Bakıda istirahət mərkəzində baş verən uçqunla bağlı cinayət işi başlanıb.
Oxu.Az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
O, həmçinin qeyd edib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Şıxov qəsəbəsində tikilməkdə olan binada baş verən uçqunda 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
17:19
Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun nəticəsində xəsarət alaraq xəstəxanalara yerləşdirilən şəxslərin adları məlum olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Tofiq Hüseynov sol bud sümüyünün yuxarı hissəsinin qəlpəli sınığı ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
1983-cü il təvəllüdlü Ayaz Orucov sağ baldırın sınığı ilə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. O, artıq ambulator müalicə üçün evə buraxılıb.
1962-ci il təvəllüdlü Əmir Mehdiyev sol bud sümüyünün sınığı ilə KTM-in reanimasiya şöbəsinə yerləşdirilib.
16:46
Bakıda binada baş verən uçqun hadisəsi nəticəsində ölən və yaralananların sayı açıqlanıb.
Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ilkin məlumata görə, hadisə yerində 6 nəfər olub. Onlardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Kliniki Tibb Mərkəzinə aparılıb, 2 nəfər isə hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, paytaxtın Səbail rayon Şıx qəsəbəsində tikilməkdə olan binada uçqun baş verib.
Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırda xilasetmə işləri davam etdirilir.
16:32
Bakı şəhərində bina uçub.
Oxu.Az xəbər verir ki, paytaxtın Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində baş verib.
Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Hazırda xilasetmə işləri davam etdirilir.
A.M.