Bu il oktyabrın 7-dən 10-dək Azərbaycanda keçiriləcək İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans "İtkin düşmüş şəxslər məsələsinin həllində etimadın gücləndirilməsi, effektiv mexanizmlərin və həll yollarının inkişaf etdirilməsi" mövzusuna həsr olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsi olacaq.
Qeyd edilib ki, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsində real irəliləyiş əməkdaşlıq, şəffaflıq və dəqiq məlumatların vaxtında təqdim olunması olmadan mümkün deyil. Bu baxımdan, itkin düşmüş şəxslər haqqında dolğun məlumatların, o cümlədən kütləvi və fərdi dəfn yerləri barədə mövcud məlumatların təqdim edilməsinə xüsusi diqqət yetiriləcək. Həmçinin münaqişə tərəflərinin itkin şəxslərin axtarılması, aşkarlanması və identifikasiyası istiqamətində birgə humanitar fəaliyyət imkanları müzakirə olunacaq.
Vurğulanıb ki, konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənmək deyil. Əsas məqsəd etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, eləcə də müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir.
Qeyd olunub ki, dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, ailələr və digər tərəflər bir daha Bakıda bir araya gələrək humanitar əməkdaşlığın konkret nəticələrə çevrilməsi yollarını müzakirə edəcəklər.