Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Pandemiya xəstəxanalarındakı tibbi tullantılar təhlükə mənbəyidir? Onlar necə məhv edilməlidir?- ARAŞDIRMA
Koronavirus infeksiyası ilə mübarizə çərçivəsində müxtəlif videoçarxlar hazırlanır. Həmin videolarda insanların özlərini COVID-19-dan necə müdafiə edə biləcəkləri, tibbi maska və əlcəklərdən düzgün şəkildə istifadə və onların atılması qaydaları izah olunur.
Bəs, görəsən, yoluxma hallarının qarşısını almaq məqsədilə tibbi tullantıların utilizasiyası prosesi necə tənzimlənir? Koronavirus infeksiyası ilə bağlı ayrılan tibb müəssisələrində koronavirus xəstələrinin müalicəsi prosesində istifadə edilən əlcəklər, maskalar, digər tibbi ləvazimatlar ümumi qaydada digər tullantılarla birgə atılır, yoxsa xüsusi qaydalarla məhv edilir?
Xatırladaq ki, ABŞ-da fəaliyyət göstərən “Biobot Analytics” tibbi araşdırmalar qurumu Massaçusets ştatının tullantı sularında koronavirus qalıqlarının tapıldığını açıqlayıb. Araşdırma qrupu 18-25 mart tarixlərində böyük bir xəstəxananın tullantı sularında virusun DNT izlərinin mövcudluğunu qeyd edib.
Məsələ ilə bağlı Oxu.Az “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) sorğu ünvanlayıb. TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, bu hallarda prosedurlar Nazirlər Kabineti tərəfindən “Tibbi tullantıların idarə olunmasına dair tələblər” haqqında qaydalara müvafiq şəkildə aparılır.
Sözügedən tələblər barədə qaydalara nəzər salaq.
Həmin sənədə görə, profilindən və çarpayı sayından asılı olmayaraq, müalicə profilaktika müəssisələrinin (MPM) fəaliyyəti nəticəsində morfoloji tərkibinə və təhlükəlilik dərəcəsinə görə, əmələ gələn tibbi tullantılar maye, bərk və toz şəklində olaraq, “Təhlükəli tullantıların daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyasına əsasən, müvafiq təhlükəli tullantılar təsnifatına aid edilirlər. Tibbə aid bütün tullantılar epidemioloji və toksikoloji təhlükəlilik dərəcəsinə görə, dörd sinifə bölünür:
A sinifi - MPM-in təhlükəsiz tullantıları;
B sinifi - MPM-in təhlükəli tullantıları;
C sinifi - MPM-in xüsusi təhlükəli tullantıları;
D sinifi - MPM-in tərkibinə görə sənaye tullantılarına yaxın olan tullantıları (təsnifat cədvəl şəklində verilir).
Sadalananlardan B və C sinifləri müvafiq olaraq, təhlükəli və xüsusi təhlükəli tibbi tullantıları əhatə edir.
“B sinifinə potensial yoluxucu xəstələrlə təmasda olmuş tullantılar, ifrazat, o cümlədən, qanla çirklənmiş materiallar və alətlər; patoloqoanatomik tullantılar, xəstələrin üzvi (bədən üzvləri, toxumalar və s.) cərrahiyyə tullantıları; yoluxucu xəstəliklər şöbələrinin bütün tullantıları (o cümlədən qida qalıqları); 3-cü və 4-cü qrup patogen mikroorqanizmlərlə işləyən mikrobioloji laboratoriyaların tullantıları; vivariumların bioloji tullantıları.
C sinifinə isə xüsusi təhlükəli yoluxucu xəstələrin təmasda olduğu materiallar; 1-4-cü qrup patogen mikroorqanizmlərlə işləyən laboratoriyaların tullantıları; vərəm əleyhinə və dəri-zöhrəvi xəstəxanalarının (şöbələrinin) tullantıları daxildir”.
Görəsən, bu utilizasiyanı istənilən tibb işçisi həyata keçirə bilər?
Qaydalara görə, MPM ərazilərində tullantıların toplanması, müvəqqəti saxlanması və daşınması ilə bağlı işlərə qabaqcadan təlim keçməmiş şəxslərin cəlb edilməsi qadağandır. Tullantılara gündəlik nəzarətin təşkili üçün xüsusi cavabdeh şəxs təyin olunmalı və təhlükəli tullantılarla düzgün işləməyin təşkili barədə təlim keçmək və müvafiq sənəd (şəhadətnamə) almağa borcludur.
Təhlükəli və xüsusi təhlükəli tibbi tullantılar hansı şəkildə toplanılmalıdır?
B və C sinfinə aid olan tibbi tullantılar əməliyyat, reanimasiya şöbələri, eləcə də xüsusi təhlükəli və karantin qoyulan yoluxucu xəstəliklərə yoluxmuş pasiyentlər yerləşdirilən bölmələrdə əmələ gəlir. Qaydalara görə, bu tullantıları bir tutumdan digərinə tökməyə qəti şəkildə icazə verilmir.
Təhlükəli və xüsusi təhlükəli (B və C sinifi) tullantılar birdəfəlik bağlamalara yığılmazdan əvvəl, dezinfeksiya normativ sənədlərinə əsasən, bilavasitə tullantıların ilkin yığıldığı yerdə xüsusi tutumlarda hazırlanmış dezinfeksiyaedici məhlullara salınmaqla, hökmən dezinfeksiya edilməlidir.
Tullantıların yığılması üçün istifadə olunan birdəfəlik paketlər hermetik olmalı və ona 15 kq-dək tullantı təhlükəsiz şəkildə yığılmalı, tibb bölməsindən (laboratoriyadan) kənarda daşınması zamanı açılıb dağılmamalıdır.
Xüsusi təhlükəli tullantılar təhlükəsiz və digər sinifə aid tullantılarla birlikdə daşına bilərmi?
Xüsusi təhlükəli tullantıların yığıldığı konteynerlərin A, B, D sinifinə aid tullantıların yığıldığı konteynerlərlə birgə saxlanılmasına qəti yol verilmir.
Tullantıların müvəqqəti saxlanılması və kənarlaşdırılması məsələsi necə həyata keçirilməlidir?
Tələblərə görə, MPM-in təhlükəli və xüsusi təhlükəli (B və C sinifi) tullantılarını termik üsulla zərərsizləşdirən xüsusi qurğularda məhv etmək lazımdır. Bu tullantıların daşınması üçün nəzərdə tutulmuş avtomaşının digər məqsədlərlə işlədilməsinə yol verilmir. Eyni zamanda, epidemioloji təhlükəsiz patoloji anatomik və üzvi əməliyyat tullantılarının (orqan, toxuma və s.) zərərsizləşdirilməsi üçün qurğular olmadıqda, onlar qəbiristanlıqlarda xüsusi ayrılmış qəbirlərdə basdırılır. B sinifinə aid digər tullantılar (materiallar və alətlər, pasiyentlərin ifrazatları, vivarium və mikrobioloji laboratoriyaların tullantıları) dezinfeksiya edilərək, zərərsizləşdirildikdən sonra poliqona daşınmalıdır.
Tullantıların yığılması və daşınması planı hər bir MPM üçün ayrıca işlənilir. Tələblərə görə, təhlükəli və xüsusi təhlükəli tullantılar hökmən termiki zərərsizləşdirilməlidir.
Qaydalarla daha ətraflı buradan tanış ola bilərsiniz.
Könül Cəfərli
"COVID-19" teqi üzrə xəbərlər
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
- Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
- ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
Rəylər