“Təhlillər aparılır, inhisarçılıq halları aşkar edildikdə müvafiq tədbirlər görülür. Məhsulların qiyməti ilə bağlı Sahibkarlıq fəaliyyəti barədə Azərbaycan Respublikasının Qanunun 6-ci maddəsinə əsasən, sahibkarlar öz mallarının qiymətini Azərbaycan qanunvericiliyinə uyğun müəyyən edirlər. Eyni mal müxtəlif marketlərdə fərqli qiymətə satıla bilər. İstehlakçı ona sərf edən məhsulu ala bilər. Son dövrlərdə isə apardığımız müşahidələr zamanı marketlərdə hər hansı bir süni qiymət artımı qeydə alınmayıb”.
“Vətəndaşlardan mütəmadi olaraq müraciətlər daxil olur. Həmin müraciətlər qanunvericiliyə uyğun olaraq tam şəkildə baxılaraq, müvafiq qaydada cavablandırılır”, - deyə qurumdan qeyd edilib.
“Kiçik qığılcımlar” mövcuddur
İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, ölkədə ilk baxışda istehlak qiymətlərində sabitlik müşahidə olunmaqdadır:
“Bunu ilin ilk üç ayı ərzindəki yekun statistika da təsdiq edir. Belə ki, yanvar-mart ayları ərzində istehlak qiymətləri indeksi cəmi 2.1 faiz, keçən ilin eyni dövründə 4 faiz təşkil edib. O da məlumdur ki, cari il üçün inflyasiya birrəqəmli səviyyədə proqnozlaşdırılıb. 2017-ci ildə isə ölkədə 13 faiz inflyasiya qeydə alınıb. Sözün qısası, statistika bahalaşmanın mövcud olmadığını israr edir.
Lakin bir sıra ərzaq məhsullarının qiymətlərində, o cümlədən, xidmətdə qiymətlərin yüksəldiyi heç də diqqətdən yayınmır. Bu, mövsümi xarakterli də hesab edilə bilər. Buna süni, başqa sözlə, subyektiv səbəb deyə bilərik. Hər halda, bu mövcuddur. Sadəcə olaraq, sözügedən tendensiya müvəqqəti xarakter daşıdığından dalğavari əhəmiyyət kəsb etmir”.
“Məlum olduğu kimi, ilin əvvəlindən bəri ölkədə, demək olar, bütün sosial istiqamətlər üzrə maliyyələşdirmə genişləndirilib. Dövriyyəyə iki milyard manatdan çox əlavə vəsait daxil olub və hələ də daxil olmaqdadır. Hökumət bunun müqabilində süni qiymət artımlarının baş verməsinin qarşısını alacağını və buna heç bir vəchlə yol verməyəcəyini bəyan edib.
Bazarın təhlili - müşahidəsi də deməyə əsas verir ki, süni qiymət artımları üçün heç bir şərait yoxdur. Sadəcə olaraq, bu sahədə “kiçik qığılcımlar” mövcuddur ki, məsələn, hazırda Ramazan ayı ilə bağlı bəzi qiymət artımları məhz bununla bağlıdır. Burada tədiyyə qabiliyyətli tələbin cüzi də olsa, artmasının təsiri və rolu var”, - ekspert dilə gətirib.
İlhamə Əbülfət
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Dünya liderləri Prezident İlham Əliyevə başsağlığı verirlər
- Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib
- İran prezidenti İlham Əliyevə başsağlığı verdi
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
- Qazaxıstana ezam olunmuş Azərbaycan nümayəndə heyəti təyyarə qəzasında xəsarət alanlara baş çəkib
Rəylər