Dövlət büdcəsi hesabına yeni zeytun bağlarının salınması üçün 673 milyon manat vəsait ayrılıb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bildirib.
O deyib ki, son vaxtlarda istehlakçılar arasında zeytundan istifadə hallarının artması bu sahənin inkişafına yol açıb:
“İndi Xəzər rayonunun Zirə qəsəbəsində 270 hektar ərazidə yeni zeytun bağı salınıb. Abşeron yarımadasının digər yerlərində də yeni bağların salınması məqsədi ilə “Zeytun tingçiliyi müəssisəsi” yaradılıb. Bu müəssisədə ildə 450 min tingin yetişdirilməsi mümkündür. Bir hektar ərazidə 500-ə yaxın zeytunun əkilməsini nəzərə alsaq, hər 100 hektar ərazidə yeni bağların salınması üçün bir sıra işlərin aparılması zəruri hal kimi qəbul edilməlidir.
Bunun üçün də biz yeni tinglərin hazırlanmasını həyata keçirməyi planlaşdırırıq. Eyni zamanda Dübəndi, Maştağa və Hövsan qəsəbələrində fəaliyyət göstərən müştərək zeytun emalı müəssisələrinin işinə də baxış keçirmişik. Bu müəssisələrin texnoloji cəhətdən yeni qurulması üçün yeni təkliflər vermişik. Buna görə də əminik ki, bu müəssisələr tam müasir texnoloji avadanlıqlarla yenidən təchiz olunacaqlar”.