Paytaxtın Suraxanı rayonunda söküləcək obyektlərin sahibləri kompensasiya və alternativ yer tələb edir.
Oxu.Az "Real" TV-yə istinadən xəbər verir ki, rayon ərazisində aparılan söküntü işləri təkcə yaşayış evlərini deyil, qeyri-yaşayış obyektlərini də əhatə edir. Söküntü siyahısına düşən obyektlərin sahiblərinə əraziləri boşaltmaqla bağlı xəbərdarlıq edildiyi bildirilir.
Sahibkarların sözlərinə görə, onlara kompensasiya məsələsi ilə bağlı hələlik məlumat verilməyib. Onlar bildirirlər ki, söküləcək obyektlər uzun illərdir əsas gəlir mənbələridir və başqa ünvana köçmək biznesi yenidən qurmaq deməkdir.
Bəzi sahibkarlar obyektlərinin əvəzində kompensasiya, digərləri isə alternativ ərazidə yeni obyektlə təmin olunmalarını istəyirlər. Onların arasında uzun illərdir həmin ərazidə fəaliyyət göstərən, ailəsini bu işdən dolandıran şəxslər də var.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, söküntü məsələsi onların səlahiyyətlərinə aid deyil. İşlərin Nazirlər Kabinetinin müvafiq qərarı əsasında həyata keçirildiyi qeyd olunub.
Nazirlər Kabinetindən isə bildirilib ki, məsələ hazırda araşdırılır və müvafiq işlər aparılır. Yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.