Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İnsultla bağlı təcili yardıma müraciət edənlərin sayı açıqlandı
2019-cu il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 726693 ümumi müraciət daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının hesabatında qeyd edilib.
Hesabata əsasən, qeydə alınan müraciətlərdən 66600-dən çoxu xəstəxanalara yerləşdirilib.
Uşaqlar üçün edilən çağırışların sayı 80000, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 13200 olub ki, bu rəqəmdə artım qeyd edilir. Pediatrik çağırışları Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunmasına üstünlük verilib.
Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 3600 nəfərdən çox olub.
Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 78540, hospitalizasiya 13300, miokard infarktı ilə müraciətlərin sayı 870, hospitalizasiya 814, insultla müraciətlərin sayı 3600, hospitalizasiya 3200 olub.
Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 26700, hospitalizasiya 18300-dür.
Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər zədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 21718, hospitalizasiya 13833 olub.
Təcili tibbi yardıma ehtiyacı olan 170 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.
Könül Cəfərli
Rəylər