Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanlıların Gürcüstan sərgüzəştləri
Manatın devalvasiyasının cibimizə vurduğu ziyana baxmayaraq, adam bayramlarda evdə oturmaq istəmir. Və rayon sakinləri paytaxt həyatının gözəlliklərini hiss etmək üçün şəhərə atıldıqları zaman, bakılılar və yalnız onlar deyil, çoxu baha olmayan əyləncələr axtarışı üçün artıq ənənəvi olaraq qonşu Gürcüstana üz tutur.
Son illər ərzində qonşu ölkə turizmi çox uğurla inkişaf etdirir, beləliklə, məhdud maliyyə imkanlarına baxmayaraq təcrübəli səyahətçilərə belə təklif etməyə nə isə tapır.
Gürcüstanın əsas turistik şəhərlərində olduğu kimi, Tbilisidə çoxsaylı baha olmayan gözəl şəraitli, orijinal dizaynlı və dadlı yeməklərin təqdim edildiyi ailəvi otellər, restoranlar, kafe və tavernalar mövcuddur. Məhdud büdcə üzündən sahiblər bahalı dizayner təmiri etdirə bilmirlər, ona görə də əl altında olan vasitələrdən istifadə edirlər. Məkanı köhnə qab, xalça, rəngli parçalar və hətta köhnə paltarla dizayn edirlər. Nəticədə hər məkanda təkrarolunmaz atmosfer, müxtəlif üslubların qarışığı göz oxşayır.
Bundan başqa, bir çox restoranlarda öz istehsalları olan şərab, pivə satırlar, yeri gəlmişkən çox dadlı olur.
Şərabçılıq Gürcüstanda ümumiyyətlə, xüsusi sənət hesab edilir, və şərab anbarı olan sahiblər öz aralarında kimin daha çəkici reklam hazırlayacağı, kimin daha çox müştəri cəlb edəcəyi sahəsində yarışırlar.
Reklam personajı kimi hətta yoldaş Stalinin obrazından belə istifadə edilib.
Bizim kafe və restoranların sahibləri isə bu kreativliyi pis ton göstəricisi hesab edirlər deyəsən, ona görə də belə yerləri “nə qədər dəbdəbəli və baha olsa bir o qədər yaxşıdır” prinsipi ilə tərtib edirlər.
Sadə riyazi hesablama göstərir ki, Gürcüstanın paytaxtında bir həftəlik səyahət ümumilikdə iki adam üçün 40-50 manata başa gəlir – bu normal bir oteldə səhər yeməyi daxil olmaqla yaşayış qiymətidir. Bakıda mehmanxana biznesi elə də yaxşı inkişaf etməyib, orta qiymətli kateqoriyalı otel çox azdır, olanlar isə keyfiyyətcə Tbilisi otellərindən geri qalırlar.
Restoranlarda qiymətlər, hətta Tbilisinin mərkəzində belə bizdə olan qiymətlərdən iki dəfə azdır. Yolüstü restoranlardan danışdıqda isə daha ucuz və çox dadlı yeməklərin təqdim edildiyini demək lazımdır. Məsələn, dörd nəfər üçün yaxşı nahar təxminən 90 lari, yəni 45 manata başa gəlir.
Azərbaycanda bu qiymətə dörd adamın yalnız mürəbbə ilə çay içməyinin mümkün olduğunu demək lazımdırmı? Həm də hər yerdə deyil.
Tbilisidə çox böyük ərazisi olan, fildən başlayaraq pinqvinlərə qədər müxtəlif növ heyvanların olduğu zoopark yerləşir. Orada böyük serpentari də mövcuddur. Heyvanlar geniş və təmiz qəfəslərdə saxlanılır, və onlara yaxşı qulluq edildiyi görünür. Doğrudur, Paris və ya Vyana zooparkı ilə müqayisədə çox geri qalan bu zoopark, bizim zooparkdan keyfiyyətcə irəlidədir.
Gürcülərin bizdən seçilən tərəfi zəngin təxəyyül və yaradıcı yanaşmadır. Mənə elə gəlir ki, bizim imkanlara malik olsaydılar, onlar turizm biznesini mümkün olmayan yüksəkliklərə qaldırardılar.
Məsələn, İçəri Şəhərdə “Brilliant əl” filminin qəhrəmanının yıxılaraq “Lənət şeytana!” dediyi küçə kimi hazır turistik obyektimiz olsa da ondan heç cür istifadə etmirik. Amma bundan bütün keçmiş SSRİ-dən olan qonaqlar üçün turistik Məkkə yaratmaq olardı, orada məsələn, “Çikanuk” əczaxanası açaraq, yolda filmin qəhrəmanının fiqurunu qoyaraq müvafiq suvenirlər satmaq olardı. Mən əminəm ki, bir çoxları bu yerə gəlmək istərdilər, bunun üçün elə də böyük xərc tələb edilmir.
Biz eləcə də indi dəbli olan etnik turizmi də inkişaf etdirə bilərdik, bunun üçün bütün imkanlarımız var, axı 1819-cu ildə Azərbaycanda, Xanlar rayonunun administrativ mərkəzi indiki Göygöl şəhərində ilk alman koloniyası – Gelendorf yaradılıb. Azərbaycan torpağı alman köçkünləri qonaqpərvərliklə qəbul etdi, onlar burada Almaniya aqressiyası ərəfəsində Qazaxıstana deportasiya edilənə qədər ikinci vətən tapdılar. Bəziləri geri qayıtdı, amma özləri haqqında xoş xatirə buraxdılar. Ümumilikdə almanlar 1819-cu ildə Azərbaycanda səkkiz koloniya yaratdılar: Gelendorf (Göygöl), Annefeld (Şəmkir), Georqsfeld, Alekseyevka, Qrinfeld, Eygenfeld, Traubenfeld və Yelizavetinka.
Evləri və orada olan müəssisələri müvafiq üslubda tərtib edib, bu yerlərin tarixi, alman köçkünlərinin həyatı və taleyi haqqında reklam çarxları çəkib bu qəsəbələrin alman ruhunu niyə də bərpa etməyək?! Almanlar konservativdirlər, öz tarixlərinə çox həssas davranırlar və şübhəsiz ki, bizim ölkəyə məmnuniyyətlə səyahət edərdilər. Əlbəttə, bu istiqamətdə müəyyən işlər görülür, məsələn, Şəmkirdə evlərin fasadları alman üslubunda təmir edilib. Amma bu dənizdə damcıdır – mümkün olan işlərin ən az hissəsidir.
Gürcülər isə istənilən imkanı maksimum dəyərləndirirlər, istənilən tarixi obyekti turistlər üçün ziyarətgaha çevirirlər. Məsələn, Mtsxeta və ya Siqnaqi kimi şəhərlərdə, yalnız fasad və hasarların deyil, burada hər addımda rahat restorana və ya suvenir mağazasına rast gəlinən hər bir küçənin bərpası nəyə desəz dəyər. Qonşularımızdan niyə də nümunə götürməyək?
Yeri gəlmişkən bizim də müsbət tərəflərimizi qeyd etmək lazımdır.
Hər şeydən öncə, avtomobil ilə səyahət edənlərə ən mühüm olan yollar Azərbaycanda daha gözəldir. Məsələn, gürcülərin qürurla Kaxetin şossesi adlandırdıqları və Gürcüstanda turistlərin arasında məşhur olan Siqnaqi şəhərinə, daha sonra Azərbaycan sərhəddinə gedən bu yol, ilk bir neçə km-dən sonra çökəkliklərlə dolu olan kənd yoluna keçir, burada maşın sürmək heç də zövqverici deyil.
Yeri gəlmişkən yollar və avtomobillər barədə. Biz tez-tez sürücülərimizdə avtomobili idarəetmə mədəniyyətinin olmadığından şikayət edirik. Deməli belə, öz avtomobiliniz ilə Tbilisiyə bir dəfə getmək kifayətdir ki, həmvətənləriniz barədə səhv fikirdə olduğunuzu anlayasınız. Çünki gürcülər, istisna halları çıxmaq şərti ilə yol-hərəkət qaydalarına riayət etmirlər. Piyadaları “zebrada” buraxmaq lazım olduğu barədə, eləcə də arada dönmə işıqlarını yandırmaq lazım olduğu haqqında kiçik bir anlayışları yoxdur. Gürcüstanda yol polisi azsaylıdır, radarlar bizdə olduğu sayda quraşdırılmayıb, bu səbəbdən də sürət həddinin artırılması kimi qanun pozuntusu Gürcüstan yollarında adi haldır.
Bir nüans daha Tbilisinin mərkəzində - Rustavelli prospektində, istənilən metro stansiyası yaxınlığında dilənçi və qaraçı dəstələridir. Onlar özlərini çox üzlü aparırlar - əlinizdən yapışıb uzun müddət arxanızca gələ bilərlər.
Ümumiyyətlə, Bakını və Tbilisini müqayisə etmək çətindir.
Tbilisi öz atmosferi ilə bir qədər Parisi xatırladır – həmin təzə bişmiş qəhvə və isti kökə ətri, çoxsaylı kiçik kitab mağazaları, küçə rəssamları, eleqant bəzən isə ekstravaqant geyinmiş insanlar, mərkəzdə dilənçilər, köhnə yeraltı keçidlər.
Bakı isə öz şüşəli göydələnləri, mərmər keçidləri, zəngin fasadları və dəbdəbəli sahili ilə bir qədər başqa müstəvidə inkişaf edir və daha çox Dubayla assosiasiya təşkil edir.
Aliyə İsmayılzadə
www.oxu.az
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniya İkinci Dünya müharibəsindən sonra ilkə imza atdı
- Bəhruz Məhərrəmov: "Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlin üzrxahlıq etdi"
- Almaniya Prezidenti Administrasiyası Azərbaycandan üzr istədi
- Paşinyan və Ştaynmayer Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər
- Almaniyanın ölkəmizdəki səfiri XİN-ə çağırıldı, ona kəskin etiraz bildirildi