2026-cı ilin yanvar-avqust aylarında Bakı, Naxçıvan və Gəncə hava limanları birlikdə 5.7 milyondan çox sərnişinə xidmət göstərib, 46 mindən çox uçuş həyata keçirib. Üç hava limanı üzrə ümumi sərnişin dövriyyəsi 2025-ci ilin eyni dövründəki səviyyəni qoruyub, uçuşların sayı isə 1.5% artıb.
Oxu.Az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.
Sərnişin axınının əsas hissəsi Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Belə ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı aeroportu 4.9 milyondan çox sərnişinə xidmət göstərib və 39525 uçuş həyata keçirib.
Bakı aeroportunda ən diqqətçəkən dinamika transfer sərnişinləri üzrə qeydə alınıb. Yanvar-avqust aylarında transfer sərnişinlərinin sayı 373733 nəfərə çataraq 2025-ci ilin eyni dövrü ilə müqayisədə 34% artıb.
İlin ilk səkkiz ayı üzrə ən yüksək sutkalıq sərnişin göstəricisi 15 avqust 2026-cı il tarixində qeydə alınıb. Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda 31360 sərnişinə xidmət göstərilib və 233 uçuş həyata keçirilib.
Regional hava limanlarında da artım dinamikası davam edib. Naxçıvan Beynəlxalq Hava Limanı 2026-cı ilin yanvar-avqust aylarında 574 min sərnişinə xidmət göstərib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12.7% artıb. Hava limanında eyni dövrdə 5692 uçuş həyata keçirilib və uçuşların sayı illik müqayisədə 11.7% yüksəlib.
Gəncə Beynəlxalq Hava Limanında isə 2026-cı ilin ilk səkkiz ayında 147 min sərnişinə xidmət göstərilib və 1107 uçuş həyata keçirilib. 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə sərnişinlərin sayı 4.9%, uçuşların sayı isə 2.1% artıb.
Regionda davam edən geosiyasi qeyri-müəyyənlik və hava nəqliyyatına təsir edən dəyişikliklər fonunda ümumi sərnişin axınının 2025-ci ilin eyni dövründəki səviyyəni qoruması, transfer və regional daşımalar üzrə isə artımın davam etməsi sərnişin tələbatının dayanıqlığını göstərir.
