"Hazırda xəstəxanadayam, özümü yaxşı hiss etmirəm, ağrılarım çoxdur".
Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov deyib.
"Sabah bir sıra müayinələrdən keçməliyəm. Həkimlər bundan sonra yekun nəsə deyəcəklər. Yəqin ki, bir-iki gün çəkər. Yeyirəm, gəzirəm, amma ağrılarım var. Xəstəliklərim bir deyil, iki deyil, çoxdur. Görək nə olur. İnşallah, yaxşı olar.
Bunlar düzələn şeylərdir, mən bir az incimişəm. İnsanlarımızın unutqanlığından incimişəm. Uzun illərdir sənətə xidmət edirəm, bu sənətə can qoymuşam, amma bu gün baxıram ki, nə bilim, sanki heç nə gözdə deyil. Unutqanlıq adamı daha çox incidir. Ömür boyu halal qazanmışam - çalmamışam, çapmamışam. İndi arada düşünürəm ki, gərək belə olmazdı.
Qismət Allahdandır, nə olacaqsa, olacaq. İnşallah ki, yaxşı olar", - deyə Şeyx Əbdül bildirib.
Əzizə İsmayılova
Xalq artisti Şeyx Əbdül Mahmudovun səhhətində problemlər yaranıb.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, aktyor bu gün səhər Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Xalq artisti açıqlamasında bir neçə xəstəliklə mübarizə apardığını deyib:
"Xəstəliyim qarışıq mallar mağazası kimidir, mədə-bağırsaq, göz, bronxlar və s. hamısı bir-birinə qarışıb. Hələ ki, müayinələr aparılır. Həkimlər yekun rəyi müayinələrdən sonra açıqlayacaqlar. Qocalıq xəstəlikləridir, orqanizm artıq çökür".
Xatırladaq ki, bir müddət əvvəl Şeyx Əbdül Mahmudovun səhhətində problemlər yaranmışdı. Özəl xəstəxanaların birinə yerləşdirilən aktyor əməliyyat olunmuşdu.