Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Koronavirusa görə Bakıda qalan alman velosipedçi: “Deyəsən, Azərbaycanda məşhurlaşmışıq” - MÜSAHİBƏ
Ötən ilin iyununda Almaniyanın Hamburq şəhərindəki evlərini sataraq, dünya turuna çıxan cütlük – Denis Şarnov və Anika Brust adlı velosiped səyyahlarının Bakıda qalmaları barədə xəbər vermişdik.
İrandakı siyasi səbəblərə görə marşrutu Türkiyədən həmin ölkəyə yox, Qafqaza – Gürcüstan və Azərbaycana dəyişən cütlük Bakıda olarkən sərhədlər bağlanmış və onların Qazaxıstana getmələri qeyri-mümkün olmuşdu.
Oxu.Az koronavirusa görə səfərlərini davam etdirə bilməyib, Bakıda qalan cütlükdən Denis Şarnovla həmsöhbət olub:
– Artıq neçə gündür ki, Bakıdasınız?
– Təxminən 45 gündür ki, Bakıdayıq. Ümumilikdə Azərbaycanda olmağımız iki aya çatır. Xəbərləri izləyirik. Bilirik ki, mayın 31-dək sizin ölkə sərhədləri bağlı saxlayacaq. Bu səfərə çıxanda 85 gün Türkiyədə qalmışıq. Ona görə də bir əcnəbi ölkədə bu qədər qalmağımız birinci dəfə deyil.
– Siz Bakıda olanda zədələnmişdiniz. Necə oldu ki, zədələndiniz?
– Həmin vaxt Azərbaycanda komendant saatı olmadığı üçün şəhərdən çıxmaq üçün ekskursiya etmək istədik. Hələ digər insanlarla məsafəmizi qorumaq istədiyimiz üçün bir neçə gün çöllük ərazilərə getməyi planlaşdırmışdıq. Təəssüf ki, 20 kilometrdən sonra evə qayıtmalı olduq.
Sumqayıt yolu istiqamətində getdiyimiz vaxt velosipedimin ön təkəri nəyəsə ilişdi. Bilmirəm, bu, daş idi, ya tullantı. Təkər 75 km/saat sürətlə getdiyimiz vaxt sağ tərəfə çevrildi və Anikanın velosipedinə dəyib yerə yıxıldım. Buna bənzər hadisə Kalininqradda olanda da başımıza gəlmişdi.
– Bəs necə oldu ki, təcili tibbi yardım çağırdınız? Çünki bizim əhalinin əksəri ingiliscə danışmaqda çətinlik çəkir...
– Həmin vaxt o şosedə polis vardı. Dizimdən qan axdığını görüb ambulans çağırdı. Bir neçə dəqiqə sonra bir maşın saxlayıb bizə köməyini təklif etdi. İçində ingilis dilində danışa bilən vardı. Onlardan biri Almaniyada təhsil almış həkim idi və biz onunla almanca danışdıq.
Açığı, ambulansla getdiyimiz Travmatologiya və Ortopediya İnstitutu xoşumuza gəlmədi. Həkimlər mənə çox da qayğı ilə yanaşmadı. Dizimin altına üç tikiş qoyuldu. Sonra ambulans bizi Bakıda qaldığımız mənzilə gətirdi.
Səhəri gün biz özümüz yaranı yoxlamaq üçün Mərkəzi Hospitala getdik. Orada mükəmməl qayğı gördük. Artıq bir neçə dəfə orada olmuşam. Yeri gəlmişkən, orada da almanca öyrənən bir həkim vardı. O, ailəsini Almaniyaya aparmaq üçün bizim dili öyrəndiyini söyləyirdi.
– İndi özünüzün və velosipedinizin durumu necədir?
– İki həftə yataq rejimində qaldım. Hazırda dizim yaxşıdır, gəzə bilirəm. İndi yüngülvarı ağrıyır. Qəza vaxtı isə velosipedimin ön təkərindən başqa, arxa görünüş güzgüsü və sükanın bir hissəsi qırılmışdı. Amma indi hər şey qaydasındadır. İndi yaşadığımız evin yaxınlığında velosiped mağazası vardı. Onlar sağ olsunlar, velosipedimi təmir etdilər.
– Deyəsən, siz Azərbaycanda qalan yeganə alman velosipedçilər deyilsiniz...
– Bəli. Almaniyadan iki qardaş və Konstantin Riverlə Bakıda olanda görüşdük. Beşimiz də səyahətimizi davam etdirib Orta Asiyaya getmək istəyirdik. Gəmi ilə Qazaxıstana getməli idik. Ancaq koronavirusa görə sərhədlər bağlandığından, gedə bilmədik. Yeri gəlmişkən, həmin dostlarımız mən zədələnəndə velosipedimi maşına qoyub evə aparmaqda kömək etdilər.
Artıq qardaşlar əcnəbilər təyyarə ilə vətənlərinə göndəriləndə Almaniyaya London reysi ilə gedib. Anika, mən və Konstantin isə səfərimizi davam etdirmək istədiyimizdən, Azərbaycanda qalmağa qərar verdik. İndi üçümüz də bir evdə qalırıq.
– “İçərişəhər” metrostansiyası yaxınlığındakı evdə?
– Yox, ora hostel idi. Amma hostel sahibi dedi ki, koronavirusa görə buranı bağlamalıdırlar, icazə verilmir. Biz də Nərimanov heykəli yaxınlığında bir ev kirayələdik. Bu da hostel sahibinindir. İndi hostelə verdiyimiz pulun eynisini üç otaqlı mənzilə veririk. Bu, daha yaxşıdır.
– Bakıdakı Almaniya səfirliyi sizinlə maraqlanır?
– Əlbəttə. Hələ koronavirusla bağlı vəziyyət pisləşməyə başlayanda biz onlarla əlaqə saxladıq. Çünki biz bilmirdik ki, bizim Azərbaycanda qalmağımıza icazə veriləcək, ya yox. Səfirlikdən bizə kömək etməyə çalışdılar.
Əvvəl bizə Almaniyaya qayıtmağımızı təklif etdilər. Ancaq biz koronavirusdan sonra səfərimizə qaldığımız yerdən davam etmək istədiyimizdən, bununla razılaşmadıq. Azərbaycanda qalmağımıza bir söz demədilər. Mayın 31-də üç aylıq vizamızın müddəti bitəcək. Amma oxumuşuq ki, bunu uzatmaq asan olacaq.
– Almaniya mətbuatına açıqlamanızda demişdiniz ki, Gürcüstanda və Azərbaycanda olanda futbol matçına da getmisiniz. Azərbaycanda getdiyiniz matç hansı idi?
– Biz Qəbələdə olanda yerli komandanın “Sumqayıt”la oyununa baxmışdıq. Onda “Qəbələ” 5:0 hesabı ilə qalib gəldi (Azərbaycan Premyer Liqasının XX turunun bu oyunu martın 7-də keçirilib – S.M.).
– Bilirik ki, Anika ilə siz Rostokun “Hanza” komandasına azarkeşlik edirsiniz. Hətta səfərə çıxanda ilk girdiyiniz şəhər Rostok olub, qışda Antalyada olanda isə bu komandanın yoxlama oyunlarına baxmısınız. “Qəbələ” güclü olar, ya “Hanza”?
– “Hanza” hazırda Almaniya 3-cü Liqasında çıxış edir. Düşünürəm ki, hazırkı gücləri müqayisə etsək, səviyyə bərabər olar.
– Gürcüstandan buraya gələnədək Azərbaycanın çoxlu bölgələrindən keçmisiniz. Hansı bölgəmiz sizə daha xoş gəlib?
– Bir velosipedçi üçün şəhər yerindən və ya maşınların az olduğu yerdən kənarda olmaq daha xoşdur. Azərbaycanın şimal-qərb bölgəsi çox gözəldir. Şəki və Qəbələ arasındakı bölgənizi çox bəyəndik.
– Azərbaycan səfəriniz vaxtı Göyçay çayını keçib qısa yolla getmək istəmisiniz, amma axın sizə mane olub. Sizə kim demişdi ki, bu yol qısadır?
– Bizim naviqasiya sistemi. Xəritədə belə bir qısa yol vardı. Ancaq reallıqda belə deyilmiş (gülür). Əvvəl yolboyu gördüyümüz çayların yataqları quru olduğundan, rahatlıqla keçəcəyimizi düşündük. Amma bu çayın axını güclü olduğundan, ağır yüklü velosipedlərlə getməyimiz mümkün olmadı. Beləcə, biz də geri qayıdıb, asfalt yolla getməli olduq. Hardasa iki saat buna vaxtımız getdi. Nəticədə, Göyçayda gecələməli olduq.
– Bu, Azərbaycana birinci səfərinizdir?
– Yox. 2018-ci ildə Bakıda olmuşuq. Onda buraya qatarla gəlmişdik. Onda Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistana getmişdik.
– Azərbaycan və Ermənistan müharibə şəraitində yaşayan ölkələrdir. Səfər zamanı sərhəddə problemlə üzləşmədiniz?
– Biz düşmən ölkələr olduğunuzu bilirdik. Səfərdən əvvəl oxumuşduq ki, bəzi səyahətçilər Ermənistanda olduqdan sonra Azərbaycana girəndə çətinliklə üzləşib. Ona görə də birinci Bakıya, sonra Tbilisiyə və daha sonra Yerevana getdik. Heç bir problemlə üzləşmədik.
– Siz boş vaxtlarınızda Bakıda rus dilini öyrənməyə başlamısınız. Soyadınız isə rus soyadına oxşayır...
– Ruslarla heç bir bağlılığım yoxdur. Sadəcə, soyadım slavyan mənşəlidir. Mənası “xüsusi qaz” deməkdir. Rus dilini öyrənməyimiz isə Azərbaycanda yerli əhali ilə rahat ünsiyyətə girə bilməyimiz üçündür. Həm də rus dili bizə Mərkəzi Asiyaya səfərimiz zamanı lazım olacaq. Həmçinin, boş vaxtlarımızda ostwaerts-nach-westen.de (mənası “şərqdən qərbə” deməkdir – S.M.) adlı saytımız üçün bloq yazıları yazırıq.
– Yeri gəlmişkən, bloqunuzda araq kolleksiyası yığmağa başladığınızı demisiniz. Kolleksiyanızda Azərbaycan araqları da var?
– Bilmirəm ki. Ancaq onların hamısını Bakıda olanda almışıq... Bu arada, sizin ötən ay bizim haqda yazdığınız yazıdan sonra, deyəsən, məşhurlaşmışıq. Çünki supermarketdə alış-veriş edərkən, bizimlə bir nəfər şəkil çəkdirmək istədi (gülür).
– Son günlər nə edirsiniz?
– Karantin yumşalanda üç saatlıq icazə alıb şəhər kənarına getdik. Amma cəmi 15 kilometr velosiped sürdük. Qatar reyslərinin üzərindən keçdik. Bir bazar tapdıq. Həmçinin, bir mənzərəli göl görmək imkanımız oldu.
– Son sualım. Almaniyadakı evinizi satıb bu səyahətə çıxmısınız. Dünya səyahətinizi haraya kimi davam etdirmək planınız var? Ümumiyyətlə, Bakıda çox qaldığınız üçün digər ölkələrə səfər üçün pulunuz kifayət edəcəkmi?
– Bizim səfərlə bağlı dəqiq planımız yoxdur. Ola bilsin ki, dünyanı fırlanaq. Pula gəlincə, ona qənaət edə bilmişik. Adətən, biz çadırda yatırıq və ya kimsə bizi evinə yatmağa dəvət edir. Ona görə də hostel və ya hoteldə qala bilmək üçün pulumuzu saxlamışıq. Amma pul çatmasa belə, səfərlər vaxtı pul qazanmaq üçün işləməyimiz mümkündür.
Səbuhi Musayev