Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bəzi ölkələrdə COVID-19-la bağlı məhdudiyyətlər aradan qaldırıldı
Bu gündən etibarən bir sıra ölkələrdə koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq olunan məhdudlaşdırıcı tədbirlər tədricən yumşaldılmağa başlayır.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Mayın 4-dən İtaliyada bar və restoranlar yenidən fəaliyyətə başlayıb, sənaye istehsalı bərpa olunub, tikinti sahələri, parklar açılıb.
İspaniyada bəzi özəl müəssisələr, restoranlar açılıb, fərdi idman məşqlərinə izn verilib.
Belçikada müştərilərlə birbaşa əlaqə qurmayan şirkətlərin işinə icazə veriləcək.
Yunanıstanda vətəndaşların öz rayonları daxilində hərəkətinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Kitab, elektron məhsullar və idman malları mağazaları açılıb, habelə bəzi xidmət müəssisələri - bərbərxana xidmətlərinə və avtomobillərin texniki yoxlanılmasına icazə verilib. Həmçinin, kilsələr fərdi ibadət üçün açılıb.
Kiprdə turizm agentlikləri, əksər pərakəndə mağazalar işə başlayıb. Dövlət sektorunda iş bərpa edilib, vətəndaşların sərbəst hərəkətinə və ibadət yerlərinə getməsinə icazə verilib.
Polşada otellər məhdud sayda ziyarətçi qəbul etmək şərtilə işə başlayıb, altı nəfərdən çox insanın məşq etməməsi şərtilə isə stadionlar açılıb.
Bu gündən Kanadanın bəzi əyalətlərində balıq ovu, qolf və kempinqə icazə verilib, bərbərxanalar, pərakəndə satış mağazaları açılıb.
Ekvadorda məhdudiyyətlər “qırmızı” və “sarı” bölgələrdə təyinatına uyğun mərhələlərlə yumşaldılır. “Yaşıl” bölgələrdə isə insanlara tam sərbəstlik verilib.
Tunisdə dövlət qurumlarının, qida sənayesi, tikinti və xidmət sektorunun işləri qismən bərpa edilib.
Nigeriya federal paytaxt bölgəsində, həmçinin, Laqos və Oqun əyalətlərində mərhələli olaraq məhdudiyyətlərin qaldırılmasına başlanılıb.
Qazaxıstanda bərbərlik fəaliyyətinə icazə verilib, sahəsi 500 kvadratmetrə qədər olan qeyri-ərzaq mağazaları, tibb mərkəzləri, stomatoloji klinikalar, çiçək köşkləri, əmlak şirkətləri, reklam agentlikləri, hüquqşünaslar, notariuslar, mikromaliyyə təşkilatları, sığorta şirkətləri, lombardlar, mübadilə məntəqələri fəaliyyətə başlayıb.
Qeyd edək ki, mayın 4-dən etibarən Azərbaycanda da məhdudlaşdırıcı tədbirlər tədricən yumşaldılmağa başlayıb.
Rəylər