Cehiz, xalqımızın qədim adətlərindəndir. Hətta elə bölgələrimiz var ki, qız uşağı doğulan gündən valideynlər onun üçün cehiz yığmağa başlayırlar. Bu adətin yaranmasından əsrlər ötsə də, qızlarımız hələ də ər evinə cehizsiz köçmürlər. Amma illər bu adəti də dəyişdirib. Dəyişiklik adətlə yox, verilən cehizliklərlə bağlıdır. Yəni, cehizin tərkibi dəyişib.
Oxu.Az Xəzər TV-yə istinadən bildirir ki, yun çırpmaq, saysız qab-qacaq yığmaq, evi əşya ilə doldurmaq adəti unudulmaq üzrədir.
Adət hələ də qalsa da, cehiz verilən əşyalar yerlərini daha müasir olanlara verib. İndi gəlin köçən qızın cehizini paltaryuyan, qabyuyan, ət və sokçəkən kimi məişət əşyalarsız təsəvvür etmək olmur.
Müasir çarpayılar döşək sırımaq adətini də getdikcə unutdurur. Xüsusilə də şəhər yerlərində döşəyə maraq azalıb.
Əvvəllər klassik qab-qaşıq dəbdə idisə, indi rəngarəng olanları gündəmdədir. Mebelin vitrininə çoxlu qab yığmaq dəbdən düşüb.
Qarabağ, Gəncə, Qazax və Qubanın məşhur xalçalarına da maraq azalıb. İndi cehizdə rəngli kilimlər üstünlük təşkil edir.
A.M.