Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Pasiyentin açıq ürək əməliyyatı zamanı insult keçirməsinə həkim səhlənkarlığı səbəb olub?
"e-TƏBİB elektron sistemi üzərindən 1963-cü il təvəllüdlü Novruz İbrahim oğlu İsmayılova məxsus fərdi məlumatlar yoxlanılarkən onun 2024-cü il noyabrın 4-də Yeni Klinikanın həkim-uroloqu Ceyhun Adil oğlu Cəlilovun müayinəsində olduğu, müayinə nəticəsində ona "Hidrosel va spermatosel" diaqnozu qoyulduğu və noyabrın 6-da N.İsmayılova həkim-uroloq Ceyhun Cəlilov tərəfindən əməliyyatönü müayinələr təyin olunduğu müəyyən olunub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Yeni Klinikadan məlumat verilib.
Bildirilib ki, N.İsmayılov 2024-cü il noyabrın 11-də həkim-kardioloq Elvira Vidadi qızı Babaşovanın qəbulunda olub:
"O, noyabrın 12-də ürək-damar Mərkəzinin Kardiologiya şöbəsinə qəbul olunub, müvafiq müayinələrdən sonra onun eyni tarixli müvafiq yazılı razılıqları əsasında sol ürək boşluqların angiokardioqrafiyası icra olunub. Bundan sonra pasiyent həkim-ürək-damar cərrahı Nihad Şahsuvar oğlu Süleymanzadənin də qəbulunda olub. Müayinə nəticəsində N.İsmayılova "Ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyi" diaqnozu qoyulub, kardioloq tərəfindən müayinə zamanı yüksək kardiak risk olduğu bildirilib, müvafiq yazılı razılıqları əsasında ona tək koronar arteriyanın (aort) koronar şuntlama əməliyyatı icra olunub".
Açıqlamada bildirilib ki, xəstədə əməliyyatdan öncə və sonrakı ilk 6 saatda müvafiq müayinələr aparılıb və bütün zəruri tibbi müdaxilələr edilib:
"Hazırda xəstənin müalicəsi anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir".
Klinikadan verilən açıqlamada, həmçinin qeyd edilib ki, müraciətlə bağlı klinikanın tibbi şurasının iclası keçirilib, Novruz İsmayılovun müalicəsinin təhlili müzakirə olunub:
"Müzakirə nəticəsində bütün müayinə və müalicələrin tibbi protokola uyğun icra olunduğu, tibbi xidmətin taktiki və texniki cəhətdən düzgün yerinə yetirildiyi müəyyən edilib".
Zeynəb İsmayılova atası Novruz İsmayılovun 13 noyabr 2024-cü ildə Yeni Klinikada açıq ürək əməliyyatı olunduğunu və həkim səhlənkarlığı nəticəsində insult keçirdiyini deyir. Onun sözlərinə görə, əməliyyatdan əvvəl lazımi hazırlıqlar və yoxlanışlar düzgün aparılmayıb, nəticədə atası əməliyyat zamanı insult keçirib.
O, atasının mövcud vəziyyəti ilə bağlı problemin ictimailəşməsi və araşdırılması üçün Oxu.Az-a müraciət edib.
Z.İsmayılova bildirib ki, atasının əməliyyatını ürək-damar cərrahları Nicat Süleymanov və Nihat Süleymanzadə icra ediblər. Onun sözlərinə görə, əməliyyat zamanı olanlar nəzərə alınmayıb və atasının insult keçirdiyini bir gün sonra KT (Kompüter Tomoqrafiya) müayinəsində öyrəniblər:
"Lakin gec müdaxilə nəticəsində beynin böyük bir sahəsi insultdan zərər çəkib. Üç aya yaxındır, atam xəstəxananın reanimasiya şöbəsində yatır və vəziyyəti gündən-günə pisləşir. Həkimlər səbəbini tapa bilmirlər".
Z.İsmayılova qeyd edib ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) və Yeni Klinikaya müraciət etsə də, laqeyd yanaşılıb. O bildirib ki, atası Novruz İsmayılova göstərilən tibbi xidmətin keyfiyyətinin araşdırılması ilə bağlı müraciətinə ötən gün - yanvarın 27-də Yeni Klinikadan cavab verilib. Bildirilib ki, müraciətinə TƏBİB-də aidiyyəti üzrə baxılıb.
"Məsələ ilə əlaqədar araşdırma aparılır və nəticəsi barədə sizə əlavə məlumat veriləcək", - deyə cavabda bildirilib.
Qeyd edək ki, sözügedən şikayətlə bağlı yanvarın 25-də TƏBİB-ə sorğu versək də, bu günə qədər cavab almaq mümkün olmayıb. Eyni zamanda, ürək-damar cərrahı Nicat Süleymanovun özü ilə əlaqə saxlamağa çalışsaq da, həkim zənglərimizə cavab verməyib, yazılı müraciətimizi cavabsız qoyub.
Aləmdə Nəsib
"Həkim səhlənkarlığı" teqi üzrə xəbərlər
- Bakıda bağırsaq yuyulması üçün klinikaya gedən kişi öldü
- Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi
- Əməliyyat otağında doğum günü qeyd olunan HƏKİM işdən AZAD EDİLDİ
- Nəzrin Mansurovanın atası: "Fikrindən daşınan qızımı 35 gün əvvəlki analiz əsasında əməliyyat edib"
- Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Rəylər