Ağdaş rayonunda mal bazarının fəaliyyət göstərməməsi yerli fermer və heyvandarlıqla məşğul olan sakinlər üçün ciddi problemlər yaradıb.
Oxu.Az-a müraciət edən yerli fermerlər alqı-satqı həyata keçirəcəkləri bazarın olmaması səbəbindən məcburən digər rayonlarda təşkil olunan mal bazarlarına üz tutduqlarını deyiblər. Bu isə onların əlavə yol xərcləri çəkmələrinə, vaxt itirmələrinə və uzaq məsafədən qaynaqlanan digər maliyyə yükü ilə üzləşmələrinə səbəb olur.
Sakinlərin sözlərinə görə, heyvan satışından əldə etdikləri gəlirin əhəmiyyətli hissəsi məhz nəqliyyat və digər əlavə xərclərə sərf olunur. Nəticədə həm fermerlərin qazancı azalır, həm də onların fəaliyyətinin rentabelliyi aşağı düşür. Bəs problemin həlli üçün hansısa addımlar atılırmı? Mövcud vəziyyət nə zaman həllini tapacaq?
Sorğumuza cavab olaraq Ağdaş Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib ki, qurum tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məktub göndərilib:

"Məsələ ilə bağlı AQTA tərəfindən yaradılan komissiya əraziyə baxış keçirib, Agentliyin 2024-cü il 17 oktyabr tarixli 50 nömrəli Kollegiyasının Qərarı ilə təsdiq edilən "Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları"na uyğun olmadığı, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti Aşağı Zeynəddin kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsində qeyri-qanuni heyvan bazarının fəaliyyəti ilə bağlı agentliyə məktub ünvanlanıb. Xidmətlə razılaşdırıldıqdan sonra aidiyyəti yenidənqurma işlərinə başlanılmalıdır. Bu işlər tamamlandıqdan sonra obyekt agentlik tərəfindən qiymətləndiriləcək. Bu barədə sahibkarlar məlumatlandırılıblar".
AQTA-dan isə sorğumuza cavab olaraq qeyd edilib ki, hazırda ölkədə 13 heyvan bazarı (Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Ağsu, Masallı, Abşeron) agentliyin Kollegiyasının 50 nömrəli qərarı ilə təsdiq edilən norma və qaydalara uyğun yenidən qurularaq istifadəyə verilib:

"Bir sıra bazarlarda isə yenidənqurma işləri davam edir".
"Ağdaş rayon Aşağı Zeynəddin kəndi ərazisində yerləşən heyvan bazarının fəaliyyətinə icazə verilməsi ilə bağlı agentliyə daxil olan müraciət əsasında, heyvan bazarlarında aparılan yenidənqurma işlərinin yerində qiymətləndirilməsi məqsədilə yaradılan komissiya üzvləri tərəfindən qeyd olunan əraziyə baxış keçirilib. Qiymətləndirmə nəticəsində bazarın mövcud vəziyyətinin norma və qaydalara uyğun olmadığı üzə çıxıb. Bundan başqa, aidiyyəti dövlət qurumundan agentliyə daxil olan məktub əsasında müəyyənləşdirilib ki, sahibkar tərəfindən təqdim edilməli olan mülkiyyət hüququna dair sənəd toplusunda uyğunsuzluq mövcuddur. Bildiririk ki, torpaq sahəsinə dair mülkiyyətin sahibkarın istifadəsində olması barədə müvafiq sənədlər təqdim edildikdən və yenidənqurma işləri yerinə yetirildikdən sonra Ağdaş heyvan bazarında təkrar qiymətləndirilmə aparıla bilər. Bu barədə sahibkar da məlumatlandırılıb", - deyə qurumdan məlumat verilib.