Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Şəhid atası: “Mənə qismət olmayan şəhidlik zirvəsinə oğlum yüksəldi” - VİDEOREPORTAJ
İyulun 12-dən etibarən Azərbaycan - Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gedən ağır döyüşlər zamanı şəhid olan Vətənin igid övladlarından biri də İsmayıllı rayonunun Balik kənd sakini Xəyyam Daşdəmirovdur.
Baku TV-nin əməkdaşları Vətən uğrunda canını fəda edən qəhrəmanımızın doğulduğu Balik kəndindəki evinə yollanıblar.
Şəhid Xəyyam Daşdəmirov üç ay öncə hərbi xidmətə yola düşmüşdü. “Mən hərbi xidmətə yola düşəcəyəm, Vətən məni gözləyir” deyərək, sevincini ilk dəfə atası ilə bölüşmüşdü qəhrəmanımız.
Onun cəsurluğu, Vətənə olan sevgisi ailədən qaynaqlanır. Hələ Birinci Qarabağ Müharibəsi dövründə şəhidimizin atası Məhəmməd Daşdəmirov qızğın döyüşlərin iştirakçısı olub.
“Mənə şəhidlik qismət olmadı, bu zirvəyə övladım Xəyyam yüksəldi” deyir şəhid atası...
Bəli, bu gün öz qanı, canı bahasına Vətənin müdafiəsi uğurunda gedən döyüşdə qəhrəmancasına şəhid olan Xəyyam cəsurluğu ilə düşmənə meydan oxuyaraq, şəhidlik zirvəsinə yüksələn igidlərimizdəndir.
Anası onun uşaqlıqdan bəri Vətənə bağlı böyüdüyünü deyir. Məktəb illərində qazandığı uğurlar, idman sahəsində əldə etdiyi nailiyyətləri onun cəsurluğundan xəbər verirdi. Hərbi xidmətə yola düşəndə dinlədiyi “Ana, mən şəhid olacağam” müsiqisi isə şəhid anasının ürəyinə qürurlu bir xal salmışdı.
Babası Şükür kişi isə Xəyyamın şəhidlik xəbərini almazdan bir həftə öncə ona göndərdiyi pulu xərcləməyə qismət olmadığını deyir. Amma qürurlu baba “təki Vətən sağ olsun” deyərək, ağrı-acısını ürəyində yaşayır.
Hər iki nənə üçün nəvə övladdan da əzizdir. Onlar Xəyyamı körpəliyində qucaqlarında böyütmüşdülər. Hələ nənələrin arzuları da var idi. Onlar Xəyyamı ağ örpəkdə yox, bəylik geyimində görmək istəyirdilər. Ancaq yurd sevgisi “Vağzalı” sədalarını Vətənin harayına səsləyən marşlarla əvəzlədi Daşdəmirovların ocağında.
Dövlətin qayğısı isə hər zaman şəhid ailələrinin üzərindədir.
Bu gün Xəyyam Daşdəmirovlar ailəsinin deyil, bütün Azərbaycanın qəhrəman övladına çevrilib. Onun məzarına hər gün yüzlərlə inşan baş çəkir, qəbrini ehtiramla ziyarət edirlər.
Jurnalistlər də igid övladımızı, Vətən uğrunda canını qurban verən qəhrəmanımızı ziyarət etmək üçün dəfn oldunduğu Balik kənd qəbiristanlığına üz tutublar.
Torpaq uğrunda ölən varsa, Vətəndir. Şəhidlərimiz torpağın altına yox, onları sevən milyonların qəlbinə köçür. Allah bütün şəhidlərimizə rəhmət etsin...
"Ermənistan" teqi üzrə xəbərlər
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"