Apr
2023
20:08
18
206
4269
Virtual karabakh

58 milyon ayrılan bağda yüz illik nadir nümunələrə yer tapılmır: Həyəcan təbili çalınan fonddan FOTOREPORTAJ

6 Apr, 2023
20:08
4269

58 milyon ayrılan bağda yüz illik nadir nümunələrə yer tapılmır: Həyəcan təbili çalınan fonddan FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Herbari fondunun əməkdaşlarının narahatlığı barədə davamlı məlumatlar paylaşılır.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mərkəzi Nəbatat Bağında aparılan təmir işləri nəticəsində Botanika İnstitutunun yerləşdiyi binanın söküləcəyi bildirilir.

Herbari fondunun da əməkdaşları narahatdırlar ki, illərlə qurudulub saxlanılan herbari fondu məhv olacaq.

Oxu.Az-ın əməkdaşı Herbari fondunda olub.

Fondda müxtəlif otaqlarda qutular qoyulub ki, köçən zaman herbariləri əməkdaşlar özləri yığsınlar.

Botanika İnstitutunun Herbari şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Qaraxani deyir ki, bina bir dəfə təmir olunub:

“Herbariləri altı ay dəhlizə düzdük. İnanın ki, işçilərlə buraya gələndə pilləkəndə ayaqqabılarımızı çıxarır, kənardan keçirdik ki, herbarilər zədələnməsin. Daha sonra şkaflar düzəldi, herbariləri yığdıq. Çox çətin prosesdir. Herbarilər üçün 100 illər boyu əmək sərf edilib. Ailədən, uşaqlardan ayrı düşüb, dağlara çıxıb bitki yığırıq. Nə qədər vəhşi heyvanlarla rastlaşırıq. İndi isə bizə deyirlər ki, bunları yandırın və gedin”.

Alim bildirir ki, köçən zaman nüsxələr qutulara kortəbii yığılsa, məhv olacaq.

Qeyd edək ki, institut 1936-cı ildə fəaliyyətə başlayıb. Amma 1932-ci ildən SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildikdə bir sıra məşhur botanika alimləri - Aleksandr Qrossheym, Leonid Prilipko, İvan Koryagin burada elmi tədqiqat işləri aparıblar. 1800-cü illərdə dünyanın məşhur botanikləri floramızı tədqiq edib və Qafqaz ərazisindən toplanmış müəyyən herbari nümunələrini burada qoyublar.

P.Qaraxaninin sözlərinə görə, Botanika İnstitutunun binasının Mərkəzi Nəbatat bağına heç bir aidiyyəti yoxdur:

“Çünki bu binanın öz sənədi və üç hektara yaxın sahəsi var. Vaxtı ilə Nəbatat bağı özü institutun ərazisində olub və ayrılıb. İndi isə bağın ərazisi təmir olunur və bizim binanı sökürlər. Elmlə məşğul olan bir institut bağı necə çirkin göstərə bilər? Təmir işləri aparanlar yenidən buranı bərpa edib, saxlaya bilərlər. Biz başqa bir yerə də köçürülsək, birdəfəlik bina olmalıdır.

Çünki hər dəfə müvəqqəti bir yerə köçsək, herbarilər məhv olacaq. İnstitutun həyətində xaricdən gətirilən bitkilər əkilmişdi. Ərazidə təmir edənlərin elmdən xəbəri olmadığı üçün hamısını qırıb, dağıdıblar. Bağı gözəlləşdirə bilərlər, amma ağacları kəsib məhv etmək olmaz. Biz oksigeni necə alaq?

Bildiyiniz kimi, torpaqlarımız 30 ilə yaxın işğal altında qalıb. Həmin vaxt ermənilər oranın bitkilərini yox ediblər. Amma məhv olunan bitkilərin qurudulmuş versiyası bizim fondda var. Torpaqlarımız artıq işğaldan azad olunub. Əgər fonddakı nüsxələr yox olsa, torpaqlarımızda olan bitkilərin müqayisəsini necə aparacağıq?

Biz zəng edəcəyik ki, ay erməni alim, Zəngilan rayonunda hansı bitkilər var idi? Bizdə herbarilər var ki, 1929-cu illərdə erməni alimlər burada olarkən bitkinin təsnifatı təyin edilən zaman Qarabağ sözünün üstündən xətt çəkib, Kürdüstan yazıblar. Biz ona dəymirik ki, tarixdir. Hər kəs bilsin ki, onlar elə həmin illərdən biz qarşı düşmən olublar. İndi binanın sökülməsi ilə biz təkcə elmi yox, tarixi də məhv edirik”.

Bir işçi hər hansı bir herbari üzərində işləyir və ona buradakı bir nüsxə lazımdırsa, şkafdan onu xüsusi qayda ilə götürməlidir. Herbarinin bütün orqanları yerində olmalıdır. Laborant herbarini necə götürübsə, elə formada da yerinə qoymalıdır.

Burada iki otaqda Azərbaycan, bir otaqda isə xarici herbari fondu var.

Xaricdən buraya gələn elm adamları tədqiqat aparır, herbari toplayırlarsa, onlardan bir nüsxə instituta verməlidirlər. Nadir olanları isə ümumiyyətlə apara bilməzlər, sadəcə, icazə ilə şəklini çəkə bilərlər. Alimlərimiz xaricdə yaşayan həmkarları ilə mübadilə əsaslı bir-birlərinə herbarilər göndərirlər.

Hər bir herbarinin pasportu var. Orada onun hansı rayondan, dağın ətəyindən yığılması, növü, cinsi və toplayan, təyin edən şəxslərin adı yazılır. Əgər ilkin versiyada alim nəyisə yazıbsa, kiminsə ixtiyarı yoxdur ki, onu cırsın, dəyişsin. Həmin bitki barədə təkrar-təkrar təyinetmə ola və əlavə yazıla bilər.

Fondda bir əsrdən çoxdur ki, herbari xüsusi otaqlarda 18 dərəcə temperaturda saxlanılır. Otaqların qapılarını açıq qoymaq olmaz.

Şöbə müdiri qeyd edib ki, fevralın ikinci ongünlüyündən avqust ayına kimi mütəmadi ekspedisiyalarda olurlar:

“İlkin məqsəd - herbaridə olmayan siyahı çıxarılır və yığılır. Ekspedisiya dövründə bitkiləri toplayandan sonra qəzetlərin arasına qoyur və torlu taxtalara onu sıxıb yığırıq. Gətirdiyimiz nümunələri soyuducuya qoyuruq. Onlar 20 gün qalır və viruslar məhv olur. Daha sonra hazırlanır və 100-500-ə qədər nüsxə yığılır. Yenidən bir həftə soyuducuda saxlanılır. Daha sonra herbarilər təyinata qayıdır və pasport hazırlanır.

Növbəti mərhələdə herbari soyuducuda iki gün qalır və bütün proses bir ay çəkir. Elə olur ki, yeni bitki olur, onu təyin etmək üçün iki ay vaxt lazım gəlir”.

Hər dörd ildən bir beynəlxalq konfrans keçirilir və orada yeni növlər təyin olunur.

O qeyd edib ki, son 20 ildə Azərbaycandan ilk dəfə təsvir olunan, dünya elmi üçün yeni olan yeddi-səkkiz növ verilib:

“2000-ci ildə elm üçün bir növü mən, 2013-cü ildə tələbəm, 2015-ci ildə isə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov verib. Verilən tip nümunəsinin bir nüsxəsi Sankt-Peterburqa göndərilir. Çünki mərkəz oradadır. Biri isə bizdə qalır”.

Tip nümunələrinin də qəribə adlandırma forması var. Bu ad ya bitkinin alındığı yerə uyğun, ya bitkinin quruluşundakı hər hansı bir görünən gözəlliyə görə verirlir. Ya da müəllif öz müəlliminin şərəfinə adlandıra bilər. Kim nə ad istəsə, verə bilməz. Şöbədə herbari ilə 13 nəfər məşğul olur.

Botanika İnstitutunun Mikoloji herbari şöbəsi də var.

Mikologiya şöbəsinin müdiri, biologiya elmləri doktoru Dilzarə Ağayeva deyir ki, herbarium (cəmdə “Herbaria”) qorunub saxlanılan bitki nümunələrinin toplusudur:

“Bu nümunələr bütöv bitki, göbələk, yosun, şibyə, mamır və ya onların hissələridir. Bunlar, adətən, qurudulmuş, preslənmiş formada, kolleksiyadan asılı olaraq zərfləşdirilmiş, su, spirt və ya digər konservantlarda da saxlanılır. Herbarium respublikanın biomüxtəlifliyinin sənədləşdirildiyi yeganə mənbə və milli sərvətdir. Ona əsasən bitki, göbələk və sair qrup orqanizmlərin taksonomik qrupları tədqiq edilir”.

Qeyd edək ki, dünyada 1 500-dək tanınmış herbari var və Botanika İnstitutunun herbarisi onlardan biri olaraq “Index Herbariorum” qlobal kataloquna daxil edilib.

Dilzarə Ağayeva vurğulayıb ki, mikoloji herbari ötən əsrin əvvəllərindən bu günədək toplanılıb və uyğun şəkildə depozit edilib:

“Ümumilikdə təxminən 3 200 növü təmsil edən 12 151 nümunədən ibarətdir. Onlardan 2 500 növ (10 056 nümunə) mikroskopik, 700 növ (2 095 nümunə) makroskopik göbələklərdir. Herbari hətta 1800-cü illərə aid nüsxələri ehtiva edir, Vətənimizin müxtəlif regionlarından, müxtəlif ekosistemlərdən və hündürlüklərdən il ərzində alimlər tərəfindən toplanılıb.

Herbari fondu respublikada elm üçün təsvir edilən yeni növlər, habelə bir çox yox olmuş növün herbarisinin saxlanıldığı yeganə mənbədir. Qarabağın bitki örtüyü və göbələklərinə dair nümunələr xüsusilə dəyərlidir, belə ki, azad edilmiş ərazilərdə onların yenidən aşkarlanma ehtimalı aşağıdır və bərpası üçün lazım olan növlərə dair çox mühüm mənbədir”.

Eyni zamanda, institutda herbarilər qədər dəyərli avadanlıqlara malik laboratoriyalar, müxtəlif eksponat və onlayn resurslarla təmin edilmiş muzey fəaliyyət göstərir.

Fondda Alqologiya və lixenobriologiya laboratoriyasının alqotekasında mühüm nüsxələr də qorunur.

Laboratoriyanın müdiri Şəkər Muxtarova isə deyir ki, burada Azərbaycanın dəniz, su, quru ekosistemlərinin alqoloji və lixenobrioloji növlərinin inventarlaşması, onların yayılma yollarının müəyyən edilərək öyrənilməsi, herbari və alqoteka fondunun yeni növlərlə zənginləşdirilməsi istiqamətində fəaliyyət göstərir:

“Laboratoriyaya aid yosun fondu alqoteka adlanır. Mühüm məlumatlara sahib olan alqotekada hər bir nüsxənin üzərində toplanıldığı yer və tarix qeyd olunmaqla xüsusi şəraitdə qorunur. Herbaridə ümumilikdə 2 813 nüsxə var. Bu nüsxələrə 1 500 növ yosun, 811 növ şibyə və 502 növ mamır daxildir. Yosun nüsxələri Böyük Qafqazın cənub-şərq, Kür Dağarası çökəkliyi, Kiçik Qafqaz, Lənkəran, Orta Araz vilayətləri və Xəzər dənizindən toplanmış nümunələri əhatə edir. Həmçinin alqotekada 1 000-dən çox daimi preparatlar vardır ki, hazırda onlar elektron mikroskopiya üçün istifadə edilir.

Fondda çox nadir, nəsli kəsilmək üzrə olan, hətta 1800-cü illərə aid, görkəmli alimlərin topladığı mamır nüsxələri saxlanılır. Buna əsasən deyə bilərik ki, fondun herbari bazasının qorunub-saxlanılması və növbəti nəsillərə çatdırılması əhəmiyyətlidir. Şibyə nüsxələri də herbari üçün vacib əhəmiyyət daşıyır. Herbaridə ancaq Azərbaycan florasına aid şibyə nüsxələri deyil, eləcə də qonşu ölkələrin floralarına aid nüsxələr saxlanılır. Herbariyə aid olan ən qədim şibyə nüsxəsi 1844-cü ilə aiddir”.

Herbari fondunda Azərbaycanın sərvəti olan dəyərli herbari nümunələri müasir avadanlıqlar (HERBSCAN) vasitəsilə rəqəmsallaşdırılır və Avropa Virtual Məlumat Bazasına daxil edilir.

Hazırda Mərkəzi Nəbatat Bağının ərazisində təmir işləri gedir. Bağda gedən işlərin çəkilişinə isə icazə verilmir. Ətrafda bağın yeni görkəmi ilə bağlı heç bir layihə təsvirinə də rast gəlmədik.

Elm və Təhsil Nazirliyindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Botanika İnstitutunun sökülməsi ilə bağlı yayılan məlumatlar araşdırılır və yaxın günlərdə məlumat veriləcək.

Qeyd edək ki, ötən ilin may ayında Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Eyni zamanda, 2022-ci ilin oktyabr ayında Bakı Şəhər İcra Hakimiyyəti Mərkəzi Nəbatat Bağında abadlıq işlərinə 58 milyon manata yaxın vəsait ayıracağı barədə məlumat yayıldı.

Belə ki, “www.etender.gov.az” saytının məlumatına görə, İcra Hakimiyyəti “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Xəzər Construction” MMC-ni podratçı qismində cəlb edib. Tərəflər arasında bağlanmış müqavilənin məbləği 57 999 905 manat təşkil edir.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri