“Evini, mənzilini təmir etdirmək istəyən hər kəs əvvəlcədən hər şeyi detallarına kimi nəzərə almalıdır. Bilməlidir ki, hansı avadanlıqlar alınacaq, harada yerləşdiriləcək, mətbəxin yeri hara olmalıdır, televizor, soyuducu, masa harada qoyulacaq, hansı tip stullar lazım olacaq, qapılar harada qoyulacaq və hansı istiqamətə açılacaq. Bunlar hamısı əvvəlcədən planlanmalıdır”.
Bunu Oxu.Az-a müsahibəsində tanınmış memar-dizayner Rəna Novruzlu deyib. Müsahibəni təqdim edirik:
- Rəna xanım, yazın gəlişi həm də təmir mövsümünün startı deməkdir. Təmir planlaması nədən başlamalıdır?
- İlk olaraq müzakirə və təhlildən. Yəni nə istəyirəm, necə istəyirəm, büdcəm nə qədərdir? Evini, yaxud mənzilini təmir etdirmək istəyən şəxs öncə peşəkar memar-dizaynerlərə müraciət etməlidir. Niyə? Çünki əgər biz orta büdcə ilə istədiyimiz nəticəni əldə etmək, mənzilimizin hər kvadratmetrindən səmərəli istifadə etmək istəyiriksə, o zaman memar-dizayner bizə yardımçı ola bilər. Nəzərə alaq ki, təmir-dizayn işinə müraciət edən sifarişçilərin əksəriyyətinin istəyi eynidir - iş keyfiyyətli olsun, gözəl olsun, amma baha olmasın. Bunun öhdəsindən də gəlmək üçün biz memar-dizaynerlər müxtəlif variantlarda planlar hazırlayıb sifarişçiyə təqdim edirik.
- Sizcə, ev təmirində ən çox yol verilən səhvlər nə olur?
- Təmir zamanı, təəssüf ki, səhvlər çox olur. Bu səhvlər, əsasən, ortada layihə olmayanda özünü göstərir. Çünki ya çox vaxt usta başa düşmür ki, evin sahibi nə istəyir, ya da evin sahibi istəyini izah edə bilmir.
Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, ustalar, əsasən, özlərinə aid olan müəyyən məsələləri bilə bilərlər, hər şeyi yox. Məsələn, rəngsaz məhz rəngsaza aid olan hansısa işi görə və ya məsləhət verə bilər. Axı rəngsaz hörgünün vəziyyəti, otaqların eni, uzunu barədə məsləhət verə bilməz. Versə də, doğru olmaz. Belə görülən işlərin sonunda sürpriz olmayan, amma ciddi problemlər ortaya çıxır. Məsələn, məlum olur ki, dəhlizin ölçüləri düz deyil və mebellər oradan keçmir, yaxud lazım olan avadanlıqlar yerinə düz oturmur və s.
Bundan əlavə, ən böyük səhvlərdən biri düzgün olmayan trayektoriyadır - yəni insanın mənzildəki hərəkət istiqaməti. Baxırsan ki, insan otağına daxil olanda az qalır, birbaşa çarpayının üstündən keçsin, eyvanın qapısı əks istiqamətə açılır.
Əslində isə bu elə planlanmalıdır ki, otağa daxil olanda qapıdan eyvana kimi hər hansı maneə insanın qarşısını kəsməsin. Buna trayektoriya deyirlər, yəni hərəkətin düzgün planlanması.
“Evini, mənzilini təmir etdirmək istəyən hər kəs əvvəlcədən hər şeyi detallarına kimi nəzərə almalıdır. Bilməlidir ki, hansı avadanlıqlar alınacaq, harada yerlə...
- Təmir-dizayn işlərinin qiymətləri nəyə əsasən formalaşır?
- Bu gün bazarda özünə dizayner deyən insanlar çoxdur. Onlar, əslində, dizaynla yox, dəllallıqla məşğuldurlar. Təbii ki, bu cür “dizayner”lərin qiymətləri də aşağıdır. Əlbəttə ki, peşəkar şəkildə dizayn layihəsi istəyirsinizsə, bunun qiyməti aşağı olmayacaq. Qiymət işə sərf olunan saata görə hesablanır.
Ona görə də mən sosial hesablarım üzərindən də çalışıram ki, insanları maarifləndirim. Bilsinlər ki, dizayn işi nədir, niyə təmir prosesini memar-dizayna etibar etmək lazımdır və qiymətlər nəyə əsasən formalaşır.
Bəzən baxırsan ki, dekorasiya ilə məşğul olan insan özünə dizayner deyir. Onlar nə planlamanı, nə mebel ölçülərinin təyin olunması üçün düzgün hesablama aparmağı, nə avadanlıqların harada necə yerləşdirilməsinin daha doğru olmasını, nə də elektrik yuvalarının yerinin düzgün təyin edilməsini bilmirlər. Çünki bütün bunlar hamısı kompleks şəkildə dizayn layihəsi adlanır. Dizayn layihəsini isə yalnız ali təhsilli memarlar və dizaynerlər həyata keçirə bilərlər. Layihəni heç bir halda bir dizayner, yaxud bir memar həyata keçirə bilməz - bu, komanda işidir.
- Rəna xanım, mənzil satışında belə bir məsələ var - sahəsi az olan mənzillərin qiyməti hər kvadratmetrə görə daha yüksək qiymətləndirilir. Məsələn, 60 kvadratmetrlik birotaqlı mənzilin kvadratını hesablayırlar iki min manatdan, iki-üç otaqlı və daha çox sahəsi olan mənzillərin kvadratını isə 1 800 manatdan. Təmir-dizayn işləri zamanı da az kvadrata çox, çox kvadrata az pul hesablanması düsturu qüvvədədirmi?
- Bəli, dizayn işində də eynən belədir. Nəzərə alın ki, bir var, bir layihəni 100 kvadratmetrdə həyata keçirirsən, bir də var, 50 kvadratmetrdə. Kiçik mənzillərdə daha çox əmək sərf olunur.
- Memar-dizaynerlərə ən çox mənzil sahibləri, villa sahibləri, yoxsa həyətyanı sahədə ev tikmək istəyən insanlar müraciət edirlər?
- Mənzil sahiblərinin müraciəti, əlbəttə ki, çoxdur. Səbəb də odur ki, say etibarı ilə mənzillər villa və həyətyanı sahələrdən çoxdur. Yaxşı hal odur ki, getdikcə müştəri bazası da cavanlaşır. Yəni əvvəl, əsasən, 35 yaşından yuxarı, özü mənzil alan bilən təbəqə müraciət edirdisə, indi daha çox cavan ailələr, hətta kiçik mənzil alsalar belə, memar-dizaynerə müraciət etməyə çalışırlar.
Sadəcə, bizdə memarlıqda həyət evləri ilə bağlı bir məsələ də var, istəyirəm, ona da toxunum. Bir çoxları həyət evlərində tikilinin çölünü düşünürlər, amma içinə fikir vermirlər. Baxırsan ki, satışda olan ev villadır, çöldən gözəl memarlıq nümunəsidir, landşaftı da pis deyil, amma elə ki içəri girdin, bütün gözəllik bitir. Dəhşətə gəlirsən ki, içəridə bahalı hər şeydən istifadə olunub, amma heç nə yerində deyil. Elə bil ki, usta deyib, filan şeylər bahalıdır, keyfiyyətlidir, onları alaq, bunu oraya yapışdıraq, onu buraya yapışdıraq, vəssalam. O qədər pul xərclənib, amma ortada zövqsüzlükdən başqa heç nə yoxdur. Bu cür dırnaqarası təmirli evləri, villaları satmaq da asan olmur. Çünki alan adam, pul verən adam hər şeyin yaxşı olmasını istəyir.
Bağ evlərinə də yanaşma eynidir. Tikirlər, qururlar, içinə çatanda deyirlər, “əşi, bağ evidir də”.
- Mənzillərin təmirində bir ağrılı məqam da var. Bəzi hallarda mənzilin sahəsini genişləndirmək üçün onun daxilindəki müəyyən divarları sökürlər. Bir memar-dizayner kimi necə düşünürsünüz, mövcud divarların hansınısa sıradan çıxartmaq olarmı?
- Siz yeni tikililəri nəzərdə tutursunuz, yoxsa köhnə tikililəri?
- Fərqi yoxdur, elə hər ikisini.
- Fərq var, əslində. Çünki köhnə tikililərin bünövrəsi var və onların bünövrəsinə çox vaxt xələl gətiriblər. Təsəvvür edin ki, sadə eyvanların altına sütunlar qoyub artırmalar ediblər və bu artırmaların heç bir özəyi, bünövrəsi yoxdur. Bu da binanı müəyyən mənada dartmaq deməkdir. Təbii ki, heç xoşa gəlməyən hallardır.
Köhnə binaların konstruksiyası elədir ki, orada həm daşıyıcı divarlar var - hansı ki, toxunmaz olmaz, həm də daşıyıcı olmayan divarlar var, hansı ki, müəyyən mənada toxunmaq olar. Misal üçün, beşmərtəbəli binanın beşinci mərtəbəsidirsə və həmin o sökülməsi nəzərdə tutulan divarın daşıyıcı yükü yoxdursa, ona müəyyən üsullarla toxunmaq olar.
Yeni tikililərdə isə heç kim icazə verməz ki, daşıyıcı divarları və sütunları kimsə söksün. Bunlar hamısı statistik məsələlərdir, hesablamalarda nəzərə alınır.
- Mənzillərdə səs izolyasiyası da problemli məqamlardandır. Qonşu bir az möhkəm danışsa, biz onu rahat eşidə bilirik, yaxud əksinə. Bu problemi aradan qaldırmağın bir yolu varmı?
- Yeni tikililərlə bağlı onu deyə bilərəm ki, səs izolyasiyası elə də ucuz bir şey deyil. Əgər tikinti şirkətləri bunu düşünməli olsalar, o zaman mənzillərin qiyməti bir neçə dəfə qalxa bilər. Çünki izolyasiya, sadəcə, divarlarda yox, döşəmə və tavanda da olmalıdır. Bu işi fərdi şəkildə kimlərsə gördürə bilərlər, təbii. Amma yenə də vurğulamaq istəyirəm - bu, çox bahalı bir istəkdir.
- Qiymət məsələsinə bir də qayıdası olsaq, memar-dizaynerin təyin etdiyi məbləğ hər kvadratmetr üçün minimum nə qədərdən başlaya bilər?
- Minimin qiymət 600 manatdan başlayır, amma yenə də baxır, həmin qiymətə nələr daxildir.
- Lazım olan materiallar da memar-dizayner tərəfindən alınır?
- Özümüz də ala bilərik, məsləhət də verə bilərik. Müştəriyə necə uyğundursa.
- Sual bir qədər qəribə səslənə bilər, amma maraqlıdır, hər hansı materialları alanda onların hansı firmadan və neçəyə alınması ilə bağlı müştəriyə qaimə təqdim olunur, yoxsa müştəri sizin sözünüzə inanır?
- Əlbəttə. İşə professional yanaşma bunu tələb edir. Bizdə qaimələrin hamısı verilir, alınan hər şeyin şəkli də çəkilir və nə niyə alınıb - hamısı qeyd olunur. Bu, işə peşəkar yanaşmadır ki, sabah kimdəsə işə qarşı hər hansı şübhə yaranmasın. Nə alınıb, haradan alınıb, nə qədər alınıb - hamısının statistikası aparılır və lazım olanda ortaya qoyulur. Biz öz imicimizi, adımızı qorumaq üçün əlbəttə ki, bunu etməliyik və edirik. Eyni zamanda, özümüz də sonra o statistika ilə işləyirik. Əks halda sizin kimi sual verən olanda ki, məsələn, bağ evində, yaxud filan tipli mənzildə təmir neçəyə başa gəlir - mən necə cavab verə bilərəm? Nəyin əsasında qiymət deyə bilərəm? Ona görə də həm özümüzdə, həm də müştəridə hər şey barədə tam aydın məlumat olur.
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova
Rəylər