Azərbaycanda Almaniyanın "Biologische Heilmittel Heel GmbH" əczaçılıq şirkətinə məxsus dərman vasitələrinin təchizatında problem yaranıb. Bir sıra preparatların ehtiyatları tükənmək üzrədir, onlarla dərmanın isə idxalının davam etdirilməsi sual altındadır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan əczaçılıq bazarında uzun illərdir geniş istifadə olunan və minlərlə pasiyentin müalicəsində mühüm rol oynayan Almaniyanın məşhur "Heel" əczaçılıq firmasının preparatlarının idxalında böyük böhran yaranıb.
Belə ki, son illərdə dərmanların istehsal olunduğu Almaniyada xammal, enerji və logistika xərclərinin artması məhsulların maya dəyərini əhəmiyyətli dərəcədə yüksəldib. Eyni zamanda, 2016-cı ildən etibarən, yəni son 10 il ərzində istehsalçı şirkətlər inflyasiya ilə əlaqədar qiymətlərini 30%-dən çox artırıblar.
Buna baxmayaraq, Azərbaycanda dərmanların qiymətləri hələ də 2016-cı ildə Tarif Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında tənzimlənir. Nəticədə, idxalçı şirkət həmin preparatları mövcud qiymətlərlə ölkəyə gətirərkən birbaşa maliyyə zərəri ilə üzləşir.
Qiymətlərdə və tənzimləmə mexanizmlərində operativ dəyişikliklər həyata keçirilməsə, şirkətin həmin preparatların Azərbaycan bazarı üçün təminatını davam etdirməsi iqtisadi baxımdan qeyri-mümkün olacaq.
Qeyd edək ki, sözügedən firmanın 21 dərman preparatının istehsalı 2016-cı ildə Tarif Şurası tərəfindən qiymətlər müəyyən edildikdən sonra iqtisadi baxımdan sərfəli olmadığı üçün dayandırılıb və həmin preparatlar tədricən Azərbaycan bazarından çıxmağa başlayıb. Həmin preparatların dövlət qeydiyyatı vəsiqələrinin müddəti bitib və yenidən qeydiyyatdan keçirilməyib. Altı preparatın da dövlət qeydiyyatı vəsiqələrinin müddəti başa çatıb və onlar yenidən qeydiyyatdan keçirilməyib.
Hazırda bu dərmanların apteklərdə satışı distribütorun anbarında qalan məhdud ehtiyatlar hesabına həyata keçirilir. Daha 36 preparatın isə dövlət qeydiyyatı qüvvədə olsa da, onların gələcəkdə ölkəyə gətirilməsi böyük sual altındadır.
Əldə etdiyimiz məlumata görə, məsələ ilə bağlı yerli sahibkarlar tərəfindən də Tarif Şurasına müraciət olunub.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında tibb üzrə elmlər doktoru, səhiyyə eksperti Adil Qeybulla bildirib ki, "Biologische Heilmittel Heel GmbH" əczaçılıq şirkəti homeopatik dərmanlar istehsal elədiyinə görə həmin preparatlar Ümumdünya Səhiyyə Təşkilatının ümumi dövlət reyestrinə daxil deyil:

"Homeopatik dərmanlar, ümumiyyətlə, dərman hesab edilmir. Bunu Tarif Şurasının tənzimləməsi də düzgün deyil. Onlar akademik təbabət tərəfindən əlavə vasitə kimi qəbul edilir. Hesab edirəm ki, bu dərmanlardan asılı olan xəstələr bunu özləri həll etməlidirlər. Azərbaycan dövləti, dövlətin müəyyən qrupları və kommersiya şirkətləri akademik təbabətin tanıdığı müxtəlif preparatlardan məhsuldurlar. "Biologische Heilmittel Heel GmbH" əczaçılıq şirkətinin homepatik dərmanları ölkəyə daxil olarkən tərkibi, keyfiyyət parametrləri yoxlansa da, sözügedən vasitələr müalicə prosesində kliniki protokollara daxil deyil. Konkret müalicə vasitəsi olmadığına görə də idxalın dayandırılması hər hansı problemlə nəticələnməyəcək".