Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 22 iyul Milli Mətbuat Günü münasibəti ilə Quba, Qusar və Xaçmaz rayonlarında mövcud olan təsərrüfatlara media-tur təşkil edilib.
Oxu.Az xəbər verir ki, səfər zamanı qeyd olunan bölgədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə - meyvə və fındıq bağlarına, həmçinin aqroturizm və heyvandarlıq təsərrüfatlarına baxış təşkil olunub.
Baxış zamanı AKİA-nın kənd təsərrüfatı istehsalçılarına təqdim olunan əkin, məhsul, toxum, barama və heyvan subsidiyaları, eləcə də texnika və avadanlıqlar, müasir suvarma sistemləri, soyuducu anbar komplekslərinə, bundan başqa damazlıq heyvan alışına güzəştli şərtlərlə dövlət dəstəyi mexanizmləri, o cümlədən bu dəstəklərdən yararlanan nümunəvi təsərrüfatlarda qurulan infrastruktur, əldə olunan real nəticələr və həyata keçiriləcək yeni layihələr barədə ətraflı məlumat verilib.
Qusarda fəaliyyət göstərən meyvə istehsalı şirkətinin baş aqronomu Arif Qədimli bildirib ki, 356 hektar olan meyvə bağlarında tumlu və çəyirdəkli meyvə bitkiləri - alma, armud, şaftalı, nektarin, gilas - yetişdirilir:

"Hazırda yığım prosesi davam edir. Hektar başına şaftalı-nektarində məhsuldarlıq planlarımız 26-27 ton ətrafındadır. Armudda isə buillik hədəfimiz 30-35 ton ətrafındadır. Bizim yığdığımız məhsullar hamısı soyuducu anbar kompleksində saxlanılır. Sonradan isə daxili bazara və xarici bazarda satışa çıxarılır. Gördüyümüz bu işlər də, dövlətin dəstəyi də böyükdür. Hazırda yeni salınan alma bağına 11 min manat, armud bağına 8 min manat birdəfəlik subsidiya verildiyi üçün və eyni zamanda suvarma sistemlərinin xərclərinin 40%-i dövlət tərəfindən qarşılandığı üçün yeni bağlarımızı artırmaq istəyirik. 2026-2027-ci il əkin mövsümü üçün 100 hektar şaftalı-nektarin meyvə bağının salınmasını artıq planlaşdırmışıq. Bununla bağlı işlər gedir. Eyni zamanda, artan məhsuldarlığı nəzərə alaraq yeni soyuducu anbar kompleksinin də tikilməsi nəzərdə tutulub".
Meyvə istehsalı şirkətinin soyuducu anbar kompleksinin rəhbəri Nazir Qardaşov qeyd edib ki, anbarda meyvələr növlərinə uyğun çeşidlənir:

"Soyuducu anbar kompleksinin tutumu 5000 tondur. 26 kameradan ibarətdir. Beləliklə, məhsulları 12 ay müddətində hətta almanı bağdan dərilən səviyyədə, dərilən keyfiyyətdə bazara çıxardıb müştərilərin qabağına verə bilirik. Həm soyuducu anbar kompleksinin tikilməsində, həm də İtaliyanın "Unitec" maşınının, çeşidləmə maşınlarının, gilas şoklama maşınlarının alınmasında dövlətin 40%-li dəstəyindən yararlanmışıq".
Bağların baş aqronomu Şəmistan Novruzlu vurğulayıb ki, cavabdeh olduğu Şimal regionunda fındıq yetişdirilməsi ilə məşğuldurlar:

"Bağlarımız 600 hektar ərazini əhatə edir. Burada Xaçmaz və İtaliya çeşidi fındıqlar yetişdirilir. Bura əkin sxeminə görə bir-birindən fərqlənir. Müasir damlama suvarma sistemlərindən istifadə eləyirik. Biz təsərrüfat sahibi olaraq dövlət dəstəyi proqramlarından tam olaraq yararlanaraq bağlarımızda daha çox innovativ yeniliklər apararaq, yeni çeşidlər əkərək Azərbaycanda fındıqçılığın istehsalını artırırıq və məqsədimiz ondan ibarətdir ki, fındığın hektara düşən məhsuldarlığını artıraq, eyni zamanda məhsul keyfiyyətimizi qlobal bazarda daha ön planlara çıxaraq".
Yalama Aqroparkın istehsal rəhbəri Eldar Kərəmov əlavə edib ki, müəssisə üç sahə üzrə ixtisaslaşıb:

"Bunlar əkinçilikdir, yem istehsalıdır və heyvandarlıqdır. Əkinçilikdən danışsaq, biz bütün daxili məhsullarımızı öz torpaq sahələrimizdə yetişdiririk. Ondan sonra daxili zavodumuzda yem istehsalına ötürürük, daha sonra heyvandarlığa yem kimi təhvil verilir.
Heyvandarlıqda iki məhsuldan satış əldə edirik, bu, ət və süddür.
İllik məhsuldarlığı 110 ton, süd məhsuldarlığı hissə 10 min ton təşkil edir. Hazırda müəssisəmizdə 2500 baş heyvan var. Gündəlik heyvanların süd sağımı 25-26 litr olur. İnəklərimiz simmental cinsidir. 8 il öncə Avstriya, Almaniya ölkələrindən gətirilib və daxili artım edilib. Dövlət dəstəyi olaraq heyvanlara 60%, digər ferma avadanlıqlarına 40% subsidiya güzəştləri edilir. Dövlətin dəstəyi böyük ferma təsərrüfatlarının fəaliyyətlərini genişləndirməyə təşviq edir".
Aqroturizm məkanının direktoru Vüsal Şərifli vurğulayıb ki, belə superintensiv bağın ərsəyə gəlməsində dövlətin böyük dəstəyi var:

"Bura aqrar sahə və turizmin vəhdətindən yaranan bir fəaliyyət növüdür. Yəni turizmin kənd təsərrüfatında baş verən bir hissəsidir. Təsərrüfatımızda meyvəçilik, atçılıq, heyvandarlıq, balıqçılıq və s. fəaliyyətlər var. Biz də bu kənd təsərrüfatının üzərində turizm xidmətləri qurmuşuq. Burada yetişdirilən alma, armud və gilas həm daxili, həm də xarici bazarlarda satışa çıxarılır".
Qeyd edək ki, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerlərin maliyyə çıxışını daha əlçatan edən, dəstək mexanizmlərindən istifadəni asanlaşdıran, aqrar sahənin inkişafını dəstəkləyən və kənd təsərrüfatının davamlı inkişafına, fermerlərin rifahının yüksəlməsinə, bundan başqa davamlı maarifləndirilməsi istiqamətində müxtəlif fəaliyyət növlərini həyata keçirir.
Daha çox foto burada: PhotoStock.az