Sen
2023
14:40
277
266
56198
Virtual karabakh

“Xnxx” və “Google”un anasını ağladan xalq - FOTO

7 Sen, 2023
14:40
56198

“Xnxx” və “Google”un anasını ağladan xalq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Dünyada ən çox sual bəlkə də “Google” axtarış sisteminə verilir. 

Məsələn, makaronu neçə dəqiqə bişirmək lazımdır? Və ya filan xəstəliyin simptomları hansılardır? Filan yerə necə getmək olar və s.

Yəni bu və bunun kimi digər axtarış sistemləri insanlığın həyatını maksimal dərəcədə asanlaşdırıb. 

Mən hələ ali təhsil almaq üçün, dünyanın aparıcı təhsil müəssisələrində çalışmaq, işləmək üçün yararlanan adamları demirəm. Qısaca, bu “Google” Ələddinin sehrli çırağıdır. Nə istəsən, axtarıb tapır adam üçün. 

Hətta istədiyin ölkənin (dünyada) açıq resurslarda dövlət arxivini, kitabxanalarını da tapmaq olar, amma və lakin bu bizə lazım deyil. Yəni biz azərbaycanlılara lazım deyil. Bizə çox adi, çox sadə şeylər lazımdır “Google”dan. Siyahını təqdim edirəm. 

Birinci yerdə “Xnxx” saytı durur. Tanıyan tanıyır, tanımayan da “Google” axtarışa verib tapacaq. Qısası, pornoqrafik görüntülərin yer aldığı internet resursudur. 

Anlaşılan odur ki, 10 milyonluq əhalinin internetə çıxış imkanı olan hissəsinin birinci istəyi budur. Yəqin ki, sosioloqlar, seksoloqlar, psixoloqlar bu istəyin bir cəmiyyət üçün niyə birinci yerdə durmasını daha yaxşı təhlil edərlər. Mənim başa düşdüyüm isə budur ki, ya bu istək ödənilmir ki, bu qədər axtarışa verilir, ya da ki, elə baş bura qədər işləyir.

Keçək axtarış sistemində ikinci sırada duran açar sözə - “translate”. Burada da xeyli suallar yaranır. Bu tərcümə sistemində görəsən nə axtarılır? Birinci saytda arzu və istəklərin xarici dildə yazılış qaydasımı, yoxsa başqa şeyi? Bu məsələ də qalır “Google”un öz gizli datasına.

III və IV yerlərdə isə avtomobil satışı üçün nəzərdə tutulan sayt və “YouTube” qərarlaşıb.

Artıq yavaş-yavaş bizim cəmiyyətin psixoloji portreti gözümüzün önündə formalaşır. İlk yerdə əsas instinkt, sonra maşın və seriallara, ya da videolara baxmaq. Çox sadə arzuları var cəmiyyətimizin, deyilmi? Qız, maşın, “qurdlar vadisi” və “kiminle dans etdiyinin farkında deyilsin” fason verilişlər. 

Sonra isə siyahıda yenə də tərcümə tələb edən açar söz gəlir. 

Və birdən şok! Belə bir şey necə ola bilər?! İnsanlarımız axtarış sisteminə “oxu.az” yazıblar. Sevindim, az qalsın dilim qatlana. Qız, maşın, lağlağı və birdən Oxu.az İnformasiya Agentliyi...

Həqiqətən də bizi və bizimkiləri ağılla dərk etmək mümkün deyil. Buraya başqa bir yanaşma lazımdır ki, anlayasan. Bir bilsəydim hansı adamlar, kimlər, neçə faiz, ölkənin hansı hissəsində axtarışa verib “Oxu.az” sözü. Mənim üçün tablo az da olsa müəyyənləşərdi. Görəsən cəmiyyət hansı xəbəri oxumaq üçün və ya dəqiqləşdirmək üçün üzünü Oxu.az-a tutur? Yazsanız, çox təşəkkür edərəm. 

Keçək siyahının davamına. 

Daha sonra isə siyahıda “Instagram” var. Amma maraqlısı odur ki, axtarışa verilən sosial şəbəkənin adını belə düzgün yazmayıblar - “İnsatgram”. Bəli-bəli bu da çox maraqlı göstəricidir. Sosial şəbəkənin adını düzgün yazmayan çox böyük hissə var. Yəqin siz də diqqət etmisiniz ki, sosial şəbəkələrdə doğru-düzgün yazan tək-tük adam var. İnsanımız ə, ş, ğ, ı, ö, hərflərini heç tanımır, yerinə e, w, g, i, o yazır. Məsələn, mən “oldu” yazılırsa, bunu oldu kimi oxuyuram. Lakin məzmuna baxırsan ki, kimsə dünyasını dəyişib, sonra o yazılanı oxuyanda anlayırsan ki, adam “öldü” yazıb əslində. Deməli onların “oldu”su, əslində “öldü”dür.

Onlar da mənim yazdığımı başa düşmürlər. Çünki bayaq saydığım hərfləri tanımırlar. Mən onlara “vatsap” əlifbasında yazıb-oxuyanlar deyirəm. Hələ bu adamların öz “üslub”larında banner-elan çap etmələri də var. Və ya tortun üstünü, dəvətnamələri yazmaqları var. Mən düşünürəm ki, onların ayrıca dilləri var. Bəli, onlar bizdən ayrı, fərqli dildə yazıb-oxuyurlar. 

Hələ sözlərin belini qırıb yazanları demirəm, onlar da arta-arta gedirlər. Nöqtə, vergül isə heç kimin vecinə deyil. Hə, bir də sosial şəbəkələrdə “önəmli” olan söyüş yazmaqdır. Nə qədər çox yazsan, bir o qədər hörmətli olursan. Ya da ki, canlı açıb söysən. Fərqi yoxdur kimi. Bu adamların canlısına da 40 min, 50 min adam baxır. Hələ bir 5-10 min civarında pul da qazanırlar. Sadəcə bu qədər asan.

Qayıdaq siyahımıza. 

Arada yenə gözümüzə siyahıda “xnx” və “pornhub” dəyir. Satış saytı, “EDVgerial”, “mərc saytaları”... Siyahını isə “trendyol” bağlayır. 
Hə, yadımdan çıxmamış, “Google” axtarış sistemində “google” yazıb axtarmaq da məhz bizə məxsus göstəricidir. İndi bunu kim hansı məqsədlə edib, babalı öz boynuna. Mən faktı yazıram. Bəlkə elə həqiqətən də nəsə ağıllı bir məqsədi olub.

Belə baxanda bizim cəmiyyətdən nəsə böyük bir şey gözləmək sadəlövhlük olardı. “Google” axtarış sistemində birinci yerdə Kembric Universitetinin kitabxanası sorğusunun olacağını gözləyirdiniz ki? Heç Axundov kitabxanasının harada yerləşdiyini bilmirik. Maraqlıdır, görəsən sorğu keçirtsək neçə nəfər məhz o binanın kitabxana olduğunu biləcək? Və ya görəsən neçə nəfər ümumiyyətlə kitabxananın nə olduğunu biləcək?

Bircə onu bilirəm ki, bu dünyada bütün uğurlara sahib olanlar kitab oxuyanlardır. Elə “Google” yaradanlar da, ondan milyardlar qazananlar da kitab oxuyanlardır. Kitab oxuyanlar isə hər zaman kütləni idarə edəcəklər. Kütlənin isə ağzına iki dənə porno sayt, iki dənə mərc-qumar saytı, iki dənə də maşın saytı atdınsa, iş düzəldi.

Çalışın kütlədən olmayın, kitab oxuyanlardan olun.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri