12 
Okt
2023
10:32
56
14
1550
Virtual karabakh

“Kəpəz”in baş məşqçisi: “Büdcəmizə uyğun ən yaxşısını etmişik” - MÜSAHİBƏ

12 Okt, 2023
10:32
1550

“Kəpəz”in baş məşqçisi: “Büdcəmizə uyğun ən yaxşısını etmişik” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məqsədimiz Premyer Liqada qalmaqdır”.

Bu sözləri Oxu.Az-a müsahibəsində “Kəpəz” Futbol Klubunun baş məşqçisi Azər Məmmədov deyib.

Müsahibəni təqdim edirik.

- “Kəpəz” Premyer Liqada ilk dövrəni beş xalla sonuncu - 10-cu pillədə başa vurdu. Komandanın çıxışını yəqin ki, təhlil etmisiniz. Sonuncu pillədə qərarlaşmağınızın səbəbi nədir?

- Düşünürəm ki, birinci dövrədə daha çox xal toplaya bilərdik. Öz gücümüzə uyğun komandalardan xallar alacağımızı fikirləşirdik. Ancaq təəssüf ki, bir qədər fərqli alındı. Biz daha güclü, ötən mövsüm yüksək pillələrdə qərarlaşan kollektivlərdən xallar aldıq. Bu, bir tərəfdən, bizimlə eyni səviyyədə olan komandalar qarşısında üstünlüyümüz idi. Amma gücümüz çatan rəqiblərlə görüşlərdə istədiyimiz nəticələri qazana bilmədik. Təəssüf ki, hər şey düşündüyümüz kimi olmadı. İlk dövrə üçün minimum 8-10 xal qazanmağı fikiləşirdik. Bu məqsədimizə çatmadıq. Amma ilk dövrə Premyer Liqada həm mənim üçün, həm də komanda üçün təcrübə oldu. Düşünürəm ki, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra daha yaxşı olacağıq. Həm ikinci dövrədə, həm qış fasiləsindən sonra lazım olan xalları qazanıb elitada yerimizi qorumağı hədəfləyirik.

- Özünüzdən güclü komandaları büdrətdiyinizi söylədiniz. Həqiqətən, “Neftçi”yə qalib gəlmisiniz, “Qarabağ” və “Sabah”la heç-heçə etmisiniz. Görünür ki, komandanın potensialı var. Bəs daha münasib rəqiblərə qarşı oyununuz niyə alınmır?

- Razıyam, adını çəkdiyiniz komandalardan xal almışıqsa, deməli, potensialımız var. Digər oyunlara gəlincə, qeyd edim ki, komanda yeni qurulub. Bizdə heyətin komplektləşməsi sürətli getmədi, vaxt lazım idi. Bu da oyunlarla yoluna düşməlidir. Meydana həmişə ideal heyət buraxa bilmədik. Sentyabrın 5-dən sonra da transferlərimiz oldu. Yeni oyunçuların uyğunlaşmasına, fiziki göstəricilərinin artırılmasına vaxt lazım idi. Hələ də bu prosesdən keçirik. Tam istədiyimiz heyəti ikinci dövrədən oynada biləcəyik. Düşünürəm ki, bununla öz potensialımızı tam açacağıq.

- “Kəpəz”in heyəti sizi qane edir?

- Açığı, büdcəyə görə ən yaxşısını etmişik. Sağ olsun, klub rəhbərliyi bu işdə bizə dəstək göstərib. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışmışıq. Əlbəttə, daha keyfiyyətli transferlər etmək, daha yaxşı legionerlər gətirmək istərdik. Lakin büdcəmizə uyğun mümkün olan ən yaxşı heyəti formalaşdırmışıq.

- Ötən mövsüm komandanın lideri olan bir çox oyunçu “Kəpəz”i tərk edib. Məsələn, Ahmed Ayzaya orta xətdə parlaq oyun göstərirdi və indi o, “Qəbələ”nin formasını geyinir. Bu cür bir neçə nümunə göstərmək olar. Onların gedişi nə dərəcədə təsir edib?

- Sözsüz ki, təsirsiz deyil. Ayzayanın adını çəkdiniz, mən çox istərdim ki, o, “Kəpəz”də qalsın. Onun bizimlə olması komandaya ciddi töhfə verərdi. Bəzi oyunçularımız qalsaydı, bəlkə, indi sonuncu pillədə getməzdik, daha çox xal qazanmış olardıq. Amma müasir futbolda maliyyə öz sözünü deyir. Oyunçuları da başa düşürük. Elə Ayzayaya “Qəbələ” bizdən iki dəfə çox pul təklif etdi, o da getdi.

- Komanda qurmaq istədiyiniz sistemə nə qədər uyğunlaşıb?

Tam olaraq istədiyimiz oyunu göstərə bilmirik. Bunun üçün bir az vaxt lazımdır. Hələ futbolçuların bir-birilərinə və sistemə uyğunlaşma prosesi gedir. Amma düşünürəm ki, istədiyim futbola doğru gedirik. İkinci dövrədən etibarən komanda tam istədiyim oyunu göstərəcək.

- Sonuncu yerdə olmaq daxildəki ab-havaya necə təsir göstərir?

- Sözsüz ki, təsirsiz deyil. Ancaq real yanaşmalıyıq. Bizdən öndə qərarlaşan dörd komandaya baxsaq, “Turan Tovuz” və “Sumqayıt”dan altı, “Sabah”la “Qəbələ”dən iki xal geri qalırıq. Hər qələbə üç xaldır. Ona görə də düşünürəm ki, fərq elə də böyük deyil. Artıq ikinci dövrədə ən yaxşı şəkildə oynayıb, bu fərqləri aradan qaldırmağa, əsas rəqiblərimizi geridə qoymağa çalışacağıq. Əsas məqsədimiz budur.

- Amma sizə çətinlik yarada biləcək başqa bir problem də var. Əslində, bu, bir tərəfdən, problemin həllidir, amma həm də komandanızın işini qəlizləşdirəcək. Gəncə şəhər stadionunun təmirə bağlanmasından danışıram. Qarşıdakı ev oyunlarınızı da bir növ səfərdə keçirməli olacaqsınız.

- Bu bizə çətinlik yaradacaq. Doğma şəhərimizdə oynamaq, əlbəttə, daha yaxşıdır. Stadion məsələsi qeyd etdiyiniz kimi, həm sevindiricidir, həm də bizi narahat edir. Sevinirik ki, Gəncədə yeni stadion olacaq. Əvvəl bu, bir neçə dəfə problem yaratmışdı: komanda başqa rayonlarda oynamalı olmuşdu, tribunaların vəziyyətinə görə az azarkeş buraxılırdı və s. Buna görə də arenanın yenidən qurulması lazım idi. Bu, Azərbaycan futbolu, Gəncə üçün xeyirli olacaq. Ancaq, digər tərəfdən, bizə çətinlik yaradır ki, doğma meydanımızda, azarkeşlərimizin qarşısında oynaya bilməyəcəyik. Bu, təsirsiz deyil. Amma nə etmək olar. Məcburuq ki, başqa stadionda oynayaq. Amma harada meydana çıxmağımızdan asılı olmayaraq, çalışacağıq ki, qarşımıza qoyulan məqsədin öhdəsindən gələk.

- Qarşınıza hansı məqsəd qoyulub?

- Məqsədimiz Premyer Liqada qalmaqdır.

- Klub rəhbərliyi sizə kifayət qədər dəstək olur?

- Mütəmadi olaraq İdarə Heyətinin sədri İlqar Nadiri ilə görüşürük. O, çox qayğılıdır. Hətta imkanlarından artıq çalışır ki, “Kəpəz”ə xeyir versin. Özümə olan dəstəyi də hər zaman görürəm. Buna görə İdarə Heyətinə təşəkkür edirəm. Bu dəstəyin qarşısında borcumuzdur ki, klub rəhbərliyini, “Kəpəz” azarkeşlərini sevindirək. Bunun qarşılığını verməyə qadirik. Tapşırığın öhdəsindən gələcəyik.

- Rəhbərlik dəstək olur, ancaq azarkeşlər, gəncəli veteran futbolçuların bəziləri komandadan narazıdır. Hətta bəzi oyunlarda fanatlar istefa şüarları səsləndiriblər. Bu, sizin üzərinizdə və komandanın üzərində əlavə təzyiq yaratmır ki? Azarkeşlərə bir sözünüz, müraciətiniz varmı?

- Futbol oynayanda da gəncəli azarkeşlərlə isti münasibətim olub, indi də belədir. İstefa qışqırsalar da qışqırmasalar da, onlara münasibətim dəyişmir. Yaxşı nəticə tələb etmək fanatların haqqıdır. Biz də onları sevindirməli, qələbələr qazanmalıyıq. Amma reallıq var. Hazırkı “Kəpəz” o iqtidarda deyil ki, hər oyun yaxşı oynasın, qələbə qazansın. Təbii ki, biz də istəyərik, fanatları sevindirək. Azarkeşlərimizə demək istəyirəm ki, bir az səbirli olsunlar. Hələ heç nə bitməyib, qarşıda üç dövrə var. İnşallah, onların istədiyi nəticəni qazanarıq. Hazırkı reallıqda bizim üçün əsas məqsəd Premyer Liqada qalmaqdır. Azarkeşlər əmin olsunlar ki, “Kəpəz”in I Liqaya düşməməsi üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri