"Hər hansı bir tibbi preparatın qəbulu əvvəlcədən həkimlə məsləhətləşdirilməlidir. Lakin elə dərman vasitələri var ki, onları özbaşına təyin etmək xüsusilə risklidir: seçimdə və ya dozada edilən yanlışlıq ciddi fəsadlara yol aça bilər".
Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya rusiyalı mütəxəssis Aleksey Panov məlumat verib.
Mütəxəssisin sözlərinə görə, belə preparatlara qan təzyiqini aşağı salan və ürək ritmini tənzimləyən dərmanlar aiddir:
"Hansısa vasitəni sadəcə tanışınıza kömək etdiyi üçün qəbul etmək təhlükəlidir: tonometrdəki göstəricilər eyni olsa belə, bu, iki fərqli şəxsə eyni müalicənin uyğun gəldiyi demək deyil. Yanlış seçilmiş dərman və ya artıq doza təzyiqin həddindən artıq düşməsinə, huşun itirilməsinə və ya ürək ritminin pozulmasına səbəb ola bilər. Boğazağrısı və ya qızdırma zamanı antibiotikləri də müstəqil şəkildə seçmək məsləhət görülmür. Yalnız simptomlara əsaslanaraq infeksiyanın bakteriya, yoxsa virus tərəfindən törədildiyini müəyyənləşdirmək qeyri-mümkündür. Səhv seçilmiş vasitə həm kömək etməyəcək, həm də arzuolunmaz reaksiyalar yaradacaq. Dozanın az olması və ya müalicə kursunun vaxtından əvvəl dayandırılması bakteriyaların antibiotiklərə qarşı dirəncliyinin yaranmasına gətirib çıxarır. Hormonal preparatlar, eləcə də sistemli qlükokortikosteroidlər maddələr mübadiləsi proseslərinə ciddi təsir göstərir".
Rusiyalı alimin fikrincə onların bəzilərinin uzunmüddətli istifadəsi zamanı orqanizm öz hormon istehsalını azaldır:
"Bu səbəbdən belə terapiyaya həkim təyinatı olmadan başlamaqla yanaşı, sxemi özbaşına dəyişdirmək və ya kursu qəflətən dayandırmaq da təhlükəlidir. Bəzi hallarda dozanı tədricən azaltmaq tələb olunur.
Antikoaqulyantlar və antiaqreqantlar trombların profilaktikası məqsədilə tətbiq edilir, lakin yanlış doza qanama riskini artırır. Onların təsiri digər dərmanlar və qidalarla birlikdə qəbul edildikdə dəyişə bilər. Psixotrop və qıcolmalar əleyhinə vasitələr fərdi qaydada seçilməlidir: kəskin dəyişiklik, qəbulun buraxılması və ya dayandırılması ləğvetmə sindromuna səbəb ola bilər.
Bundan əlavə, dərmanın reseptsiz satılması onun tamamilə risksiz olduğu anlamına gəlmir. Ağrıkəsicilər, qızdırmasalıcılar və antihistamin preparatlar ciddi şəkildə təlimata uyğun istifadə olunmalıdır. Əgər simptom geri qayıdırsa və ya dərmanı davamlı qəbul etmək məcburiyyəti yaranırsa, özbaşına müalicəni davam etdirmək əvəzinə mütləq həkimə müraciət etmək lazımdır".