Xəzər rayonu, Buzovna qəsəbəsi, Nadir Axundov küçəsində iki il əvvəl aparılan qazıntı işlərindən sonra yol bərpa edilməyib.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (055-224-12-12) müraciət daxil olub.
Sakinlərin sözlərinə görə, sözügedən küçədə yol bərbad vəziyyətdədir. Buna səbəb isə iki il əvvəl elektrik xətlərinin çəkilməsi ilə əlaqədar aparılan qazıntı işləridir.
"Bu problemə görə yayda tozdan, qışda isə palçıqdan əziyyət çəkirik. Əvvəllər normal asfalt örtüyü olan yol qazıntı işlərindən sonra dağılıb. Bu il isə küçədə qaz xəttinin çəkilməsi ilə əlaqədar yenidən qazıntı aparılıb. Lakin işlər başa çatdıqdan sonra yolun bərpası ilə heç bir qurum məşğul olmayıb", - deyə sakinlər bildiriblər.
Onlar əlavə ediblər ki, qazıntı işləri zamanı küçənin işıqlandırma xətləri də zədələnib. Nəticədə, gecə saatlarında küçə işıqsız qalır və bu da sakinlər üçün təhlükə yaradır.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemlə əlaqədar iki quruma müraciət ünvanlanıb.
Qurumdan qeyd edilib ki, avtomobil yollarına xidmət göstərilməsi və yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə həyata keçirilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətlərinə aiddir.
Bildirilib ki, Xəzər Rayon İcra Hakimiyyəti Buzovna qəsəbəsində istismara yararsız yolların təmiri işlərinin Dövlət İnvestisiya Proqramına daxil edilməsi məqsədilə aidiyyəti quruma müraciət edib.
Həmçinin küçənin işıqlandırılması ilə bağlı problemin həlli və zəruri tədbirlərin görülməsi üçün "Bakı Şəhər İşığı" Elektrik Şəbəkələri Müəssisəsinə rəsmi müraciət ünvanlanıb.