Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xalqımızın milli oyanış və mədəni tərəqqi tarixi
Mətbuat azadlığı hər bir ölkədə insanların öz fikirlərini sərbəst ifadə etmək arzusunu gerçəkləşdirir. Təsadüfi deyil ki, ictimai fikrə təsir imkanı böyük olan mətbuat bütün dünyada “dördüncü hakimiyyət” adlandırılır. Azad mətbuatın mövcud olduğu ölkələrdə təbii ki, demokratiya və siyasi plüralizm mühiti yaradılır. Milli mətbuatımızın əlamətdar ildönümü ərəfəsində qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan da belə ölkələr sırasında inamla irəliləməkdədir.
Bu il Azərbaycanın milli jurnalistikası yaranma tarixinin 147-ci ildönümünü qeyd edir. Həmin gün – 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin ilk anadilli qəzeti olan “Əkinçi”nin nəşrə başlaması xalqımızın milli oyanış və mədəni tərəqqi tarixinin ən önəmli hadisələrindən biri idi.
Keçən müddət ərzində Azərbaycanın milli mətbuatı müxtəlif dövrləri əhatə edən zəngin və şərəfli inkişaf yolu keçib.
1918 –1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımızın yeni inkişaf mərhələsinə qədəm qoyması, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilməsi, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və təbliğində mühüm rol oynadı.
Sovet hakimiyyəti dövründə Azərbaycan mətbuatı müəyyən ideoloji çərçivələrə, standartlara baxmayaraq öz milli varlığını qoruyub saxlayaraq əldə etdiyi zəngin ənənələri davam etdirərək respublikanın ictimai-siyasi həyatında fəal rol oynadı. Məhz bu dövrdə jurnalistikada yeni janrlar, yeni inkişaf təmayülləri formalaşdı, publisistikanın yeni bir növü-teleradio jurnalistikası təşəkkül tapdı.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media islahatları nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı. Bununla da, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü. Dövlətin medianın fəaliyyətini tənzimləməkdən imtina edərək demokratik mexanizmlərə meydan açması ilə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Mətbuat Şurasının yaranması ölkəmizdə qəzet-jurnal redaksiyalarının həyatında sivil prinsiplərin bərqərar olmasını təmin etdi.
2003-cü ildən sonra Prezident İlham Əliyevin fərman və sərəncamlarına əsasən qəbul edilən dövlət proqramları, həyata keçirilən vacib layihələr bu gün ölkə mətbuatının inkişafına əməli töhfələr verir. Son illər media institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, habelə bugünkü dönəmin müasir çağırışlarını daha düzgün mənimsəyərək jurnalistika fəaliyyətinin inkişaf strategiyasının hazırlanması əsas hədəflərdəndir.
Beləliklə biz tariximizi hər zaman uca tutaraq, ona hörmət etməklə milli maraqlarımızı ifadə edən mətbuatımızın həm regional, həm də dünya miqyasında gələcəyə doğru hədəflərini nəzərdən keçiririk.
Bu məcrada internetin, o cümlədən rəqəmsallaşmanın gələcəkdə jurnalistika və mətbuat sahəsinin inkişafına böyük təsirini nəzərə alaraq dünyada ilk dəfə olaraq Azərbaycanda yeni vahid mətbuat qanununun hazırlanması işinə başlanıldı. Ötən il Milli Məclisin payız sessiyasında “Media haqqında” yeni qanun layihəsi qəbul olundu və ölkəmizdə peşəkar jurnalistika fəaliyyətinin əlaqələndirilməsi qanunvericilikdə öz əksini tapdı.
Yeni qanun Azərbaycan jurnalistikasının tarixinə və jurnalistlərimizin sosial rifahına hədəflənərək onların eyni zamanda qərəzli olmayan, dəqiq, ədalətə əsaslanmış məlumatların cəmiyyətə təqdim etmələrini təmin etmək üçün hərtərəfli imkanlar yaradır.
Qeyd edək ki, COVİD-19 pandemiyası, habelə Vətən Müharibəsi zamanı fədakar həkimlərimiz, mübariz polislərimiz və rəşadətli ordumuzla yanaşı, mətbuat nümayəndələrinin də fəaliyyəti danılmazdır. Jurnalistlərin ağır dönəmdə öz peşə vəzifələrini layiqincə yerinə yetirmələri, dəqiq və operativ məlumat paylaşmaları onların bir daha 4-cü hakimiyyət nümayəndələri adını daşımasına layiq olduqlarını sübut edir.
Bu gün Azərbaycan mətbu nəşrlərin dövlət icazəsi olmadan fəaliyyət göstərdiyi azsaylı ölkələr sırasındadır. Hər bir vətəndaş öz sözünü cəmiyyətə maneəsiz çatdırmaq və ətraf aləm barədə operativ, obyektiv məlumat almaq hüququndan tam istifadə edir. Ölkədə mövcud söz azadlığı, demokratik cəmiyyət davamlı inkişafa doğru addımlamağın bariz nümunəsidir.
Kütləvi informasiya vasitələri ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir.
Məzahir Əfəndiyev, Milli Məclisin deputatı
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Heydər Əliyev Ensiklopediyası" 2025-ci ildə hazır olacaq
- Zakir Həsənov müşavirə keçirdi, konkret tapşırıqlar verdi
- Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
- Milli Dirçəliş Günü - Azərbaycan tarixinin qürur səhifəsi
- COP29 çərçivəsində "Silk Way Alat Free Economic Zone" şirkəti və ICAO arasında razılaşma imzalanıb
Rəylər