“Ölkədəki vəziyyət təhlil olunub və karantin rejimi çərçivəsində fəaliyyətinə icazə verilən bəzi sahələrin bağlanmasına qərar verilib”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində qərargahın təmsilçisi Leyla Abdullayeva deyib.
O bildirib ki, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Yevlax, Masallı, Cəlilabad və Abşeronda SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxma qaydası qüvvəyə minəcək:
“Dövlət və özəl təşkilatlarda işləyənlərlə bağlı müəyyən məhdudiyyətlər olacaq. Yəni, onların müxtəlif vaxtlarda işə başlanılması və işçi heyətin həftəlik əsaslarla üç qrupa bölünməsi. Sərt karantin rejimi tətbiq edilən iki həftə ərzində ticarət mərkəzlərinin də fəaliyyəti dayandırılır. İctimai iaşə obyektlərinin yerində fəaliyyəti dayandırılır. Bərbərxana və gözəllik salonları, eləcə də muzeylərin fəaliyyəti də dayandırılacaq. Eləcə də açıq havada idman oyunlarının keçirilməsi də dayandırılacaq.
Lakin 65 yaşdan yuxarı şəxslərin hərəkəti qadağan edilmir. Lakin, onlara ciddi şəkildə tövsiyə edirik ki, ictimai yerlərdə çox olmasınlar. Sərt karantin günlərində “Bakı Metropoliteni” öz fəaliyyətini davam etdirəcək. Bulvar, park və istirahət mərkəzlərinə girişə də icazə veriləcək”.
L.Abdullayeva onu da əlavə edib ki, 1 iyun tarixindən qüvvədə olan bəzi məhdudiyyətlər isə öz qüvvəsində qalır.
İki həftəlik sərt karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO
Könül Cəfərli