Hava şəraitinin bütün ölkə boyu kəskin pisləşməsinə, iki gündür ara verməyən güclü yağışa və dağlıq rayonlarda yağan qara baxmayaraq əhalinin elektriklə təchizatında ciddi problem yaranmayıb.
Oxu.Az xəbər verir ki, bunu virtualaz.org saytına “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
T.Mustafayev qeyd edib ki, Daşkəsəndə qar yağması nəticəsində elektrik təchizatının kəsildiyi haqda xəbərlər həqiqəti əks etdirmir.
“Güclü küləyin ağacı yüksək gərginlikli elektrik xəttinin üstünə aşırması nəticəsində Xoşbulaq kəndinə elektrik enerjisi təchizatı kəsilib. Lakin “Azərişıqs” ASC-nin qəza xidməti qırılmış xətti tezliklə bərpa edib, hazırda Daşkəsənin bütün yaşayış məntəqələrində elektrik enerjisi təchizatı normal qaydada təmin edilir” - o əlavə edib.
21:14
Daşkəsən rayonunda yağan ilin ilk qarı şəhərin bir hissəsini işıqsız qoyub.
Oxu.Az-ın Report-a istinadən məlumata görə, Azərbaycanın dağlıq rayonlardan biri olan Daşkəsənə günorta saatlarından yağan sulu qar axşam saatlarında qara çevrilib.
Hələlik avtomobil yollarında hərəkət dayanmasa da, ancaq güclü qarın nəqliyyat vasitələrinin hərəkətində problem yaradacağı istisna olunmur. Hazırda şəhərin bir hissəsində elektirik enerjisinin verilişində fasilə yaranıb.
Buna səbəb şəhəri elektrik enerjisi ilə təmin edən transformatorlardan birinin sıradan çıxmasıdır. Hazırda baş vermiş qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, hazırda Daşkəsəndə kəskin hava şəraiti davam edir və temperatur -4 dərəcədir.
S.B.
www.oxu.az