Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Salam, tarix: AzTV-nin gün üzü görməyən “Qızıl fond”undan REPORTAJ + FOTO
Haqqında böyüklərimizdən eşitdiyimiz, tarixə şahidlik etmiş verilişlərin, tarixi hadisələrin videokadrlarının saxlanıldığı fonddayıq.
Özümüzü dünənə səyahətdə hiss etdiyimiz bu məkan minlərlə insanın əməyindən yoğrulub. Arxivi formalaşdıranların bir çoxu artıq həyatda deyil. Pensiyada olanları da var. Azərbaycan televiziya tarixinin nadir kadrlarının toplandığı fondda hər şey bütün dəqiqliyi işə mühafizə olunur.
Oxu.Az-ın əməkdaşları bu dəfə Azərbaycan Televiziyasının Arxiv şöbəsi və “Qızıl fond”unda olublar.
Arxiv şöbəsində materiallar 1956-cı ildən (Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin yarandığı vaxtdan) saxlanılır.
Otaqda rəflər nömrələnib. 01, 02, 03, 04, 05... və sair. Bunun səbəbi isə hər nömrədə janrlar üzrə kasetlərin yerləşdirilməsidir.
Video-kinomateriallar şöbəsinin rəisi Fatma Rzaquluqızı deyir ki, “Qızıl fond”da 52 mindən yuxarı kaset saxlanılır:
“Bir kasetdə bir neçə veriliş olur. Bu, onların xronometrajından asılıdır. Məsələn, xəbərlərə aid arxiv lazımdırsa, 14-cü rəfdə axtarış edilir. Dram, ictimai-siyasi, musiqi və sair verilişləri isə digər nömrəli rəflərdə olur. Hətta burada beynəlxalq redaksiyanın da arxivi var”.
Otağın temperaturu fəsildən asılı olmayaraq, 19 dərəcəni aşmır. Bura qətiyyən gün işığı düşmür və ayda bir neçə dəfə rütubət ölçülür. Otağa yalnız xüsusi buraxılışı olan əməkdaşların girişinə icazə verilir.
F.Rzaquluqızı bildirir ki, materiallar orada 100 ilə yaxın qalacağı üçün köçürülmə zamanı işçilərin xırda səhv etməyə belə, ixtiyarı yoxdur:
“Hər verilişin adı dəqiq, düzgün yazılmalıdır ki, illər sonra lazım olanda tez tapılsın. Səhv etmək ixtiyarımız yoxdur”.
Otaqların birində arxivin köçürülməsi üçün avadanlıqlar quraşdırılıb.
Texniki İstehsalat Birliyinin direktoru Elnur Əlizadənin sözlərinə görə, AzTV-TRT-TİKA arasında arxiv materiallarından səmərəli istifadə ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb və hazırda arxivin rəqəmsallaşması prosesi başlanıb:
“1956-cı il fevralın 14-də fəaliyyətə başlayan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətin 67 il ərzində toplanmış min saatlarla arxiv materialları yenidən işıq üzü görəcək. Bura xəbərlər üçün süjetlərdən tutmuş sənədli və bədii filmlər, tamaşalar, hətta cizgi filmləri daxildir. Rəqəmsallaşma olsa da, yenə də arxiv saxlanılacaq.
Köçürülmə prosesinin nə zaman yekunlaşacağı bilinmir. Ola bilsin, bütün kasetlər saxlanılmadı. Bu barədə daha sonra qərar veriləcək. Hazırda isə çəkilən materiallarımız, kameradan efirə gedən material kimi hamısı rəqəmsallaşdırılır”.
O əlavə edir ki, QSC-nin arxiv materialları yalnız köçürülməyəcək, “Qızıl fond” bundan sonra vaxtı ötmüş və istifadəyə yararsız lentlərdə deyil, elektron arxiv sistemində mühafizə olunacaq.
Daha sonra otaqların birində xüsusi kimyəvi maddə şəraitində saxlanılan lentlərə baxırıq.
Filmotekanın əməkdaşı Sahib Tağızadə deyir ki, kinoxronikada Birinci Dünya müharibəsindən, 1930-cu illərin də görüntüləri var:
“Onlar o vaxt lentə köçürülüb. 1956-cı ildən indiyədək isə özümüzün lentə aldıqlarımız var. Bizim nəyə gücümüz çatırsa, qoruyub-saxlamışıq.
Lentlərdə elə vəzifəli şəxslərin kadrları var ki, onları, əsasən, bizim pensiyaya çıxan əməkdaşlarımız tanıyırlar. Bir qutu digərinə toxunmamalıdır. Lentlərin tərkibində xüsusi maddə var ki, materiallar saxlanılsın. Otaqda temperatur 16 dərəcə olmalıdır. Bu lentlər efirə gedəndə o qədər sevinirəm ki! Çünki keçmiş hələ də qorunur. Bu, tarixdir”.
Qeyd edək ki, hər bir qutuda təxmini 10 dəqiqəlik film var.
Arxiv otağında 10 dəqiqə dayansanız, öskürəcəksiniz, 15 dəqiqədən çox qalsanız, süd içməlisiniz...
Xatırladaq ki, Elektron Arxiv Sistemi Prezident İlham Əliyevin tapşırığı və müvafiq sərəncamı əsasında QSC-yə bir milyon manat vəsaitin ayrılması ilə yaradılır. Proses may ayının sonunda başa çatacaq. Daha sonra 67 il ərzində formalaşmış “Qızıl fond” hissə-hissə, tarixi mərhələlər üzrə elektronlaşdırılacaq.
IT şöbəsinin əməkdaşı Elvin Mirzəyev deyir ki, xüsusi aparatla, baraban vasitəsilə lentlər kompüterə köçürülür:
“Orada filmin səsi yoxlanılır. Daha sonra montaj olunur, səsdə problem varsa, düzəldilir. Məqsədimiz informasiyanı rəqəmsalaşdırmaqdır”.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
Rəylər