Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli, 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən, bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə avqustun 24-dən etibarən ölkə üzrə monitorinqlərə start verilib.
Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Monitorinqlərdə qurumun nümayəndələri ilə yanaşı, aidiyyəti dövlət qurumlarının və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları da iştirak edir.
Bu məqsədlə artıq Bakıda və regionlarda yerləşən mehmanxanalarda hər bir hotel üzrə məsul şəxs təyin edilib və həmin şəxslərə əvvəlcədən təlimlər keçirilib.
COVID-19-la mübarizə çərçivəsində işçilərinin və qonaqların sağlamlığının qorunması məqsədilə hotellərdə monitorinq aparan şəxslər üçün də xüsusi təlimlər təşkil olunub.
Qeyd olunan qaydaların tələblərinə riayət edən mehmanxanalar Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən “SAHMAN” – sanitariya və gigiyena nişanı ilə təmin ediləcək.
Rəylər