Akvakulturadan əldə olunan kürü məhsullarına dair illik Monitorinq Planlarının (MP) hər il mütəmadi olaraq uğurla icra edilməsi nəticəsində ölkəmizdən Avropa bazarlarına akvakulturada yetişdirilən nərəkimilərdən əldə olunan kürü məhsulunun ixrac icazəsi 2025-2026-cı illərdə də qüvvədə saxlanılır.
Oxu.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, eyni zamanda, agentlik tərəfindən balıq məhsullarının da Avropa İttifaqı (Aİ) bazarlarına çıxış imkanlarının təmin edilməsi məqsədilə MP hazırlanıb və Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğuna təqdim edilib. Beləliklə, Avropanın müvafiq qurumu tərəfindən texniki qiymətləndirmə aparılaraq Azərbaycan balığının Aİ-yə ixracı məqsədilə hazırlanan MP uyğun olduğu üçün qəbul edilib.
Qeyd edək ki, Aİ ölkələrinə heyvan mənşəli qida məhsullarının ixracına icazə verilməsi üçün ölkələrin qida təhlükəsizliyi sistemi, eləcə də bu sahədəki qanunvericilik, habelə nəzarət və tənzimləmə tədbirləri Avropa qanunvericiliyinə uyğunlaşdırılmış olmalıdır. Azərbaycan bu istiqamətdə öhdəliklərini ardıcıl olaraq yerinə yetirir və beynəlxalq tərəfdaşlarla qarşılıqlı etimad əsasında əməkdaşlığı davam etdirir.
