Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Möhürlənmiş talelər”: 8000 insanın kütləvi şəkildə güllələndiyi zirzəmidən REPORTAJ
Kaspi.az qəzetinin əməkdaşı “Möhürlənmiş talelər” muzeyindən reportaj hazırlayıb.
Həmin reportajı təqdim edirik:
Bu muzeydə o qədər ölümlərlə, yarımçıq talelərlə göz-gözə gəldim ki, sanki əcəlin nəfəsini duydum. Biz ölümü unutsaq da, həyata qarşı “mənəm-mənəm” desək də, bir gün hər hansı formada əcəl yaxamızdan tutur və bizə meydan oxuyaraq deyir...
Ötən ay Serbiyada Dünya Yazarlarının 58-ci Belqrad Görüşü günlərində iştirak edərkən Sremska Mitrovica şəhərində qaldığım “Srem” otelinin zirzəmisinin məhbəs muzeyi olduğunu öyrəndim. Bu muzey “Möhürlənmiş talelər” adlanır.
Tarix əlinə hopan qan ləkəsini...
Muzeydə müxtəlif otaqlar var. Onlardan biri də məhkəmə və edam otağıdır. Bu otaqda nə qədər insan son günlərini yaşayıb, bu məkanın divarlarına neçə-neçə Adəm övladının ah-naləsi hopub. Muzeydə 1925-1932-ci illərdə toplanan əşyalar sərgilənir. Əslində, burada bir zamanlar macar işğalları dövrünə aid nümunələr də az olmayıb. Lakin İkinci Dünya müharibəsi zamanı onların çoxu itib-batıb. Sanki tarix əlinə hopan qan ləkəsini silib atmağa çalışıb...
Digər otaq isə məhbusların saxlandığı yerdir. Görünən odur ki, dustaqların əksəri ömrünün sonlarını ağır şəraitdə keçiriblər. Burada məhbusların hazırladıqları dini motivli əşyalar sərgilənir. Əlləri hər yerdən üzülən, həyat nemətlərinə tamarzı qalan məhbuslar özlərini tənha, naəlac hiss edəndə bəzən kağızdan, daşdan dini motivli əşyalar hazırlayaraq həm mənəvi boşluqlarını doldurar, həm də vaxt öldürərmişlər.
1000 nəfərin yeməyi 14258 nəfər arasında bölünürmüş
Birinci Dünya Müharibəsi illərində bu həbsxananın müdiri Milan Kostiç olub. Onun gündəliyində həbsxanada baş verənlər, məhbuslar, onların ölüm tarixi ilə bağlı dəqiq məlumatlar var. İllərlə Kostiçin ailəsi tərəfindən qorunan həmin gündəlik sonradan bu muzeyə verilib. Həmin gündəlikdən məlum olur ki, o dövrdə serb xalqı həm məhbəsdə, həm də azad həyatda ağlagəlməz müsibətlərə tuş olub.
O zaman bu həbsxanada ən böyük çətinlik yer darlığı ilə bağlı imiş. Bu məhbəs 1000 məhbus üçün nəzərdə tutulubmuş. Həmin dövrdə Bosniya və Herseqovinanın dörd yanından göndərilən həm kişi, həm qadın, həm də uşaq məhbuslar burada saxlanılırmış. Hətta məhbus sayının 14258 nəfərə yüksəldiyi günlər də olub. Amma say artımına baxmayaraq, yemək norması çoxalmayıb. 1000 nəfərin yeməyi 14258 nəfər arasında bölünürmüş. Görünür, məhbusların çoxuna yeməkdən yox, ancaq onun qoxusundan “pay” düşürmüş.
8000 insan güllələnib
Burada hər gün onlarla insan aclıqdan, xəstəlikdən dünyasını dəyişirmiş. Xüsusilə də, infeksion xəstəliklər tüğyan edirmiş. Bu şəraitdə gigiyenik qaydaların gözlənilməsindən isə heç söhbət getmirmiş. Bu məhbəsdə İkinci Dünya müharibəsinin də izlərinə rast gəlmək olur. Burada əsirlərin toplanma mərkəzi var.
Qeyd edim ki, burada 8000 insan kütləvi şəkildə güllələnib. İndi həmin yerdə mərhumların Xatirə daşı ucaldılıb. Güllələnəcək adamlar üçün quyular kişi əsirlər tərəfindən qazılırmış. Daha sonra qadınlar, uşaqlar, yaşlılar həmin quyulara atılırmış. Güllələndikdən sonra onların üzərinə “asid” deyilən bir maddə tökülür və od vurulurmuş. Meyitlərin bu cür yanmasına şahidlik edən digər məhbuslar isə ağır psixoloji travmalara məruz qalırlarmış.
Arxivlərin açılmasına hələ də icazə verilmir
Bəzi məhbusları isə öldürmür, sadəcə uzun müddət ağır işgəncələr altında həbsdə saxlayırmışlar. Onlara camaatın gözü önündə işgəncə verirlərmiş. Bu cür məhbuslar isə adətən ya nüfuzlu şəxslər, ya tanınmış din xadimləri, ya da intellektual kəsimin nümayəndələri olurmuşlar. Onları, bəzən diri-diri soyurdular, yaxud da saatlarla müxtəlif işgəncələr verərək dözümlərini yoxlayırdılar. Ümumiyyətlə, əsirlərin taleyi haqqında qərarlar əvvəlcədən hazırlanırmış. Beləcə, irəlicədən bilinirmiş ki, onlardan neçəsi güllələnəcək, neçəsinə işgəncə veriləcək, neçəsi isə edam olunacaq. Maraqlıdır ki, məhbuslarla bağlı arxivlərin açılmasına hələ də icazə verilmir. Ona görə də, məhbuslara verilən işgəncələrlə bağlı daha çox şahid ifadələrinə əsasən məlumatlar toplanılıb.
30 dəqiqəlik “humanist” edam
Həbsxanada bəziləri asılaraq edam olunurmuş. Edam zamanı cəlladın yanında köməkçisi olurmuş ki, o, ipi məhbusların boynuna keçirib kətili itələyirmiş. Məhbus canını tapşırana qədər bu işgəncə bir neçə dəfə davam edirmiş. Beləcə, məhbusların çoxu boğularaq yox, onurğa, boyun sümükləri qopduğuna görə ölürmüş. Proses 30 dəqiqə və daha çox çəksəymiş, bu işgəncə başa çatmış hesab edilir və məhkum layiq olduğu cəzanı almış hesab olunurmuş. Əgər 30 dəqiqə ərzində məhkum ölürdüsə, bu, “humanist” edam sayılırmış.
Əsirlər isə ya damğalanır, ya da falaqqada çubuqlanır, bəzən isə onlardan atış məşqləri üçün hədəf taxtası kimi istifadə edirmişlər...Bəzən məhbusları qəliblərin içinə salıb sıxır, əl-qollarını iplərlə bağlayaraq dartıb qopararaq öldürürmüşlər. Yırtıcı quşlar onların ətini yeyib qurtarana kimi cəsədlər meydanlarda qalırmış. Bu muzeydə o qədər ölümlərlə, yarımçıq talelərlə göz-gözə gəldim ki, sanki əcəlin nəfəsini duydum. Ona görə də, yazımın adını Ömər Xəyyamın məşhur rübaisindəki bir misradan seçdim. Biz ölümü unutsaq da, həyata qarşı “mənəm-mənəm” desək də, bir gün hər hansı formada əcəl yaxamızdan tutur və bizə meydan oxuyaraq deyir: “Bu, mənəm”.
"Maraqlı" teqi üzrə xəbərlər
- Dəri xərçəngini erkən mərhələdə aşkar edən plastır yaradılıb
- Alimlərdən yeni kəşf: Ələ əlavə edilən bir barmaq insanı mükəmməlləşdirir
- Fransa və ABŞ-nin Ukrayna üzərindən çirkin oyunları - ŞƏRH + FOTO
- ABŞ kəşfiyyatı Azərbaycan-Ermənistan münasibətlərinə zərbə vurur - ŞƏRH + FOTO
- Sürücülərin illərlə çözülməyən dərdinə çarə axtarılır: Cərimə artırılacaq, yoxsa parklanma yerləri? - FOTO
Rəylər