Rusiyanın paytaxtı Moskvada iki nəfərin ölümü ilə nəticələnmiş yol qəzası törətmiş keçmiş polis David Arakelovu bir ay yardımdır ki, cinayət məsuliyyətinə cəlb edə bilmirlər.
Oxu.Az xəbər verir ki, Rusiyanın “Sinie vederki” hərəkatı paytaxt polisinin rəhbərliyindən Moskvada dəhşətli qəzanın günahkarını məsuliyyətə cəlb etməyən istintaqın işini yoxlamağı xahiş edir.
Moskvanın Mərkəzi Muxtar Vilayətinin keçmiş polis əməkdaşı, 23 yaşlı Arakelovun iştirakı ilə baş vermiş qəzadan bazar ertəsi “Sinie vederki”nin koordinatoru Pyotr Şkumatov danışıb. “Hadisə o qədər dəhşətlidir ki, hətta David Arakelovun tanışları onun cəzalandırılmamasından şoka düşüblər” – deyə, fəal Rusiyanın “Qazeta” internet-mətbu orqanına bildirib.
Şkumatovun sözlərinə görə, onun məlumatlarını müşahidə kameralarından alınmış görüntülər də təsdiqləyir. İki nəfərin ölümü ilə nəticələnmiş qəza Moskvanın şimal-qərbində, avqustun 17-nə keçən gecə baş verib. “к430ок197” dövlət nömrə nişanlı Opel Astra avtomobili yüksək sürətlə hərəkət edərək, işıqfora yaxın dayanmış avtomobillərin sırasının sonuna çırpılıb.
Toqquşmadan sonra Arakelovun sükanı arxasında əyləşdiyi Opel Astra qarşıdakı yola çıxıb və burada VAZ-21074 markalı avtomobilə dəyib. VAZ güclü zərbədən dərhal sonra alışıb. “Jiquli”nin sərnişini təhlükəsizlik kəmərini bağlamadığı üçün ön şüşədən yola çıxıb və aldığı zədələrdən həlak olub. VAZ-ın sürücüsü avtomobildən çıxa bilməyib və diri-diri yanıb.
Hadisə yerindən çəkilmiş videoda görünür ki, “07” böyük bir məşəl kimi yanır. Qəzadan bir neçə dəqiqə sonra Svoboda küçəsinə Mercedes ML350 markalı avtomobil gəlir. Şkumatovun sözlərinə görə, Mercedes-i erməni Arakelovun yaxın dostu – 23 yaşlı Vaqif Mirzəyev idarə edirmiş. Bu arada Azərbaycan vətəndaşı hələ 2010-cu ildə sürücülük vəsiqəsindən məhrum edilibmiş və onu yalnız 2017-ci ildə geriyə ala bilərmiş.
Videodan görünür ki, Mirzəyev və Arakelov yanan “Jiquli”dən uzaqlaşırlar və bu zaman qəzanın mümkün səbəbkarı başından tutur. Bir neçə dəqiqədən sonra Mirzəyev Arakelovu Mercedes-ə əyləşdirərək, hadisə yerindən uzaqlaşdırır.
Bu arada qəza ilə bağlı cinayət işi davam edir. Şkumatovun məlumatına görə, şahidlər bildirirlər ki, qəzadan bir qədər əvvəl Arakelov, Mirzəyev və Albert Plyasunov (“Opel”in sərnişini) guya araq içib və həşiş çəkirlərmiş.
www.oxu.az