Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüs və çağırışı ilə ərsəyə gəlmiş Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dünya miqyasında mədəni-mənəvi dəyərlər mərkəzi statusunu bir daha təsdiq edib.
Oxu.Az-ın məlumatına görə, bunu Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti: Mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda keçirilən konfransda
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
Onun sözlərinə görə, müxtəlif din və konfessiyaları bir masa ətrafında cəm etmək qüdrətinə malik multikultural Azərbaycan dövləti ötən ay beynəlxalq müstəvidə dini, siyasi və elmi ictimaiyyətin qlobal problemlərin birgə müzakirəsini təmin etməklə analoqu olmayan nümunəvi ilkə imza atmış olub:
“Dünyanın 500-ə yaxın tanınmış din, dövlət və ictimai xadimlərinin iştirakı ilə baş tutub, bəşəriyyəti narahat edən problemlərin mənəvi dəyərləndirməsi üçün özəl əhəmiyyət kəsb edən qlobal miqyaslı bu Zirvə görüşü Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq platformasında öncül rolunun göstəricisi olaraq, dinlərarası əməkdaşlıq tarixinin səhifələrinə həkk olunub.
Danılmaz həqiqətdir ki, hər bir dövlət başçısı dünya miqyasında bu qüdrəti nümayiş etdirmir. Belə ardıcıl təşəbbüskarlıqla mədəniyyətlər və dinlərarası dialoq-əməkdaşlıq məsələlərini diqqətdə saxlamır. Bu, yalnız güclü dövlətçilik təfəkkürü, qlobal düşüncə və ümumbəşəri dəyərlərə ehtiramlı münasibətin vəhdəti sayəsində mümkün olan dəyərli fəaliyyətdir”.
“Azərbaycan müxtəlif dinləri, mədəniyyətləri bir araya gətirən, qlobal əhəmiyyətli ideyalar ətrafında cəm edən, sülh və qarşılıqlı anlaşma mühitinə xidmət edən bu missiyasını davamlı və ən yüksək səviyyədə həyata keçirən dövlət kimi dünyanın diqqət mərkəzindədir”, - deyə Şeyx qeyd edib.
İlhamə Əbülfət