Bakının Səbail rayonunda gecə klubları və restoranların yaratdığı səs-küy sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Tərlan Əliyarbəyov küçəsi, 22 ünvanında yaşayan sakinlər bildiriblər ki, binanın yaxınlığında və alt mərtəbəsində fəaliyyət göstərən əyləncə məkanlarında yüksəksəsli musiqi gecə saatlarından səhərədək davam edir. Bu səbəbdən onların normal istirahəti pozulur, yuxu rejiminə və gündəlik həyatlarına mənfi təsir göstərilir. Onlar dəfələrlə obyektlərin rəhbərliyinə və aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb. Sakinlər hazırda ərazidə fəaliyyət göstərən "Room", "On-Off" və digər gecə klubları və diskoteka tipli məkanların yaratdığı səs-küydən narahatdırlar.
Müraciətdə o da qeyd olunur ki, əvvəllər həmin ərazidə fəaliyyət göstərən "Location bar and grill" gecə klubunda maye qaz balonunun partlaması nəticəsində dörd nəfərin həyatını itirdiyi faciəvi hadisə baş verib.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.