Mar
2024
13:24
13
40
1570
Virtual karabakh

Müasir Rusiya-Almaniya müharibəsi: Filmin sonu...

5 Mar, 2024
13:24
1570

Müasir Rusiya-Almaniya müharibəsi: Filmin sonu...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır...

Sanki bir casus filmi, bir Ceyms Bond macərasıdır. Ceyms Bondun yaradıcısı Fleminq bakılı Rixard Zorgeni XX əsrin ən görkəmli casusu adlandırırdı. Elə danışdığımız hekayədə də Almaniya var, Rusiya var, hərbi sirlər var, ifşa var, müharibə var. 

Ancaq hadisəyə bir az uzaqdan başlayaq. Yanvar ayının 18-ində Almaniya parlamentində Ukraynaya “Taurus” raketlərinin verilməsi ilə müxalifətin təqdim etdiyi təklif səsə qoyuldu. Ancaq təklif iqtidar koalisiyasını təşkil edən sosial demokratlar və yaşıllar tərəfindən qəbul edilmədi. 

“Taurus” (Buğa) raketləri 500 kilometrdən dəqiq hədəfə vuran, dağıdıcı güclü bir raket kimi məşhurdur. Həmin raketlərin Ukraynaya verilməsi Ukraynanın müharibə meydanında üstünlük əldə etməsi ilə nəticələnəcəkdi. 

Ötən ilin fevral ayının ilk günlərində, Stalinqrad döyüşlərinin 80 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə Rusiya Federasiyasının prezidenti Vladimir Putin çıxışında Almaniyanı ittiham edirdi - “80 il sonra yenidən alman tankları ilə üzbəüz dayanmışıq”. Putin Almaniyanın Ukraynaya verdiyi “Leopard” tanklarını nəzərdə tuturdu. Putinin nitqində bir məqam isə bugünkü hadisəni sanki nişan verirdi - “Biz tanklarımızı onların sərhədlərinə göndərmirik, ancaq onlara cavab verəcək hər cür vasitəmiz var. Söhbət təkcə silahlardan getmir”.

Putin DTK (KQB) mənşəli zabitdir. Fəaliyyətinin əsas hissəsini də bu gün Almaniya Federativ Respublikası ilə birləşən Almaniya Demokratik Respublikasında keçirib. Ona görə də onun “Söhbət təkcə silahlardan getmir” cümləsini düzgün başa düşmək lazımdır. Məşhur məsəldə də deyildiyi kimi, informasiya güc deməkdir. 

Və 1 martda Putinin nə demək istədiyi bütün çılpaqlığı ilə üzə çıxdı. Belə ki, həmin gün Alman Hərbi Hava Qüvvələrinin (Luftwaffe) komandanı Gerdhardın yüksəkrütbəli üç aviasiya zabiti ilə keçirtdiyi videokonfransın səsyazısı internetə düşdü. Alman mediası bu videokonfransın 19 fevralda keçirildiyini müəyyənləşdirdi. Almaniyanın Müdafiə nazirliyi də videokonfrans yolu ilə baş tutan görüşün keçirildiyini təsdiq etdi. 

Dövlətin ən məhrəm, ən gizli orqanlarından birinin rəhbərinin dinlənməsi Almaniya dövləti üçün dəhşətli bir nəticə, böyük bir skandaldır. Yayılan səsyazısında isə “Taurus” raketləri ilə bağlı Almaniyanın müdafiə nazirinə veriləcək olan brifinqin detalları müəyyənləşdirilir, eləcə də həmin raketlərin Ukraynaya veriləcəyi təqdirdə ortaya çıxması mümkün olan ssenarilər müzakirə olunur. Zabitlər həmin raketlərin Ukraynaya verildiyi halda alman zabitlərin üzərinə hansı vəzifələr düşüb-düşməyəcəyini götür-qoy edirlər. 

Videokonfransda Fransa və Böyük Britaniyanın Ukraynaya verdiyi “Skalp” və “Storm Shadow” raketlərinin tükənmək üzrə olduğunu və “Taurus” raketlərini göndərməyin vacibliyi də müzakirə olunur. Siyasi qərar verildiyi zaman 50 “Taurus” raketinin Ukraynaya veriləcəyindən danışılır. 


Rusiya Almaniya aviasiyanın Krım körpüsünü hədəf aldığından da bəhs edir. Ancaq danışıqlardan elə bir nəticə çıxmır. Sadəcə olaraq alman zabitlər Ukraynanın “Taurus” raketlərini hansı mövqelərə zərbə endirəcəyini müzakirə edərkən Krım körpüsündən də bəhs edir və həmin raketlərin Krım körpüsünü dağıdıb-dağıtmayacağı mübahisələndirilir. Səsyazısından da aydın göründüyü kimi, Almaniya hökuməti və hərbi aviasiyası müharibəyə birbaşa daxil olmadan Ukraynaya hərbi yardım göstərməyin yollarını axtarır. 

Bəli, Almaniyada çalışan bir KQB polkovniki hakimiyyətin ən yüksək mərtəbəsinə yüksəlir və ardınca Almaniyanın ən məxfi hərbi sirləri ifşa olunur. Həmin polkovnikin anadan olduğu şəhərin II Dünya Müharibəsində 872 gün almanların blokadasında qaldığını da unutmayaq. Belə bir sinopsis hər bir Hollivud prodüserini özünə heyran qoyar.

Filmin sonu isə hələ çox qabaqdadır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri