Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bəşir Qəhrəmanzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, B.Qəhrəmanzadə istintaqa məlum olmayan şəxslərlə əlbir olub bir qrup şəklində 2017-ci il dekabrın 30-da gecə saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində Ramil Muradova silahla basqın edib. O, R.Muradovu bıçaqlayıb, dəstə üzvləri ilə birgə zərərçəkmişin cibindən 70 manat pulu və 30 manat dəyərində mobil telefonu ələ keçirib.
Bundan başqa, B.Qəhrəmanzadə 2018-ci ildə tanış olduğu İlqar Qəhrəmanovu Nəsimi rayon ərazisində yerləşən yaşayış binasının həyətinə aparıb, onun gözünə yumruqla vurub və ümumilikdə 88 manat pulunu quldurluq yolu ilə ələ keçirib.
Etibar Məmmədov