"Asılı olan insan tez-tez yalan danışa bilər və ya məsuliyyətlərini yerinə yetirməyə bilər. Bu da ailədə etimadın itirilməsinə səbəb olur".
Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Fidan Məmmədova asılılıqlardan danışarkən deyib.

- Fidan xanım, asılılıq nədir?
- Asılılıq insanın müəyyən bir maddəyə, davranışa və ya fəaliyyətə qarşı güclü ehtiyac hiss etməsi və bunu nəzarətdə saxlaya bilməməsi vəziyyətidir. Bu zaman insan həmin maddəni qəbul etmədikdə güclü narahatlıq, gərginlik və psixoloji boşluq hiss edə bilər. Asılılıq təkcə fiziki deyil, psixoloji bağlılıq da yaradır.
Asılılıq insanın kimyəvi maddələrə (spirtli içki, siqaret) və ya davranışlara (qumar, internet, alış-veriş, cinsi davranışlar) qarşı nəzarətsiz və davamlı ehtiyac hiss etməsi, bağlılıq yaranmasıdır. Asılılıq insanın həyat keyfiyyətinə mənfi şəkildə təsir edə bilər və müxtəlif psixoloji, emosional, eyni zamanda fiziki problemlərə səbəb ola bilər.
- Asılılığın hansı növləri var?
- Asılılıqlar ümumilikdə iki əsas qrupa bölünür. Bunlar kimyəvi (maddə) asılılıqları və davranış asılılıqlarıdır. Hər iki növ insanın həyat keyfiyyətinə, psixoloji vəziyyətinə və sosial münasibətlərinə mənfi təsir göstərə bilər. Kimyəvi asılılıq insanın müəyyən maddələri qəbul etməyə qarşı güclü ehtiyac hiss etməsi və zamanla həmin maddə olmadan normal fəaliyyət göstərə bilməməsi ilə xarakterizə olunur. Spirtli içki asılılığı onun davamlı və nəzarətsiz şəkildə qəbul edilməsi ilə xarakterizə olunur. Zaman keçdikcə insan daha çox spirtli içki qəbul etməyə ehtiyac duyur və qəbul etmədikdə əsəbilik, narahatlıq və digər psixoloji problemlər yaşaya bilər. Kimyəvi maddələr beyinə təsir edərək insanın düşüncə, davranış və emosiyalarını dəyişdirir. Nikotin asılılığı siqaret və digər nikotin tərkibli məhsulların müntəzəm istifadəsi nəticəsində yaranır. Nikotin zamanla insanın ona olan ehtiyacını artırır və bu da asılılıq formalaşdırır. Qida asılılığı şəkərli, yağlı və ya yüksək kalorili qidaların nəzarətsiz şəkildə qəbul edilməsi ilə müşahidə olunur. İnsan stress, narahatlıq və ya emosional boşluq zamanı çoxlu qida qəbul edə bilər və bu da zamanla asılılıq halını ala bilər.
- Davranış asılılıqları hansılardır?
- Davranış asılılığı müəyyən bir davranışın və ya fəaliyyətin təkrar-təkrar və nəzarətsiz şəkildə həyata keçirilməsi ilə xarakterizə olunur. Bu davranışlar qısamüddətli rahatlıq versə də, uzun müddətdə insanın həyatına mənfi təsir göstərir. Qumar asılılığı pul və ya digər maddi dəyərlər uğrunda davamlı şəkildə qumar oynamaq istəyinin yaranmasıdır. İnternet və texnologiya asılılığı sosial media, video oyunlar və ya digər onlayn fəaliyyətlərə həddindən artıq vaxt ayırmaqla özünü göstərir. Bu asılılıq insanın gündəlik həyatına mənfi təsir göstərə bilər. Alış-veriş asılılığı isə ehtiyac olmadan və ya maliyyə vəziyyətini nəzərə almadan davamlı alış-veriş etmək istəyidir. Bu davranış çox vaxt emosional boşluğu doldurmaq və ya qısamüddətli xoşbəxtlik hissi əldə etmək üçün ortaya çıxır. Münasibətlərdə asılılıq insanın bir başqa şəxsə həddindən artıq bağlanması, onsuz qərar verə bilməməsi və öz emosional vəziyyətini tamamilə həmin insandan asılı hala gətirməsi ilə xarakterizə olunur. Bu vəziyyətdə insan öz ehtiyaclarını, sərhədlərini və şəxsi həyatını arxa plana keçirərək münasibəti qorumağa çalışır.
- Asılılığın əlamətləri hansılardır?
- Asılılığın əlamətlərindən biri nəzarətin itirilməsidir. İnsan istifadə etdiyi maddəni və ya davranışı azaltmaq, dayandırmaq istəsə də bunu bacarmır. Zərərli olduğunu bildiyi halda həmin maddəni istifadə etməyə və ya davranışı təkrarlamağa davam edir. Tolerantlıq yaranır, yəni eyni təsiri əldə etmək üçün zamanla daha çox maddə istifadə etməyə və ya davranışı daha çox təkrarlamağa ehtiyac duyulur. Digər əlamətlərdən biri psixoloji narahatlıqların yaranmasıdır. Maddə və ya davranışdan uzaq qalanda əsəbilik, narahatlıq, gərginlik və ya boşluq hissi yaranır. Nəticədə gündəlik həyata mənfi təsir göstərir. Asılılıq iş, təhsil, ailə münasibətləri və sosial həyatın zəifləməsinə səbəb olur. İnsan vaxtının çox hissəsini həmin maddəni əldə etməyə, istifadə etməyə və ya davranışı təkrarlamağa sərf edir. Fiziki, psixoloji və ya sosial problemlər yaransa belə, insan həmin davranışı və ya maddə istifadəsini dayandırmır.
- Asılılıqların müalicəsi necə aparılır?
- Asılılığın müalicəsi kompleks şəkildə aparılır. Yəni təkcə dərmanla deyil, həm də psixoloji və sosial dəstək vasitəsilə həyata keçirilir. Tibbi müalicədə bəzi hallarda həkim tərəfindən dərmanlar təyin olunur. Dərmanlar bədəndə yaranan çəkilmə simptomlarını azaltmağa kömək edir. Bu mərhələ adətən detoksifikasiya adlanır və maddənin bədəndən çıxarılmasını təmin edir. Psixoloji terapiya isə asılılığın müalicəsində ən vacib hissələrdən biridir. İstifadə olunan üsullardan biri koqnitiv-davranışçı terapiyasıdır. Bu terapiya insanın düşüncə tərzini dəyişməyə, zərərli davranışları tanımağa, yeni və sağlam davranışlar formalaşdırmağa kömək edir. Digər psixoloji yanaşmalar kimi motivasiyaedici müsahibə, fərdi və ya qrup terapiyası, ailə terapiyası həyata keçirilir. Sosial və reabilitasiya dəstəyi üçün reabilitasiya mərkəzləri, dəstək qrupları, sosial mühitin dəyişdirilməsi vacib şərtdir. Stresslə mübarizə bacarıqlarının öyrədilməsi, riskli mühitdən uzaq qalmaq, sağlam həyat tərzi qurmaq, mühitin dəyişdirilməsi müalicənin daha effektiv təsir göstərməsinə gətirib çıxarır.
Asılılıq xroniki bir problemdir, amma düzgün müalicə, psixoloji dəstək və sosial mühitlə insan sağalıb normal həyata qayıda bilər.
- Asılılıq insanın ailə münasibətlərinə necə təsir edir?
- Asılılıq insanın ailə münasibətlərinə ciddi mənfi təsir göstərir. Asılı olan insan tez-tez yalan danışa bilər və ya məsuliyyətlərini yerinə yetirməyə bilər. Bu da ailədə etimadın itirilməsinə səbəb olur. Asılılıq səbəbindən ailə üzvləri arasında tez-tez mübahisə, gərginlik, emosional uzaqlaşma yaranır. Asılı insan çox vaxt ailədən uzaqlaşır, bu da ailə üzvlərinin inciklik və yorğunluq səbəbilə emosional olaraq ondan uzaqlaşmasına gətirib çıxara bilər. Asılılıq həm də maddi problemlərin yaranmasına səbəb olur. Belə ki, bəzi asılılıqlar (məsələn, spirtli içki və ya narkotik) ailənin maddi vəziyyətinə zərər verə bilər. Qeyd edim ki, belə ailələrdə böyüyən uşaqlarda qorxu və narahatlıq, özünə güvənsizlik, psixoloji problemlərin yaranma riski artır. Asılılıq yalnız bir insanın problemi deyil, çox vaxt bütün ailə sisteminə təsir edən bir problemə çevrilir. Buna görə müalicə zamanı ailə dəstəyi və bəzən ailə terapiyası çox vacib olur.
- Asılılıq haqqında tövsiyələriniz nədir?
- Asılılıqdan çıxmağın ilk və ən vacib addımı insanın problemi qəbul etməsidir. İnsan asılı olduğunu qəbul etmədiyi təqdirdə dəyişiklik etmək çətin olur. Psixoloq və ya psixiatrdan peşəkar kömək almaq çox vacibdir. Belə ki, psixoloji terapiya bu prosesdə böyük rol oynayır. Ailə üzvləri, dostların və dəstək qruplarının köməyi insanın sağalma prosesini asanlaşdırır. Asılılığa səbəb olan mühitdən, insanlardan və vəziyyətlərdən uzaq qalmaq isə asılılığın yenidən yaranmasının qarşısını almağa kömək edir.
Sağlam həyat tərzi qurmaq, idmanla məşğul olmaq, sağlam qidalanmaq, yeni hobbilər tapmaq, gündəlik rejim yaratmaq insanın psixoloji vəziyyətini yaxşılaşdırır. Asılılıqdan qurtulmaq zaman və səbr tələb edən bir prosesdir. Asılılıqdan qurtulmaq mümkündür, amma bunun üçün insanın istəyi, peşəkar kömək və sosial dəstək birlikdə olmalıdır.