12 
İyl
2021
17:08
64
163
7429
Virtual karabakh

Bu qızın yiyəsi yoxdur?

12 İyl, 2021
17:08
7429

Bu qızın yiyəsi yoxdur?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır ...

Panturalın hərəkətini artıq DİN araşdırır.

İstintaq predmeti olan məsələ ilə bağlı mülahizə yürütmək etik olmazdı.

Ancaq onun ifadə etdiyi fikirlərin müzakirəsinə ehtiyac var.

Təəssüflə etiraf etmək lazımdır ki, bu fikirləri söyləyən və bölüşən yalnız o deyildir.

Açıq-saçıq geyinən qadına “əxlaqsız” damğasının vurulması köhnə görsənişdir.

Keçən əsrin əvvəllərində “daloy çadra” məsələsində bu görsənişlər aydın şəkildə üzə çıxırdı.

Ancaq o zaman “daloy çadra”nın arxasında Sovetin inzibati gücü vardı və bu siyasi güclə hesablaşmaq mühafizəkar düşüncənin daşıyıcıları üçün mümkünsüz idi.

Və Azərbaycan qadını bu inzibati dəstəklə modern dövrə qədəm qoydu.

Sovetin bu mövzudakı siyasəti çox parlaq idi.

Adicə bir misal, DW-də yayımlanan bir süjetdə keçmiş Sovet Almaniyasının qadınlarının Qərbi Almaniya qadınlarına görə daha təhsilli, ictimai həyatda daha aktiv, ictimai baxımdan daha fəal olduğunu nümayiş etdirirdi.

Bəli, bəlkə də bütün kateqoriyalar üzrə Qərbi Almaniyadan geri qalan ADR qadına münasibətdə irəlidə idi.

(Angela Merkel də ADR vətəndaşı idi.

Almaniyanın ilk qadın kansleri olan fizika professoru xanım Merkel ingilis və rus dillərini bilir).

Ölkəmizin qadınları da Sovet dövründə işıqlı və parlaq bir yol keçiblər.

Müstəqillik dövründə bu proses davam edir, ancaq təəssüf ki, Panturalvari meyillər də ortaya çıxır.

Ancaq çox yaxşı haldır ki, cəmiyyət bu cür meyillərə çox kəskin reaksiya verir.

Eləcə də DİN…

Ancaq prosesin fəlsəfi mahiyyətini təsvir etmək də gərəkdir.

İslam fəlsəfəsinin (Ona Kəlam deyirlər) ən mühüm problemi iradə məsələsidir.

Bir qisim hər şeyin Allahın iradəsinin daxilində olduğunu göstərərək insanın iradəsini heçə endirir, digər qisim isə insanın iradəsini mütləqləşdirərək ilahi iradəni kənarlaşdırırdı.

Ancaq ümumi qəbul edilən ortaq nöqtəyə görə insan öz iradəsi daxilində azaddır, ancaq Tanrı onun iradəsi ilə hansısa qərar seçdiyini bilir.

Bu mənada insan iradə azadlığı əldə edir.

Fəlsəfədə də görkəmli alman filosofu Artur Şopenhauerin fəlsəfəsi “iradə fəlsəfəsi” adlanır.

O da insanın iradəsini ucaldır.

Hər iki düşüncə sistemindən çıxan nəticə insanın iradəyə sahib olduğudur.

İndi bir anlıq düşünək...

Qadın yarıçılpaq gəzirsə bu kişinin ona təcavüz etməsinə haqq verirmi?

Dini konteksdən baxdıqda, günah həm qadın, həm də kişi üçündür, bu barədə bir fərqlilik yoxdur.

Misal üçün zina ilə bağlı ayələrdə cinslər göstərilmir.

Digər tərəfdən küçədə kimsə öz malını unudubsa, onu oğurlayan şəxs “küçədə idi, götürdüm, küçədə qoymayaydı”   tezisləri ilə məhkəmədə müdafiə oluna bilərmi?

Hərçənd burda fikri, şüuru, iradəsi və zəkası olan bir varlıqdan danışırıq.

Bəli, insan iradəli heyvandır, onun şəhvəti olduğu kimi iradəsi də var.  

Qadın açıq-saçıq gəzirsə, ona təcavüz etmək ancaq və ancaq heyvani bir davranış sayılmalıdır.

Çünki ənənəvi baxışa görə ismət, namus kimi anlayışlar ancaq bir cinsə yox, ümumən insanlığa məxsus dəyərlərdir.

Kişinin cinsi istəyini həqiqət kimi qəbul edənlərin qadınların da analoji istəyə sahib olduğunu unudurlar.

Keçək məsələnin mənəvi tərəfinə...

Ədalətli və azad cəmiyyətdə yaşamağın bircə qaydası var: Hər kəs digərinin məsləyinə, əqidəsinə, seçiminə hörmətlə yanaşmalıdır...

Bir şərtlə ki, bu seçimlər digərinin həyat tərzinə təhlükə törətməsin.

Hüquq da ictimai təhlükə doğuran əməlləri əhatə edir.

Bu mənada qısa yubka geyən bir qadın heç kim üçün ictimai təhlükə törətmədiyi halda ona qarşı olan təcavüzkar baxış kriminal aktdır.

Saytlarda tez-tez bir başlıq görürük: “Namus üstündə qadını öldürdü”.

Halbuki, Cinayət Məcəlləsində qətlin bu növü ayırd edilməyib.

Bu xarakterli qətllər üçün yüngülləşdirici hal da tətbiq edilmir.

Bir sözlə, qanun qadının namusunu qorumağı kişinin üzərinə vəzifə kimi qoymur.

Bu dövlətin əlahiddə funksiyası sayıla bilər, o mənada ki, qadının azad yaşayışı və sərbəst hərəkətinə mane olan hər şey dövlət tərəfindən cəzalandırılır.

Qadına ikinci dərəcəli insan kimi baxan, onu başqasının malı kimi (bu qızın yiyəsi yoxdur?!) kimi nəzərdən keçirən, özünü qadının əxlaqının müdafiəçisi kimi görən, qadının müstəqilliyini, azadlığını sual altında qoyan, qadın azadlığını əxlaqsızlıq kimi qələmə verən, geyimdə ismət, görünüşdə namus axtaran kişilər bircə şeyi bilməlidir.

Bilməsələr də zaman onlara öyrədəcək.

Onlar bir şeyi bilməlidirlər ki:

  • Hər bir cəmiyyətin səviyyəsi qadına münasibəti ilə ölçülür və uzaqdan həsədlə baxdığımız bütün ölkələrdə qadınlar öz hüquqlarını qazanıb.
  • Namus qadının sərvətidir və o, bu sərvətin keşiyində istənilən kişidən daha yaxşı dayanır.
  • Qadın ana deyil, bacı deyil, arvad deyil, qadın hər şeydən əvvəl qadındır.
  • İstər zəkası, istər fəhmi ilə qadın nəinki kişidən geridə, hətta bir çox hallarda ondan irəlidədir.
  • Qadına əşya, əmtəə kimi baxmaq əski zehniyyətin qalığıdır və yaxın gələcəkdə bütün bu qalıqlar tamamilə məhv ediləcək.

Necə deyirdi, böyük Cavid?

Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

Hə, yüksələ bilməyən kişilər isə sürünəcəklər.

Bu da çoxdan məlumdur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri