Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin avqust ayı üzrə tikinti indekslərini açıqlayıb.
Palatadan Oxu.az-a verilən məlumata görə, avqust ayında müşahidə edilən ümumi bahalaşma sektorun bütün sahələrinə şamil olunmayıb və birbaşa xammal səbətindəki spesifik materialların qiymət artımından qaynaqlandığını təsdiq edir:
"2025-ci ilin dekabr ayının 100 bənd kimi qəbul edildiyi baza dövrü ilə müqayisədə AQP tikinti indeksi avqustda 110.1 bəndə çataraq ümumilikdə 10.1 faizlik kumulyativ artım nümayiş etdirib. İyul ayındakı 106.9 bəndlik göstərici ilə müqayisədə isə aylıq artım 3.07 faiz təşkil edib. İndeksdəki bu dəyişiklik fonunda tikinti dəyərinin sadə indeksləşdirilməsi üzrə göstərici hər kvadratmetr üçün təxminən 850 manat səviyyəsində formalaşıb.
Aylıq sıçrayışın yeganə hərəkətverici qüvvəsi materiallar alt indeksi olub. İyulda 107.611 bənd olan bu göstərici avqustda 112.656-ya yüksələrək 4.69 faiz artıb. Müqayisəyə daxil edilən dörd əsas material pozisiyası üzrə orta aylıq qiymət əmsalı 1.046875 kimi hesablanıb. Bu artımda əsas pay karxana məhsullarının üzərinə düşüb. Belə ki, həm şebenin, həm də atsepin bir kubmetrinin qiyməti 32 manatdan 35 manat yüksələrək analoji olaraq 9.4 faiz baha təklif olunub. Səbətdə yer alan 4 metrlik və 6 metrlik taxtanın bir kubmetri isə əvvəlki kimi 380 manat səviyyəsində dəyişməz qalıb.
Materiallar bölməsindəki bahalaşmadan fərqli olaraq, işçi qüvvəsi və texnika xərclərində tam sabitlik hökm sürüb. Əmək xərcləri alt indeksi 106.2 bənd səviyyəsini qoruyub: tamet işlərinin bir kvadratmetri 8 manat olaraq qalıb, armatur və qravil işləri üzrə də qiymət artımını əsaslandıran hər hansı yeni fərq müəyyən edilməyib. Eynilə maşın-mexanizm alt indeksi də 103.8 bənddə sabitləşib. Günlük icarə tarifləri ekskavator üçün 300 manat, kran üçün 250 manat, beton pompası üçün isə 200 manat təşkil edərək dəyişməz qalıb.
Beləliklə, avqust ayında tikinti xərclərindəki artım əmək haqqı və ya mexanizmlərin istismar xərcləri ilə deyil, yalnız şeben və atsep qiymətlərinin yuxarı doğru tənzimlənməsi hesabına baş verib".