Autizm spektr pozuntusu olan yetkinlik yaşına çatmayan Aylinin (ad şərtidir) psixoloq yanında keçirilən məşğələ zamanı fiziki zorakılığa məruz qalması məsələsi araşdırılır.
Bu barədə Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
O bildirib ki, Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və Şirvan Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri tərəfindən uşağın yaşadığı ünvana səfəri həyata keçirilib:
"Səfər zamanı ailənin sosial vəziyyəti və uşağın hazırkı durumu qiymətləndirilib, valideynlə söhbət aparılıb. Hazırda faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır. Hadisənin bütün faktiki hallarının müəyyənləşdirilməsi və hüquqi qiymət verilməsi istiqamətində müvafiq tədbirlər görülür".
Xatırladaq ki, ötən gün Aktrisa Oksana Rəsulova sosial şəbəkə hesabında azyaşlıya zorakılıq göstərildiyi iddia olunan görüntülər paylaşıb.