18:45
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən bir qrup məhkum özlərinə qarşı xüsusi imtiyaz tələb edib. Bu barədə APA-ya Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məlumat verib.
M.Sadıqov həmin məhkumların qanunvericiyə zidd olan və daxili nizam-intizam qaydalarında nəzərdə tutulmayan imtiyazlar tələb etdiklərini bildirib: “Müəssisə əməkdaşları həmin məhkumlara izah ediblər ki, tələbləri yersizdir və onları nizam-intizam qaydalarına tabe olmağa çağırıblar. Bu çağırışlara əməl etməyən üç məhkum cərimə təcridxanasına salınıb”.
M.Sadıqov müəssisədə qiyam baş verməsi, gərginlik olması barədə yayılan fikirləri əsassız adlandırıb: “Bunlar əsassız xəbərlərdir. Mətbuat bəzən xəbərləri şişirdir. Bizim əməkdaşlar məhkumların tələblərini dinləyib, onları intizamlı olmağa dəvət ediblər. Eyni zamanda Penitensiar Xidmətin xüsusi təyinatlı dəstəsi və texnikası da müəssisənin ətrafına yerləşdirilib. Lakin onların müdaxiləsinə bir ehtiyac olmayıb” .
Xidmət rəisi bu cür halların qarşısının Penitensiar Xidmət tərəfindən daim alınacağını da qeyd edib: “Biz bu cür qanunsuz hərəkətlərlə hər zaman mübarizə aparırıq və aparacağıq. Hazırda həmin məsələ ilə bağlı araşdırma gedir. Bir şeyi də bildirim ki, həmin məhkumlar kriminal aləmə meyilli məhkumlardırlar”.
www.apa.az
16:30
Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhbuslar qiyam qaldırıb.
Bu barədə AzNews.az-a eksklüziv məlumat daxil olub.
Məlumatda bildirilir ki, həbsxanada cəzaçəkən məhkumlar saxlanma şəraitlərinin yaxşılaşdırılmasını və rəhbərliyin məhkumlarla davranışlarının yumşaldılmasını tələb edirlər.
Hadisə yerində olan müxbirimizin məlumatına görə, hazırda həbsxanaya Ədliyyə Nazirliyinin iki avtobus əsgəri cəlb edilib. Bildirilir ki, hadisə yerinə ezam olunan hərbi kontingentin komandiri qiyam qaldıran məhkumlarla danışıqlar aparmaq üçün həbsxanaya daxil olub. Əsgərlər isə həbsxanadakı üsyana müdaxilə etmək üçün əmr gözləyir.
Baş verənlərlə bağlı yeni məlumatlar olduqca oxucularımıza məlumat verəcəyik.
www.aznews.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin