Bu gün yerli medianın fəaliyyəti bir qrup qələm əhlini qane etsə də, müasir jurnalistika və onun mövcud durumu onlayn media mənsublarını razı salmır. Bura jurnalist etikasından tutmuş rəqəmsal medianın tələblərinə qədər bir çox nüanslar daxildir.
Bəs görəsən, niyə günümüzün ali təhsil müəssisələrində jurnalistika ixtisası üçün nəzərdə tutulan tədris proqramı müasir dövrlə ayaqlaşmır?
Tələbələrə tədris edilən proqram yenilənməlidirmi? Müasir, rəqəmsal medianın inkişafı üçün nəzəri, yoxsa praktiki biliklər vacibdir?
Bütün bunları nəzərə alaraq, onlayn platformada ən çox izlənilən internet televiziyası olan Baku TV müasir rəqəmsal medianın inkişafı üçün sosial layihə elan edir.
Sosial layihənin mahiyyəti - kimlər necə qoşula bilərlər, həmin layihənin sonunda iştirakçıları nə gözləyir və digər suallara proyektin rəhbəri Azər Cabbarov cavab verib.
Oxu.Az Baku TV-nin nəzdində müasir mediada çalışmaq istəyən, jurnalistikaya marağı olanlar üçün təşkil ediləcək “Rəqəmsal Media Məktəbi” kurslarının təlimçisi Azər Cabbarovla müsahibəni təqdim edir.
Azər Cabbarov Bakı Slavyan Universitetində televiziya jurnalistikasından dərs deyib. Azərbaycanda bir çox televiziyalarda fəaliyyət göstərib. Uzun illər AzTV-də departament rəhbəri, “Space” TV-də icraçı direktor, ASAN Radioda marketinq direktoru, “Xəzər” TV-də televiziya məsələləri üzrə müşavir, Mədəniyyət Kanalında proqram direktoru və bir çox başqa vəzifələrdə çalışıb.
- Azər bəy, media nümayəndələri üçün müxtəlif sosial layihələr, təlimlər həyata keçirilib. “Rəqəmsal Media Məktəbi” sosial layihəsi digərlərindən nə ilə fərqlənəcək?
- Bu gün burada yaradacağımız “Rəqəmsal Media Məktəbi” ölkə mediasında bir ilk olacaq. Universitet auditoriyasında jurnalistika ixtisası üzrə təhsil alanlara dərs deyirik, lakin bu, nəzəri biliklər toplusudur. Bu gün mən həmin tələbələrimdən bir neçəsi ilə çiyin-çiyinə çalışıram. Bu özü də qürurverici haldır. Universitetdə təhsil alan tələbələrin sabah jurnalist kimi fəaliyyət göstərmələri və peşəkar olmaları üçün yalnız nəzəri biliklər kifayət etmir. Bu ixtisas təcrübə tələb edir. Nəzəri bilikləri nə qədər yaxşı bilsələr də, əmək fəaliyyətində qarşılaşdıqları fors-major hallardan operativ çıxış yolu tapa bilməzlər. Bu bir reallıqdır ki, nəzəri biliklər praktiki fəaliyyətdə bir o qədər də işimizə yaramır.
“Rəqəmsal Media Məktəbi” jurnalistlərə və jurnalist olmaq istəyənlərə nədən, necə, hansı formada düzgün istiqamətləri əhatə etməklə yazmaq bacarıqlarını aşılayacaq. Bu təlimlərdə biz onlara yazı texnikası, oxucu və tamaşaçıların diqqətini cəlb etmək üçün hansı taktikalardan istifadə etməyi öyrədəcəyik. Dinləyicilərimiz SMM, SEO kimi rəqəmsal mediada mühüm olan biliklərə də yiyələnəcəklər.
- İndiki oxucular, tamaşaçılar mediadan nə gözləyirlər?
- Əlbəttə ki, on il əvvəlki oxucularla, tamaşaçılarla, dinləyicilərlə bugünkü auditoriya eyni deyil. Onların alternativ mənbələrdən bir çox məlumatları əldə etmək imkanları var. Texnologiya əsridir. Belə bir dövrdə oxucu niyə sizi oxusun? Tamaşaçı niyə sizi izləsin? - Bax bütün bu suallara verilə biləcək cavab məhz fəaliyyətlə sübut olunmalıdır. Reportyor istehsal etdiyi informasiyanı auditoriyaya çatdırmaqla yanaşı, onu sosial mediada sözün yaxşı mənasında satmağı da bacarmalıdır.
Reportajlar, süjetlər diqqəti o qədər cəlb etməlidir ki, sosial şəbəkə istifadəçiləri də daxil, hər kəs vaxtını ayırıb o materiala baxsın. Bizim “Rəqəmsal Media Məktəbi”ndə işimiz əsas üç istiqamətdə - nəzəri biliklər, praktiki dərslər və texniki biliklər əsasında təşkil ediləcək. Çalışacağıq ki, iştirakçılar operatorla, rejissorla, fotoqrafla işləməyi öyrənsinlər. Bu gün müasir mediada çalışan jurnalist bütün bunları bilməlidir. Bunlar jurnalistikanın qaydaları çərçivəsində öyrədiləcək. Bunun üçün Baku TV-nin kifayət qədər maddi və texniki bazası var. Biz bu bazadan və televiziyanın öz peşəkar kadrlarından istifadə etməklə iki ay ərzində rəqəmsal mediada çalışmağı bacaran jurnalistlər yetişdirə biləcəyik. Yəni bu müddət ərzində internet televiziyasında çalışa biləcək peşəkar kadrlar hazırlana bilər.
- İştirakçılara kurs müddətində kimlər dərs deyəcəklər?
- Biz kənardan da mütəxəssislər cəlb edə bilərik. Eyni zamanda Medianın İnkişafı Agentliyinin nümayəndələri, Azərbaycan Respublikasının Audiovizual Şurasının ekspertləri də təlimçi kimi kurslarda iştirak edəcəklər. Baku TV-nin təsisçisi Orxan Məmmədov, Baku TV-nin rəhbəri Ramin Cəfərov da öz biliklərini, jurnalistikanın incəliklərini iştirakçılarla bölüşəcəklər.
Bu gün bu cür şərait heç bir platformada yoxdur. AzTV-nin “Teleradio Akademiyası” var, tədris proqramı daha çox ənənəvi televiziya üçün kadr hazırlayır.
- Kurslar nə qədər davam edəcək?
- İlkin mərhələdə kursları iki ay müddətində davam etdirməyi düşünürük. Kurslar həftədə üç gün keçiriləcək. İlk olaraq hər kəsin marağına səbəb olacağını bilirik. Bu səbəbdən ilk kursa 10 nəfər seçiləcək. Prosesin gedişatından asılı olaraq növbəti iki aylıq kurs üçün iştirakçıların sayı artırıla bilər.
Bizim üçün daha önəmli olan məsələ isə odur ki, kurs bitdikdən sonra Azərbaycan jurnalistikasına savadlı, peşəkar, peşə etikasını bilən kadrlar gəlsinlər. Hətta kursları yüksək nəticə ilə bitirən iştirakçılara elə Baku TV-də çalışmaq imkanı da yaradılacaq. Düşünürəm ki, media sahəsində bu cür imkanlar vəd edən ikinci bir sosial layihə olmayıb. Hər kəsi bu imkanlardan yararlanmağa dəvət edirəm.
- Layihəyə müraciət artıq başlayıbmı və qəbul şərtləri nələrdir?
- Layihəyə müraciət yaxın günlərdə başlayacaq. Müraciət üçün təxminən 15 gün müddət ayrılacaq. Əsas meyarlarımızdan biri yaş məhdudiyyətidir. Layihəyə 30 yaşına qədər jurnalistlər və ya bu sahəyə marağı olan şəxslər müraciət edə bilərlər. İştirakçılar Azərbaycanın və dünyanın ictimai-siyasi, iqtisadi mənzərəsini bilən, ali təhsilli şəxslər olmalıdırlar. Mütləq Azərbaycan dili ilə yanaşı, ikinci dil biliyi olan şəxslərə üstünlük veriləcək.
İştirak etmək istəyən şəxslər bizə elektron anketi dolduraraq müraciət edəcəklər. Müraciət edənlər arasında seçimlər müsahibə əsasında aparılacaq. Xüsusi komissiyanın şifahi müsahibəsini uğurla keçən şəxslər iştirakçı kimi kursa qeydiyyat hüququ qazanacaqlar. İlk 10 nəfər artıq iki ay davam edəcək kurslarda iştirak edəcək.
- Kurslar ödənişli əsaslarla təşkil edilir?
- Xeyr, bu, sosial bir layihədir. Ödənişsiz əsaslarla təşkil edilir. Kurs müddətində Baku TV-nin rəhbərliyi iştirakçıların bütün maddi və texniki bazadan təmənnasız olaraq istifadəsinə şərait yaradacaq.
Beləcə də ölkənin aparıcı media orqanlarında işləmək üçün gözəl şans əldə etmiş olacaqlar. Bu sahəyə marağı olan hər kəsi fürsətdən yararlanmağa dəvət edirəm. Rəqəmsal mediada çalışmaq istəyən şəxslər üçün bütün biliklər, fəaliyyət istiqamətləri bu kurslarda əyani formada tədris ediləcək.
Könül Cəfərli
Daha çox foto burada: Photostock.az
Rəylər