Rusiyanın “İrAero” aviaşirkəti iyulun 4-dən Bakı-Saratov-Bakı marşrutu üzrə uçuşlara başlayır.
Oxu.Az bu barədə aviaşirkətə istinadən məlumat verib.
Bildirilir ki, uçuşlar həftədə bir dəfə - çərşənbə axşamı günləri “Sukhoi Superjet” 100 təyyarəsi ilə həyata keçiriləcək.
“Bundan əvvəl biz cümə axşamı və şənbə günləri Saratovdan Türkiyəyə (Antalya) beynəlxalq reyslərə başlamışdıq. Hazırda Azərbaycanın paytaxtına yeni marşrut əlavə olunub. Biz Qaqarin Aeroportu ilə əməkdaşlığı genişləndirməkdən məmnunuq”, - deyə “IrAero” daşımaların təşkili xidmətinin rəhbəri Aleksandr Makin bildirib.
Bakıdan uçuş çərşənbə axşamı yerli vaxtla saat 16:55-ə, Saratov şəhərinə eniş isə 19:05-ə təyin olunub. Dönüş reysi yerli vaxtla saat 20:20, Azərbaycanın paytaxtına eniş 22:55-ə nəzərdə tutulub. Birtərəfli biletin qiyməti 15 000 rubldan (təxminən 303 manat) başlayır.
Qeyd edək ki, “İrAero” aviaşirkəti Novosibirsk, Kazan, Yekaterinburq, Samara, Sankt-Peterburq və s. şəhərlərdən Azərbaycana müntəzəm reyslər həyata keçirir.
Rəylər