16 
Dek
2023
16:30
33
295
18107
Virtual karabakh

Xankəndi yolunda PFL rəsmilərinin düşdüyü qəza ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB + FOTO/VİDEO

16 Dek, 2023
16:30
18107

Xankəndi yolunda PFL rəsmilərinin düşdüyü qəza ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında Ağdam-Xankəndi yolunda Peşəkar Futbol Liqasının rəsmilərinin xəsarət alması ilə nəticələnən qəza ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, mikroavtobusu idarə edən Rasim Qafarlı yolu tanımadığı üçün naviqasiya tətbiqindən istifadə edib. 

Məlumata görə, qəzaya düşən zaman sürücü avtomobili 90 km/saat sürətlə idarə edib. 

Hadisə zamanı avtomobil yol nişanı quraşdırılmış dirəyə çırpılıb.

15:03

“Yaralılardan ikisinin vəziyyəti digərlərinə nisbətən kritikdir”.

Bu barədə Oxu.Az-a açıqlamasında “Bona Dea” xəstəxanasının baş həkimi Cabir Gülmalıyev deyib.

O bildirib ki, səhər saatlarında Xankəndi yolunda avtoqəza keçirən altı nəfər günorta saatlarında Bərdə Rayon Mərkəzi Xəstəxanasından “Bona Dea”ya gətirilib:

“Yaralılar dərhal aidiyyəti üzrə müvafiq şöbələrə yönləndirilib, dərhal həkim müdaxiləsi edilib. Qəbul edilən yaralılardan ikisinin - Aslan Şahgəldiyev və Elxan Səmədovun digərlərinə nisbətən tibbi vəziyyətləri kritikdir. Hər ikisi hazırlıqdan sonra dərhal əməliyyata alınacaq. Digər xəstələrə tibbi müdaxilələr edilib. Tibbi vəziyyətləri stabildir. Onlar stasionar müalicə üçün müvafiq palatalara yerləşdiriliblər”.

14:05

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən mikroavtobusda olan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Bakıya gətirilib. 

Oxu.Az xəbər verir ki, E.Səmədovla yanaşı, mikroavtobusun sürücüsü Rasim Qafarlı da paytaxta çatdırılıb. 

Onlar “Bona Dea” xəstəxanasına yerləşdiriliblər.

14:02

Bu gün səhər saatlarında Ağdam-Xankəndi yolunda qəzaya düşən mikroavtobusda olan PFL əməkdaşlarının aldığı xəsarətlər məlum olub. 

Oxu.Az xəbər verir ki, Bakı sakini Elxan Zakir oğlu Səmədov (14.01.1974) - Simfizin tam aralanması, sol oma qalça oynağının sınığı, sol bayır topuğun açıq sınığı, sağ baldır sümüklərinin qəlpəli yerdəyişmiş açıq sınığı, böyükölçülü sümük defekti olması ilə sağ dirsək oynağının oynaqdaxili sınığı, sol 1-ci barmağın yerdəyişmiş sınığı;

Bakı sakini Sənan Məstəli oğlu Abdullayev (24.06.1984) - Hər iki ayaq pəncəsinin əzilməsi;

Bakı sakini Aslan Yadigar oğlu Şahgəldiyev (31.08.1981) - L1 fəqərənin kompression sınığı;

Bakı sakini Rasim Məmmədrəsul oğlu Qafarlı (20.06.1982) - Sağ diz oynağının əzilməsi;

Bakı sakini Elgiz Rafiq oğlu Abbasov (26.04.1990) - Sağ diz nahiyə əzilməsi;

Bakı sakini Zaur Tahir oğlu Hacıməhərrəmov (16.06.1981) - Burunun küt travması xəsarəti alıb.

Qəzaya uğrayan mikroavtobusun hadisədən sonrakı görüntülərini təqdim edirik: 

13:33

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən PFL-in mətbuat katibi Sənan Abdullayev, qurumun icraçı direktoru Zaur Hacıməhərrəmov və qurumun texniki idman direktoru Elgiz Abbasov Bakıya gətiriliblər. 

Oxu.Az xəbər verir ki, onlar da təcili yardım avtomobili ilə “Bona Dea” xəstəxanasına yerləşdiriliblər.

13:24

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev Bakıya gətirilib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, “Bona Dea” xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəzada xəsarət alan PFL prezidenti Elxan Səmədov əməliyyat olunması üçün xüsusi təyyarə ilə Türkiyəyə aparılacaq.

11:58

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən PFL rəhbərliyinin Xankəndiyə səfəri dekabrın 21-də baş tutacaq Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK görüşü ilə bağlı olub. 

Oxu.Az-ın məlumatına görə, onlar bu məqsədlə mikroavtobus icarəyə götürüblər və gecə saatlarında yola düşüblər.

11:45

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər 16.12.2023-cü il tarixində saat 7 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Qeyd edilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti orta ağır, ikisinin vəziyyəti isə stabil qiymətləndirilir.

Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

11:26

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, onlar Bakı sakinləri 1984-cü il təvəllüdlü Sənan Məstəli oğlu Abdullayev, 1974-cü il təvəllüdlü Elxan Zakir oğlu Səmədov, 1982-ci il təvəllüdlü Rasim Məmmədrəsul oğlu Qafarlı, 1981-ci il təvəllüdlü Aslan Yadigar oğlu Şahgəldiyev, 1990-cı il təvəllüdlü Elgiz Rafiq oğlu Abbasov, 1981-ci il təvəllüdlü Zaur Tahir oğlu Hacıməhərrəmovdur. Xəsarət alan şəxslər Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda xəsarət alan şəxslər Bakıya göndərilir. 

Mikroavtobusda qəzaya düşən şəxslərin Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olduğu bildirilir. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, xəsarət alan Elxan Səmədov PFL-in prezidentidir və onun vəziyyəti ağırdır. E.Səmədov Bakıya gətirilir.

Qəzaya düşən Sənan Abdullayev PFL-in mətbuat katibi, Aslan Şahgəldiyev qurumun vitse-prezidenti, Elgiz Abbasov PFL-də texniki idman direktoru və Zaur Hacıməhərrəmov qurumun icraçı direktorudur.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğuya cavab olaraq bildirilib ki, bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakinin Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. 

Faktla bağlı araşdırma aparılır.

Həssas görüntülər

09:46

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Aysel Aslan, Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri