Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda bir sıra kommunal xidmətlərin qiymətləri müəyyənləşdirilib
Azərbaycanda bir sıra kommunal xidmətlər üzrə qiymətlər müəyyənləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Tarif Şurası məlumat yayıb.
Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azəristiliktəchizat" ASC, SOCAR, "Azenerji" ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif (qiymət) Şurasının iclasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib.
Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə tariflər:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq, iclasda su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilirdi.
Qeyd olunmalıdır ki, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiq olunub.
Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi, borunun diametrindən asılı olaraq, 995 manat və ya 1 015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1 635 manat məbləğində müəyyən edilib.
Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.
Bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə, eyni zamanda, pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq.
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi:
Hazırda "Azəristiliktəchizat" ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir. Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 m² sahə üçün 15 qəpikdir. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Bu sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Belə ki, "Azəristiliktəchizat" ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.
Bu tarif tənzimləməsi dövlət büdcəsindən asılılığın azalmasına, istilik təchizatının əhatəsinin genişləndirilməsinə və bu şəkildə xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.
Təbii qaz tarifləri:
Tarif Şurasından, həmçinin bildirilib ki, ölkəmizdə təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu, iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb.
Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli istifadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kubmetr təbii qazın tarifi dəyişdirilməyib.
Əhali üzrə illik istehlak həcmi:
- 1 200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;
- 1 200 kubmetrdən 2 500 kubmetrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;
- 2 500 kubmetrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.
1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.
Tarif dəyisikliyindən sonra əhali abonentlərinin ortaaylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.
- 48% abonent üzrə - 32 qəpik,
- 39% abonent üzrə - 1 manat 43 qəpik,
- 13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.
Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kubmetr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.
Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1%) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kubmetr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.
Elektrik enerjisi tarifləri:
Təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq, elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirilib.
Əhali üzrə aylıq istehlak həcmi:
- 200 kVts olan hissə üçün 1 kilovat-saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;
- 200 kilovat-saatdan 300 kilovat-saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə;
- 300 kilovat-saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.
1 kilovat-saat elektrik enerjisinin orta tarifi əhali üzrə 0,7 qəpik (7,8%) artırılıb.
Tarif dəyisikliyindən sonra əhali abonentlərin ortaaylıq xərcinin aşağıdakı kimi artacağı gözlənilir:
- 65% abonent üzrə - 45 qəpik,
- 20% abonent üzrə - 1 manat 33 qəpik,
- 15% abonent (daha çox istehlak edən) üzrə - 5 manat 61 qəpik.
Göründüyü kimi, əhalinin 65%-i üçün 1 kilovat-saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə - 0,4 qəpik (5%) artırılır.
İstehlak malları indeksinə təsirin minimallaşdırılması məqsədilə sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kilovat-saat elektrik enerjisinin tarifi - 0,6 qəpik (6%) artırılaraq 10 qəpikdən 10,6 qəpik həddində müəyyənləşdirilib.
Elektrikdoldurma məntəqələrinə verilən 1 kilovat-saat elektrik enerjisinin tarifləri 1,5 qəpik (13,6%) artırılaraq 11 qəpikdən 12,5 qəpik səviyyəsində təsdiq edilib. Elektrikdoldurma məntəqələri tərəfindən göstərilən xidmətin qiyməti isə sahibkarlar tərəfindən rəqabət şəraitində sərbəst olaraq müəyyənləşdiriləcək.
Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları" bölməsində tanış olmaq olar.
Qərarlar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.
Cədvəl 1. Təbii qaz üzrə tariflərin müqayisəsi
№ | Göstəricilər | Tariflər (qəpik/m3, ƏDV ilə) | |
Əvvəlki | Yeni | ||
1. | Təbii qazın pərakəndə satışı | ||
1.1. | Əhali | ||
1.1.1. | illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün | 12,0 | 12,5 |
1.1.2. | illik istehlak həcminin 1200 - 2500 m3-dək (2500 m3 daxil) hissəsi üçün | 20,0 | 22,0 |
1.1.3. | illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün | 25,0 | 30,0 |
1.2. | Qeyri-əhali | ||
1.2.1. | çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər və "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti | 16,5 | 16,5 |
1.2.2. | sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri | 16,5 | 18,5 |
1.2.3. | metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə məqsədilə | 20,0 | 20,5 |
1.2.4. | sənaye və kənd təsərrüfatı sahələri | 22,0 | 24,0 |
1.2.5. | digər sahələr | 25,0 | 28,5 |
2. | Magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla ölkə daxilində satılan elektrik enerjisinin (bu qərarın 5-ci bəndində göstərilən istehlakçılar istisna olmaqla) istehsalı məqsədləri üçün (aylıq istehlakı 10 milyon m3-dən az olmamaq şərti ilə) | 16,5 | 18,5 |
Cədvəl 2. Elektrik enerjisi üzrə tariflərin müqayisəsi
№ | Göstəricilər | Tariflər (qəpik / kVts, ƏDV ilə) | |
Əvvəlki | Yeni | ||
1. | Elektrik enerjisinin təchizatı | ||
1.1. | Əhali | ||
1.1.1. | aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün | 8,0 | 8,4 |
1.1.2. | aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün | 9,0 | 10,0 |
1.1.3. | aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün | 13,0 | 15,0 |
1.2. | Qeyri-əhali | ||
1.2.1. | ticarət və xidmət | 11,0 | - |
1.2.2. | digərləri* | 10,0 | 12,5 |
1.2.3. | sənaye və kənd təsərrüfatı | 10,0 | 10,6 |
1.3. | Birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan alüminium sənayesi və ferrosilisium istehsalı sahəsi | ||
1.3.1. | gündüz vaxtı (saat 08.00-dan 22.00-a qədər) | 6,4 | 7,0 |
1.3.2. | gecə vaxtı (saat 22.00-dan 08.00-a qədər) | 3,1 | 3,4 |
Qeyd:* Qeyri-əhali istehlakçıları üzrə struktur bölgüsü dəyişdirilib. Əvvəl "digərləri" qrupuna "Ticarət və xidmət"dən başqa bütün istehlakçılar daxil idi, yeni qərarda isə "digərləri" qrupuna "Sənaye və kənd təsərrüfatı"ndan başqa bütün istehlakçılar aiddir.
Cədvəl 3. Su təchizatı və tullantı sularının axıdılması şəbəkələrinə qoşulma tarifləri
Əhali abonentləri üzrə:
Sıra №si | Borunun diametri, millimetr | Qoşulma xidmətinə görə ödəniş məbləği (ƏDV ilə, manat) | |
1. | Su təchizatı şəbəkəsi üzrə | ||
1.1 | D32 | Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu | 200 |
1.2 | Digər inzibati ərazi vahidləri üzrə | 170 | |
2. | Tullantı sularının axıdılması şəbəkəsi üzrə | ||
2.1 | D150 | Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu | 345 |
2.2 | Digər inzibati ərazi vahidləri üzrə | 290 |
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektləri üzrə:
Sıra №si | Borunun diametri, millimetr | Qoşulma xidmətinə görə ödənişin məbləği (ƏDV ilə, manat) |
1. | Su təchizatı şəbəkəsi üzrə | |
1.1 | D32 | 995 |
1.2 | D40 | 1015 |
2. | Tullantı sularının axıdılması şəbəkəsi üzrə | |
2.1 | D150 | 1635 |
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı mövcud və ya inşa ediləcək tikinti obyektləri üzrə:
Sıra №si | Borunun diametri, millimetr | Qoşulma xidmətinə görə ödənişin məbləği (ƏDV ilə, manat) | |||
Fiziki qoşulma üçün | Layihələndirmə işləri və fiziki qoşulma üçün | Tikinti-quraşdırma işləri və fiziki qoşulma üçün | Tikinti-quraşdırma, layihələndirmə işləri və fiziki qoşulma üçün | ||
1. | Su təchizatı şəbəkəsi üzrə | ||||
1.1 | D50 | 210 | 410 | 1255 | 1455 |
1.2 | D63 | 215 | 420 | 1300 | 1500 |
1.3 | D90 | 240 | 440 | 1425 | 1625 |
1.4 | D110 | 255 | 455 | 1530 | 1730 |
1.5 | D160 | 315 | 515 | 1895 | 2095 |
1.6 | D225 | 425 | 625 | 2535 | 2735 |
1.7 | D280 | 530 | 730 | 3190 | 3390 |
2. | Tullantı sularının axıdılması şəbəkəsi üzrə | ||||
2.1 | D200 | 245 | 505 | 2440 | 2700 |
2.2 | D300 | 295 | 555 | 2940 | 3200 |
2.3 | D400 | 350 | 610 | 3505 | 3765 |
2.4 | D500 | 525 | 780 | 5220 | 5480 |
2.5 | D600 | 680 | 940 | 6780 | 7040 |
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 26.12.2005-ci il tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.
"Kommunal xidmətlər üzrə tariflər" teqi üzrə xəbərlər
- Azərbaycanda təbii qaz tariflərinin dəyişməsi: Təsir və regional müqayisə
- İstilik təchizatı xidməti üzrə tariflər dəyişdi
- Azərbaycanda elektrik enerjisi üzrə YENİ QİYMƏTLƏR
- Təbii qaz üçün tariflər bu gündən yeni qayda ilə hesablanır
- Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə YENİ TARİFLƏR