Qan Turalı yazır...
“Apatiya” filminə qala gecəsində tamaşa etdim. Film o qədər geniş maraq və təəssürat yaratdı ki, bu barədə öz qeydlərimi oxucularla bölüşməyə qərar verdim. Hər bir halda bu və bu kimi müzakirələr kino mədəniyyətinin artmasına, kino zövqünün yüksəlişinə xidmət edir.
Əvvəlcə, filmin adından başlayaq, çünki adın düzgün anlaşılmaması da filmin uğurunu kölgələyir. “Apatiya” sözü yunan sözüdür, “a” inkar şəkilçisidir, patiya isə ehtiras, maraq, qayğı kimi də tərcümə oluna bilər. Stoizm fəlsəfəsinə görə insan əlində olmayan, nəzarət edə bilmədiyi, iradəsindən kənar olan hadisələrə tamamilə ehtirassız, laqeyd və biganə yanaşmalıdır. Onlar bunu xoşbəxtliyin açarı kimi görürdülər. Ancaq sonrakı dövrlərdə xüsusən də xristianlıq fəlsəfəsi apatiyanı günah kimi təsvir etməyə başladılar. Filmdəki məna da məhz xristianlıq kontekstində verilib. Halbuki stoizm fəlsəfəsi insan qarşısına vəzifələr qoyur və nəzarət edə bilmədiyi hadisələr qarşısında biganəlik nümayiş etdirməyi düzgün hesab edirdi.
Filmin baş qəhrəmanı isə işsiz, bütün günü Xoşqədəm Hidayətqızının və Elgiz Əkbərin verilişlərinə baxan, evdə özünə qarşı olan qınaqları biganəliklə izləyən bir obrazdır. Rejissorun filmdəki əsas uğuru filmin atmosferini tam şəkildə tamaşaçıya köçürməkdir. Biz bu filmə tamaşa etdikcə filmdə təsvir olunan ailənin aurasına keçir, onların baxışından dünyaya tamaşa edirik.
Ancaq bu aura getdikcə ürəyi sıxır, tamaşaçını boğmağa başlayır. Tamaşaçıların bu barədə narazılığı da haqlıdır. Və rejissorun eləcə də ssenaristin bu cür ağır bir sosial məkanı təsvir etməklə öz məqsədləri vardır. Belə ki, bu cür darıxdırıcı, ağır sosial və psixoloji şərait filmin dramatizmini artırır. Ancaq tamaşaçını da nəzərə almaq lazımdır.
Burada əsas problem isə yüksək dramatizm deyil. Axı bu dünyada işıq var. Biz bu işığı görməliyik. Filmin təsvirinə diqqət verək, biz filmin əksər hissəsində obrazları yaxın plandan izləyirik. Bunun estetik bir izahı ola bilməz. Rejissor da hadisələrə yaxın plandan baxır, yaxından baxır. Halbuki, hər bir halda, hər bir hadisəyə uzaq plandan baxmağı da bacarmalıyıq. “Apatiya”da isə yaxın planlar hadisəyə məhdud və dar baxışı izah edir.
Qeyd etdiyim kimi, bu dünyada işıq var. İndi sual olunur, filmin baş qəhrəmanı niyə işsizdir? Biz onu heç iş axtaran görmürük. Ailə niyə Bakıya köçüb? Buraya hansı ümidlərlə gəlib? Biz bunları bilmirik. Biz onların həyatından ancaq və ancaq kiçik bir hissəni görürük, bütövlük yoxdur. Ona görə də qeyd olunan suallara cavab tapa bilmirik.
Mediada dərc edilən cinayət xəbərlərinə fikir verin: “Ər arvadı qısqanclıq zəminində öldürüb”. Vəssalam. Medianın formatı belədir, xəbərin formatı belədir. Ancaq hadisəyə daha geniş perspektivdə baxmaq lazımdır, ərin də, arvadın da psixologiyasına, yaşayışına, dünyasına nəzər salmaq lazımdır, incəsənət bunun üçün var. Biz dar, cəmi bir neçə günə fokuslanmış pəncərədən bütün həyatı görə, dərk edə bilmərik.
Və filmin bizə diktə etdiyi ancaq və ancaq acı həqiqətlərdir. Bu həqiqətlər sanki sıx bir senzuradan keçirilir, orda müsbət heç bir şey olmur. Halbuki, incəsənət bu cür senzura ilə çalışa bilməz. Rejissorun təklif etdiyi variantda bir çıxış yolu, bir işıq görünməlidir.
Məşhur ifadədədir, deyirlər ki, faciədə bir çıxış yolu var, o da ölümdür, komediyada isə çıxış yolu yoxdur. Bu film ağır dram janrında çəkilsə belə heç bir çıxış yolu təqdim etmir. Filmdə evin uşağı kontekstində belə bir imkan var, ancaq ona da filmdə ağır mənəvi xəsarət yetirilir.
Rejissor gerçəkliyi kobud təhrif etməklə öz ideyasının tamaşaçıya daha asan yolla ötürəcəyini güman edir. Ancaq, bu incəsənətin yolu deyil. Fellininin “Kabiriyanın gecələri” kimi amansız bir filmi belə ümidlə, işıqla bitir. Sənət də elə budur.
Rəylər