Bakıda dünən baş verən dəhşətli qətl hadisəsinin - ana və 2 azyaşlı övladının öldürülməsinin bəzi təfərrüatları məlum olub.
APA xəbər verir ki, fevralın 20-də saat 14 radələrində Bakının Nizami rayonu, R.Rüstəmov küçəsində kirayədə yaşadıqları evdə qətlə yetirilən Sabirabad rayonunun Ulacalı kənd sakinləri, 39 yaşlı Gülnar Qaraxanova, övladları 13 yaşlı Lamiyə Qaraxanlı və 10 yaşlı Atakan Qaraxanlı bu gün dəfn olunublar. Dəfn mərasimi Sabirabadın Ulacalı kəndində baş tutub.
APA-nın dəfn mərasimində iştirak edən əməkdaşları mərhumun ailə üzvlərindən qətlin bəzi təfərrüatlarını öyrənə biliblər. Məlumata görə, ailə başçısı olan Fəsahət Qaraxanov beynəlxalq yükdaşıması ilə məşğuldur, TIR sürücüsü kimi fəaliyyət göstərir. Qətl baş verən vaxt Rusiyada olub və bu gün səhər Rusiya-Azərbaycan sərhədini keçərək dəfn mərasiminə gəlib.
Qətli törədən, əvvəllər Saatlı rayonunun Novruzlu kəndindəki 9 illik məktəbin direktoru olmuş Əhəd Əliyev mərhum Gülnar Qaraxanovanın bacısının əridir. Məlumatlara görə, ailə başçısının qazancından, ailənin ev almaq üçün pul yığdığından xəbərdar olan Əhəd Əliyev qətli məhz tamah məqsədi ilə törədib.
Mərhumun bibisi oğlu Şahlar Məlikovun APA-ya bildirdiyinə görə, Əhəd Əliyev küçədə Gülnar Qaraxanlını izləyib, onun arxasınca evə girib və boğazını kəsmək istəyib. Bu zaman onunla əlbəyaxa olan G.Qaraxanova başından bıçaq zərbəsi alıb. Hadisə baş verəndə uşaqlar evdə olublar. Qadına 7 bıçaq vurulub, uşaqların isə boğaz nahiyəsi kəsilib. Qətli törədən şəxsin qıza əlavə 5 bıçaq zərbəsi də vurduğu bildirilir.
O da məlum olub ki, həbs olunanda Ə. Əliyevin üstündə 20 min manat olub.
Onun evdən götürdüyü 40 min manatın 20 min manatı isə yoxdur. Bu faktın da istintaq orqanları tərəfindən araşdırıldığı bildirilir.
Rəylər